Rusiyanın siyasi orbitinin fəsadları

mehemmed-talibliMəhəmməd Talıblı

Rusiyanın hegemoniyasını şərtləndirən amilləri aydınlaşdırmağa çalışanda hər birimizin diqqətini əsasən 3 amil çəkir. Ərazi böyüklüyü, nüvə enerjisi və neft-qaz resursları.

Ərazi böyüklüyü: Krımın ilhaqı bir daha göstərdi ki, əlavə ərazilərin əldə olunması, həm də daha çox dövlət (xüsusuilə maliyyə) resursların xərclənməsi və çətin idarəetmə deməkdir. Bu mənada orta əsrlərdə ərazilər uğrunda ağır savaşların məzmunu və nəticələri indikindən tamam fərqlidir. Rusiya acı olan bu həqiqəti tarixdən dərs götürərək yox, başına gələndən dərs alaraq anladı. Ukraynaya münasibətdə sərgilədiyi aqressiv münasibətdən sonra dünya gücləri tərəfindən tərs şillə aldı.  Bundan öncə 2008-ci ildə analoji şilləni Gürcüstanda almışdı. Düzdür, Gürcüstanda fiziki məhvetmə və hərbi gücün doğruduğu dağıntılar oldu. Amma Rusiyanın bəzi quberniyalarından da kiçik olan Gürcüstan beynəlxalq birliyi özünün arxasında hiss etdi. Rusiyanın zorakı mahiyyəti daha çox ictimailəşdi. 2014-cü ildə isə Ukraynaya müharibə elan etmiş Rusiyaya dünya birliyinin sərt sanksiyalarından sonra iqtisadiyyatda ciddi geriləmələr oldu. Neft gəlirlərinin akkumlyasiya olunduğu fondun rezervləri xərcləndi, ÜDM-də azalmalar oldu, xarici ticarət dövriyyəsi əhəmiyyətli sürətdə azaldı, daxildə sosial gərginlik artdı və s. Demək, ərazilərin böyüdülməsi strategiyası ilə daha çox istismarçı davranış Rusiyanı böyüdüb və gücləndirməyib, əksinə siyasi dalana dirəyib.

Nüvə enerjisi: Dünyanın super güclərinin təkbaşına ağalıq iddiasına cavab vermək üçün bu amildən istifadə edib və edir. Nüvə başlıqlarının sayına görə Rusiya (14 min) hətta ABŞ-ı (10,5 min) keçərək bunu təhdid aləti olaraq əlində saxlayır və regionu da özünün təsir dairəsindən çıxmağına imkan vermir.

Neft-qaz resursları: Enerji resurslarının dünyadakı qiymətlərinin yüksək olmasından istifadə edərək hasilat həcmini artırıb daha çox vəsait qazanan Rusiya rezerv fondda yığılmış aktivlərdən sürətlə istifadə etmək hesabına həm iri investisiya xərclərini artırdı, həm də idarəetmə aparatını şişirtdi. Güclü görünmək üçün böyük populist layihələri maliyyələşdirdi və ölkəni islahatlarsız gücləndirmək kursunu seçdi. Nəticəsi ortada. Cəmi bir illik sanksiyanın orta səviyyəli təsirindən sonra ölkənin neft pullarının yığıldığı fond sürətlə boşalır və iqtisadiyyat depressiya (böhran deyil hələ) vəziyyətinə düşüb. Hətta Rusiya Hesablama Palatasının rəhbəri də etiraf edib ki, belə getsə, fondun aktivləri 2 ilə tamamilə boşalacaq. Rusiya çalışacaq ki, o vaxta qədər xarici borclamanın həcmini artırsın, investisiya xərcərini azaltsın, sosial öhdəliklərini optimallaşdırsın. Ona görə dünyanın güclü maliyyə qurumları (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digərləri) Rusiyaya kredit tranşlarının verməsində maraqlı olmamalıdır.

Hər 3 istiqamət üzrə kiçicik təhlil göstərir ki, əvvəlki 2 istiqamət siyasi məzmunlu olmasına baxmayaraq, sonuncu olan iqtisadi faktor onları daha çox əhəmiyyətsizləşdirdi. Demək, Rusiya ən böyük zərbəsini məhz daha çox güclü hesab etdiyi yerdən aldı. Bu da XXI əsrin dərsi idi. Demək, güclü görünüb, yıxılmamaq ehtimalı bəzən az olanda daha şiddətli məğlubiyyət, gücsüz kimi görünən və yıxılmaq ehtimalın yüksək olanda isə qalibiyyət səninlə ola bilir. Yəni, yıxılmağa daha çox yaxın kimi göründüyün an bəlkə də sənin qələbəyə daha yaxın olduğun andır. Bu baxımdan  Rusiyanın amorf birliklərində formal təmsilçilikdənsə, real məzmunlu inteqrasiya vəd edən bloklarda fəaliyyəti genişləndirmək daha doğru yoldur. Rusiyanın “tək qazanmaq və heç nə verməmək” prinsipi bizim problemlərə kölgə salası deyil. Necədə ki, indiyə qədər də onu bu prinsiplə davranan görmüşük. O zaman nədən nə əməli, nə hüquqi baxımından Azərbaycanın işğal olunmuş ərazilərinə tanıtım dəstəyini görmədiyimiz Rusiyanı Avropaya dəyişməliyik?

Qarabağ probleminə münasibət: Avropa və Rusiya

Rusiya ATƏT-in 3 həmsədr ölkələrindən biri idi. Bu formatda 20 illik nəticəsiz fəaliyyətdən sonra danışıqlar dayandırıldı. Rusiya bu ərəfədə nəinki Azərbaycanın haqlı mövqeyini tanıdı, əksinə özünü tərəf kimi apararaq Ermənistanı dəstəkləyəcək hərbi yardımlar etdi. Üç milyard dollarlıq silah satdı. Qarabağı bir zona hərbiləşdirdi. Münaqişəni konservləşdirərək status-kvonu saxladı. Ermənistanın “oksigenlə” təmin olunması üçün nə lazım idisə, onu da etdi. Azərbaycanın haqlı tərəf olduğunu və itirilmiş torpaqları pisləyəcək  bircə qətnamə qəbul etmədi.

Avropa Parlamenti isə Qarabağı Azərbaycan torpaqları olduğunu və həmin təcavüzkar aktı pisləyəcək qətnamə qəbul edib. İndi necə olur ki, səni haqlı bilən və hüquqlarına hörmət qoyan bir siyasi və iqtisadi məkan (Avropa) pis, amma sənin itkilərini və haqq davanı tanımayan kriminal bir sistem (Rusiya) yaxşı dövlət olur? Bu məntiqin adın nə qoyaq? Dərd orasıdır ki, bu seçim meyarının kökündə nə praqmatik maraqlar durur,  nə də ideoloji baxışlar.

Transatlantizm perspektivi və dünyanın axınına qarşı üzmək cəsarəti

İnkişaf xəttinə malik olan Avropa və Qərb ilə münasibətlərinin təkcə bu günkü münasibətlər kontekstindən dəyərləndirmək də doğru olmazdı. Çünki, inkişaf trayektoriyası daha keyfiyyətcə daha “əyri xətləri” özündə birləşdirəcək konfiqurasiyalar formalaşdırmaqdadır. Artıq ayrı-ayrılıqda güc mərkəzləri kimi genişlənən Qərb və Avropanın mövqelərinin yaxınlaşması və konsensuslarının tapılması istiqamətində ciddi anonslar ortada. Qlobal səviyyədə iqtisadi dominantlığa nail olunması üçün Avropa İttifaqı və ABŞ arasında çox da uzaq müddətdə olmayacaq müqavilə izmalanması baş tutacaq. Qərb təmsilçiləri kimi – ABŞ və Britaniya, Aİ təmsilçiləri kimi isə – Almaniya, Fransa və İtalya kimi dünya nəhəngləri bir araya gələcəklər. Bu beş ölkənin ÜDM-i 29 trilyon dollardır. Təkcə bir faktın özü yaranacaq bu birliyin özündə hansı iqtisadi vulkan potensialını daşımasını sübut edir.

Transatlantizm birliyindən sonra daha bir birlik formatı da yekunlaşmaq üzrədir. Yəni, ABŞ paralel olaraq yeni iqtisadi blokun təşəbbüskarı kimi Sakit Okean Tərəfdaşlığını yaradıb. On bir ölkənin birgə səyi ilə azad ticarət zona formalaşdırmaqla əlverişli iqtisadi şərtləri özündə ehtiva edən iqtisadi təşəbbüs 5 il idi ki, davam edirdi. Ciddi mənbələr (“Bloomberg”) hesab edir ki, bu nəhəng birlik forması ABŞ-ın son 20 ildə nail olacağı ən iri ticarət razılaşması hesab oluna bilər.

