Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib.
“Marja” xəbər verir ki, yeni standarta əsasən ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır.
İSTƏNİLƏN AVTOMOBİL TAKSİ XİDMƏTİ ÜÇÜN YARALIDIR
5 il öncəki standartda qeyd edilən – Bakı şəhərində istismar edilən taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm.dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməlidir – tələbləri də sənəddən çıxarılmışdır.
Yeni standarta görə, tакsi minik avtomobilinin damında isə “Taksi” tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır.
AĞ, SARI VƏ YA BƏNÖVŞƏYİ
Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır. Məlumat üçün bildirək ki, əvvəlki standartda taksi-minik avtomobillərinin Bakı şəhərində bənövşəyi, Sumqayıt şəhərində ağ, Gəncə şəhərində boz, digər şəhər və rayonlarda bej, şəhərlərarası daşımalarda istifadə olunan taksi minik avtomobillərinin albalı rəngdə olmalı tələbi standartdan çıxarılmışdır.
Taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub. Taksi-minik avtomobilində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır. Yeni standarta əsasən GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil.