merkezibank

Azərbaycan Mərkəzi Bankı xaricdəki aktivlərini satır

merkezibankAzərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sentyabr ayı ərzində 530,8 mln. ABŞ dolları həcmində qiymətli kağızlarını sataraq, əldə etdiyi vəsaiti nağd valyuta və depozitlərə çevirib.

“Report”un AMB-yə istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə 2 984,1 mln. dollar həcmində olan qiymətli kağızlar portfeli oktyabrın 1-nə 530,8 mln. dollar və ya 17,8% azalaraq 2 453,3 mln. dollara enib. Bu müddət ərzində nağd xarici valyuta və depozitləri 404,8 mln. dollar və ya 17,2% artaraq 2 751,2 mln. dollara yüksəlib.

Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlər ilin əvvəlindən 5 500,6 mln. dollar və ya 69,2%, 2014-cü ilin anoloji dövrü ilə müqayisədə isə 6 461,4 mln. dollar və ya 72,5% azalıb.

Cəmi valyuta və depozitlərdə olan aktivlər isə ilin əvvəli ilə müqayisədə 580,8 mln. dollar və ya 17,4% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə azalma 1 685,1 mln. dollar və ya 38% olub.

Qeyd edək ki, avqust ayında rəsmi ehtiyat aktivlərində 956 mln. dollarlıq azalmadan sonra sentyabr ayında azalma səngiyib və 129 mln. dollar təşkil edib.