İnanıram ki, antiavropa və antiqərb ritorikası ilə sərgilədiyimiz mövqe bizi addım-addım inkişafdan saxlayır. “Bizi tərifləmədilər” və ya “Etdiklərimizə göz yummadılar” düşüncəsinin təsir altında acıq revaransları ilə əksə qütbə (Rusiyaya) pənah gətirmək sırf affekt halıdır. Emosiya dalğasında qərar verdiyimiz nifrətin yaratdığı uğursuzluğun bədəlini sonradan daha ağır hesablarla ödəməli olacağıq. Qloballaşan dünyanın axında qazandırdığı üstünlükləri bir kənara qoyub antiqlobalist tendensiyada zəif bənd olaraq itirmək təhlükəsinin adı hər halda praqmatizm deyil. Bunu şüurlu və heç bir emosiyasız dəyərləndirməliyik. Yalnız gəldi-gedər hökumətlər üçün “faydalı olan ədalətlidir” prinsipində millətin sevgisini qazanmaq mümkünsüzdür. Əslində millət maraqları gələndə “qoy, bu millətə yaxşı olsun, bizə yaxşı olmasa da olar” geniş ürəkli düşüncə beyinlərə hakim kəsiləndə millətdən gələn dəstək və sevgi olacaq.

Rusiya niyə qorxunc gücdür? 

Rusiya Suriyaya hərbi müdaxilə hesabına diktator (qanqster) Bəşir Əsədi dəstəkləməsi üçün Xəzərdən bir tramplin olaraq istifadə etdi. Bu və digər oxşar hərbi müdaxilələrə təhkim olunmuş Rusiya bir tərəfdən özünün regionda hərbi gücünü nümayiş etdirir, digər tərəfdən isə dövlət büdcəsinin militarist yönümə daha sürətlə yaxınlaşmasını sürətləndirmiş olur. Xəzər dənizindən isə hərbi təyinatlarda istifadə vasitəsi həm də Xəzəryanı ölkələri hərbi qaşıdurmanın infrastrukturuna çevirmək planın da olmasından xəbər verir. Neft gəlirləri azalan bir ölkə silah satışına həm də tələbin artması məqsədilə separat ocaqları və müharibə şəraitləri yetişdirməlidir. Bu Rusiyanın ÜDM “piroqunun” əsas və böyük kəsiyidir. Onun kəsiyin isə böyük olması bizim itirilmiş torpaqların geri qaytarılması üçün bizim kimi ölkələrin daha çox Rusiyadan silah almağımızdan asılıdır.

Dünyanın inkişaf etmiş ölkələri “qurdla quzunun bir otlaqda otlamaq” modelini düşünüb tapır, Rusiya kimi hegomoniyalar isə mənasız konfrantasiyalarda resurs xərcləyir. Sivil dünya  güclərin konsesunsunu tapır, Rusiya yeni separat ocaqlar yaradır. Ona görə də biz Rusiya cinahında yox, dünyanın getdiyi mütərəqqi platformada özümüzün mövqeyimizi və obrazımızı yaratmalıyıq. Dünyanın mütərəqqi birliklərində yer almaq əvəzinə biz həmin birliklərin orbitindən addım-addım uzaqlaşmaqla özümüzü kilometr məsafəsi və sürətlə izolyasiyaya aparırıq. Avropa və ABŞ siyasi xəttindən uzaqlaşaraq, Rusiyanın siyasi orbitinə  yaxınlaşmaq perspektivsiz konsepsiyadır. Bu konsepsiyada yer almaq həm də müstəqilliyimizi məhdudlaşdıran və onu təhdid edən tələdir. Həmin tələdən uzaqlaşmaq üçün çoxvektorlu xarici siyasət yeritmək azdır, yeri gələndə nəzakətlə həmin layihələrdə iştiraka qəti etiraz etməyi bacarmaqdır.  Məşhur filosof Sokrat deyirdi ki, müstəqillik ən çox “yox” demək bacarığı üzərində qurulub.