“Gülər” seçkisinə simvolik sözardı

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

El arasında “filankəsi Allaha tapşırmışam” deyə bir ifadə var. Müasir dildə bu, aşağıdakı bütün instansiyalardan keçərək, haqqını sübut edə bilməyəcəyinə əmin olduqdan sonra Tanrıya edilən ən yüksək “apelyasiya şikayətidir”.

Yəqin ki, çoxlarınız bir neçə ay əvvəl Yasamal rayonundakı “Senator” restoranında Insan Alverinə Qarşı Mübarizə Idarəsinin rəisi, general Şərif Əsədullayevin oğlunun əlində bıçaq ofisiantı necə vurduğunu göstərən videogörüntüləri izləmisiz. Normal qanunların işlədiyi ölkədə bu hərəkətə görə general oğluna 8-10 il həbs cəzası verilərdi. Lakin bu gəncin atası general, dayıları deputat və nüfuzlu din  xadimidir. O, şərti cəza ilə məhkəmədə sərbəst buraxıldı.

Qanı axıdılan ofisiantın hazırda nə düşündüyünü bilməsəm də, bu cür hallarda “işi” ən ali, ən ilahi instansiya olan Tanrının mühakiməsinə çıxarırlar.

Lakin o demək deyil ki, məsələ bununla bitir. Xeyr! Zərərçəkən və yaxınları gözləməklə bərabər, “ədaləti bərpa etmək üçün” yollar axtarırlar. Tam təsəvvür yaransın deyə, yazıma lətifə ilə davam edib, ardınca əsas mətləbə keçmək istəyirəm. Lətifəyə görə əvvəlcədən oxuculardan üzr istəyirəm.

Kəndin mollası başqasının arvadına aşiq olur. O, qadını varı, pulu, nüfuzu ilə təhdid edərək, get-gedə istəyinə nail olmağa başlayır. Bu əhvalat getdikcə ictimailəşməyə başlayır və qadının yeniyetmə oğlu atası ilə bu haqda danışmaq qərarına gəlir. Ata oğluna belə cavab verir: “Sən mollanın bizdən güclü olduğunu bilirsən, mənim əlimdən onu yalnız Allaha tapşırmaq gəlir. Inşallah, cəzasına çatacaq…”

Çox keçmir ki, mollanın faciəli ölüm xəbəri gəlir. Onun sübh namazı vaxtı minarədən yıxıldığı məlum olur. Ata sevinclə oğluna deyir: “Bax, görürsən oğlum, Allah səsimizi eşitdi…”

“Haqlısan ata, amma bil ki, Allah mollanı minarədən itələməyi mənə tapşırdı”, – deyə oğul cavab verir.

Əminəm ki, yazını bura qədər oxuyanlar “bütün bunların seçkiyə nə dəxli var?” deməyəcəklər.

Bəli, srağagünkü seçkilər sabiq deputat və məhbus Gülər Əhmədova ilə ABU-nun rektoru Elşad Abdullayevin mandat alverini əks etdirən videogörüntülərin davamı hesab oluna bilər.

Hakimiyyət bu dəfə də istədiyini etdi, növbəti dəfə saxtalaşdırdı. Lakin bu seçki digərlərindən fərqli idi. Ilk dəfə olaraq, rejim nə müaxlifətdən, nə vətəndaş cəmiyyətindən, ən başlıcası isə xalqdan heç bir müqavimət görmədi. Hər üç kəsim seçkidən imtina etdi.

Rejim öz tarixinin ən asan, alternativsiz seçkisini keçirdi. Xalq yuxarıda gətirdiyimiz paralellərin dili ilə desək, bu dəfə iqtidarı… Allaha tapşırdı.

Əslində, mən bu frazanı simvolik olaraq işlətdim, odur ki, ateist düşüncəli başlar sevinməyə tələsməsinlər. Yuxarıdakı “molla və minarə” məsələsi simvolikdir, ayrı-ayrı insanlardan fərqli olaraq, toplumda proseslər başqa səmtdə inkişaf edir.

Bu, avtoritar rejimlərdə yaşayan xalqların alın yazısıdır. Getdikcə sanki yox olmağa, görünməməyə çalışır və… heç kimin gözləmədiyi halda səhnəyə çıxır.

Totalitarizm nəzəriyyəsinin banisi, yəhudi əsilli alman-amerikan tarixçi-politoloqu Hanna Arendtin fikirlərilə tanış olduqca, heyrətlənməyə bilmirsən. Sanki bu qadın diktatorları dünyaya gətirir və qorxu filmlərində olduğu kimi, “istəmədən” onların qatilinə çevrilir. Ona görə istənilən diktatura, insanların lazım olmadığı bir sistemin qurulmasını başa çatdırmağa müvəffəq olduğu andan etibarən məğlubiyyətə məhkumdur. Yəni diktatura, onu tarixə qovuşduracaq tragikomik siyasi şəraiti özü hazırlayır, çapalayır və məğlub olur.

Istəsək də, istəməsək də, biz bu tarixi mərhələnin astanasındayıq. Mən başa düşürəm, ölkəmizdə bir neçə min məmur var ki, demokratik sistemdə yaşamaq onlar üçün sözün əsl mənasında fəlakətdir. Bu “bir neçə min” nəhayət anlamalıdır ki, ölkədə daha 9 milyon insan yaşayır. Daha doğrusu, yaşamaq istəyir.