Üç gün əvvəl FB-də mesaj qutusuna tanımadığım bir nəfərdən məktub gəldi. Kəlbəcər rayonundan olan bir məcburi köçkün ailəsindən. Nəsibə Musayeva adlı bir xanım yazmışdı. Ailənin durumu ürəklər acısı, bir çarəsizlik. 17 ildir Göygöl rayonunda istismardan çıxmış, qəzalı anbarda yaşayırlar. Anbarın fotoşəkillərinə baxdım, it itliyi ilə girməz belə yerə. Təhqir və yalanı yox. Məktubu işləyib qəzetdə verdik, orda özünüz də baxa bilərsiniz həmin fotoşəkillərə. Dörd nəfərlik ailənin bu qorxunc yerdə nələr çəkdiyini sözlə ifadə etməyə dəyməz. Zatən, nəticə ortada. Qadın bu rütubətli və soyuq daxmada ağciyər xəstəliyinə tutulub. 15 ay müalicə olunub və səhhəti üzündən əmək qabiliyyətini itirib. 15 və 12 yaşlı iki övladı var. Sürücü işləyən ailə başçısının qazancı isə dərmanlara da çatmaz yəqin ki… Xülasə, ailə 17 ildir bu xarabada ilan-qurbağa ilə əlləşir. Ailə üzvlərini dəfələrlə əqrəb və başqa zəhərli həşəratlar çalıb. Yuxarılar da 17 ildir “qəzalı binalarda yaşayan ailələri yerləşdirəcəyik” deyib ağ yalan danışır. Qəzalı binalar isə getdikcə xəstəlik tapan insanların ömürlük həyat qəzasına çevrilir. Köçkün qadın “neçə dəfə özümü öldürmək istəmişəm, belə yaşamaqdansa ölüm yaxşıdır” yazır. Kəlbəcər işğal olunanda onlarla qadın əl-ələ verib özlərini qayadan atmışdılar – “əsir düşməkdənsə ölmək yaxşıdır” deyə. İndi də eyni şeyi Nəsibə Musayeva deyir. Burda deyir, öz ölkəsində. Haqlıdır, bu həyatın da əsirlikdən bir fərqi yox. Amma ən azı indi özünü ölməyə haqqı yox. Övladlarına və haqqının davasını aparmaq cəsarətinə görə…
Bu ölkədə insanı ən çox beyinlərə yeridilən yalanlar yandırır. Baxın, bu ailənin halına! Allah xatirinə, içinizdə azacıq mərhəmət, insaf, insanlıq yoxsa, nəyə dəyər sizin o harın və meşşan həyatınız? İlahi ədalət taxt-tacınızı bir gün yerlə-yeksan etməzmi sanırsınız? “Yurdda bu qədər yoxsulluq və köhnəlik var ikən gərəksiz olaraq kosmik lovğalanmaya qalxırlar… Üstəlik kimi istəsələr həbs edir və sapasağlam insanları psixi xəstəxanalara salırlar – hər şey onlarda, bizsə gücsüzük. Artıq dibə qədər endilər, artıq ümumi mənəvi ölüm hamımızın üzərinə çökdü və fiziki olaraq həm bizi, həm uşaqlarımızı yandırıb yaxır – amma biz əvvəlki kimi daim qorxaqca gülüb dilsiz bir şəkildə mızıldanırıq: “Biz nə edə bilərik ki? Gücsüzük…”(Aleksandr Soljenitsın “Yalansız yaşamaq”)
Soljenitsın bu əsəri keçmiş sovetlər məkanı üçün yazmışdı, əslində. Ancaq nə dəyişib ki? İndi hansı yalanın rəngi, hansı saxtakarlığın motivi, hansı qanunsuzluğun anlamı fərqlənir ki, burda yazılanlardan? Hər şey köhnə axarında gedir. Hara getdiyini bu yalanların əsirinə çevrilmiş insanlar özü də bilmir heç. Və hərdən düşünürəm ki, bizim qədər yalanın işgəncəsinə və zülmünə dözüm göstərən ikinci millət yoxdur. Uzağa getmədən, hər kəs öz həyatını pillə-pillə incələyib bir daha əmin ola bilər buna. Biz dünyaya əzab və zillət çəkmək üçün gəlmişik kimi yaşayırıq həyatımızı. Xilas yolu aramaq yerinə “biz nə edə bilərik ki? Gücsüzük…”- mızıldanırıq eləcə. “Əslində isə, biz hər şeyi edə bilərik! Amma özümüzü təsəlli etmək üçün öz-özümüzə yalan söyləyirik. Heç bir şəkildə “onlar” günahkar deyil – biz özümüz, sadəcə biz günahkarıq!… Onları yenidən seçməmək təbii olardı– amma yenidən seçim yox bizim ölkəmizdə…” Çox haqlıdır Soljenitsın. Biz özümüzü haqlı çıxarmaq üçün belə yalan uydururuq. Həyatımızı dəyişmək üçün güc qoymaq yerinə belə, yalana söykənib aradan sivişməyi üstün sayırıq. Biz yalanla yaşamağa alışmış kimi rahat və hüzurluyuq sanki. Əslində, bütün bunlar da böyük bir yalandır. İçimizi yeyən o böyük yalanı öldürmək lazım!