Çarəsiz köçkün ana Əli Həsənovdan kömək istəyir FOTO

eli-hesenov-qac-komRedaksiyamıza Kəlbəcər rayonunda məskunlaşan bir məcburi köçkün ailəsindən məktub daxil olub. Məktubu Nəsibə Musayeva yazıb. Məktubda deyilir ki, o, köçkün düşdüyü vaxtdan ailəsi ilə Göygöl rayonunun Gəncə Radio-televiziya Yayım Filialına məxsus anbarda məskunlaşıb. Anbar qəza vəziyyətində olduğundan, istismardan çıxarılıb. Səlahiyyətli qurumlar illərdir onları başqa normal şəraiti olan bir yerlə təmin edəcəklərinə söz versələr də, heç bir nəticə yoxdur. N. Musayeva bildirir ki, problemlə bağlı yazmadığı ünvan, müraciət etmədiyi dövlət orqanı qalmayıb – Qaçqınlar komitəsi, İcra hakimiyyəti, nazirliklər. Hamısı da cavab veriblər ki, qəzalı binalarda olanları çıxarıb uyğun yerdə yerləşdirəcəklər. Ancaq bu yalan 17 ildir davam edir. Məktubdan bir parçanı olduğu kimi veririk:

“Şəraitsizlikdən ağciyər xəstəliyinə tutuldum, 15 ay müalicə olundum. O üzdən artıq işləyə də bilmirəm, sürücü işləyən yoldaşımın qəpik-quruş maaşına baxırıq. İki övladım var. Oğlumun 14, qızımın 1 yaşı var. Bir dəfə qızım Şəbnəmi, bir dəfə də özümü əqrəb vurub. Oğlumun qulağına zəhərli cücü girmişdi, uzun zaman müalicə olundu. Evdə dəfələrlə ilan, kərtənkələ öldürmüşük. Soyuqlar düşən kimi uşaqlar xəstələnir, günümüz xəstəxanalarda keçir. Dəfələrlə özümü öldürmək istəmişəm, amma övladlarım gözümün qarşısında durub, fikrimdən daşınmışam. Yenə qış gəlir, dünya gözümdə qaralıb. Redaksiyadan xahiş edirəm, bizim fəryadımızı lazımi yerlərə çatdırın. Aşağılarda səsimiz eşidilmir, bəlkə qəzetiniz yuxarılara çatdıra bildi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bizim ailənin uyğun bir yerdə yerləşdirilməsinə göstəriş verə bilər. Övladlarımın ağır xəstəliyə tutulmasından qorxuram. Heç olmasa, onlara mərhəmət etsinlər”

Ölkədə belə ailələrin sayı-hesabı yoxdur. Bizim gücümüz isə yalnız problemləri işıqlandırmağa çatır. Ümid edirik, çarəsiz ananın fəryadı səlahiyyətli orqanlara da çatar.