Ekspertlərə görə, neft gəlirlərinin azalması fonunda bank sektorunun çöküşü davam edəcək
Nemət Əliyev: «Neft gəlirlərinin azalmasının fonunda bankların çöküşünün ilkin əlamətləri hələ xeyli əvvəl görsənməyə başlamışdı»
Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artıb. Mərkəzi Bankın (AMB) III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə görə, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki, II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi.
Qeyd edək ki, III rübdə bank sektoru iki oyunçusunu, yəni “Evrobank” və “Azərbaycan Kredit Bankı”nı itirdi. AMB-nin Idarə Heyətinin müvafiq qərarı ilə adıçəkilən bankların lisenziyaları ləğv olunub.
Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl banklardır.
Xarici kapitallı bankların sayında da azalma baş verib. Belə ki, II rübün yekunlarına görə, xarici kapitallı bankların sayı 23 idisə, hazırda bu cür bankların sayı 22-yə enib. Buna səbəb, “Evrobank”ın sektoru tərk etməsidir.
III rübün yekunlarına görə, Azərbaycandakı banklar müştərilərinə 758 filialla xidmət göstərir. Halbuki, II rübün yekunlarına görə, bu göstərici 763 idi. Göründüyü kimi, 5 filial bağlanıb. Banklar bunu optimallaşdırma siyasətinin həyata keçirilməsi ilə izah edir.
Maraqlıdır ki, yerli bankların şöbələrinin sayında artım müşahidə olunur. II rübdə ölkə ərazisində 163 bank şöbəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 165-ə qalxıb.
Azərbaycanda ləğvetmə prosesində olan 7 bankın adı da açıqlanıb. Fins.az-ın məlumatına görə, bunlardan 2-nin lisenziyası bu il ləğv edilib. Onlar yuxarıda adları qeyd edilən “Azərbaycan Kredit Bankı” və “Eurobank”dır. Digər 5 bank isə əvvəlki illərdə bank sektorundan kənarlaşdırılıb. Bunlar “Atlantbank”, “Borçalıbank”, “Birlikbank”, “Debütbank” və “Royalbank”dır.
Bir neçə gün əvvəl isə maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın işçi heyətinin 25-30 faizinin yaxın zamanlarda ixtisara düşə biləcəyini söyləmişdi. Bütün bu proseslər bank sektoruna nə vəd edir? Böhranın ilk olaraq vurduğu bank sektoru bu zərbələrin altından necə çıxacaq?
Iqtiçadçı Nemət Əliyev bildirdi ki, 7 bankın bağlanması artıq ciddi siqnaldır. Bankların iflas həddində olduğunun gözlənilən olduğunu deyən N.Əliyev vurğuladı ki, neft gəlirlərinin kəskin azalmasının fonunda bankların çöküşü ilə bağlı ilkin əlamətlər görsənməyə başladı. Sonrakı mərhələdə Mərkəzi Bankın valyuta ehtiyatlarının tükənməsinin əlavə çətinliklər yaratdığını söyləyən N.Əliyev qeyd etdi ki, Mərkəzi Bankın yanlış olaraq manatı 34 faiz devalvasiyaya uğratması digər bankları da acınacaqlı duruma saldı: “Hazırda məlum olur ki, yeddi bank faktiki iflas həddinə gəlib çıxıb. Amma iflasa uğrayacaq bankların sayı yeddi deyil. Onların sayı daha çoxdur. Əgər Mərkəzi Bank bankların maliyyə durumu haqqında hesabatları açıqlayarsa, bankların imkanları orada çox aydın şəkildə görünəcək. Banklar nəyə görə iflasa uğrayır? Nəyə görə banklar iflas həddindədir? Çünki bankların kredit şəkilində verə biləcəyi valyuta manatdır. Çünki əhalinin manata ehtiyacı var. Manat şəkilində kredit vermək isə banklara sərf etmir. Onlar hökumətin valyuta siyasətinə inanmırlar, əmin deyillər ki, manatın gələcəyi sabah necə olacaq?.
Dörd-beş ayın içində ölkənin kreditləşmə səviyyəsinin 1.5 milyard azaldığını deyən N.Əliyevə görə, bu faktor bankların çöküşünü sürətləndirir. Bankların profillərinə uyğun şəkildə fəaliyyət göstərə bilmədiyini vurğulayan ekspert vurğuladı ki, əhalinin istədiyi valyutanı bank vermir, bankların təklif etdiyi xarici valyutanı isə əhali qəbul etmir: “Bütün bu vəziyyətin yaranmasına səbəb hökumətin yürütdüyü siyasətin doğurduğu acı nəticələrdir. Ölkənin bank sektorunun çöküşü ölkənin kreditləşdirilməsini acınacaqlı duruma gətirəcək. Əhalinin sosial vəziyyəti kəskin şəkildə ağırlaşacaq. Çünki əhali özlərinin istehlak tələbatlarını ödəmək üçün istehlak kreditləri götürürdülər. Bankların çökməsi dövlət büdcəsində ağır problemlər ortaya çıxaracaqdır”.
Xəyal