Əbülfəs Qarayevdən prezidentə nümunə

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Təxminən səkkiz ay əvvəl “Əbülfəs Qarayevin ürəyi” adlı köşə yazımda naziri məşhur sovet rejissoru Eldar Ryazanovun “Fleyta üçün unudulmuş musiqi” filminin qəhrəmanı Leonid Filimonovla müqayisə etmişdim.

SSRI-nin və Kommunist partiyasının süqutu ərəfəsində lazımsız ideoloji sahədə çalışan ali təhsilli fleytaçı Filimonov dəfələrlə müdirin üzünə ağ olmaq istəyir, hər dəfə ona “biz axmaq-axmaq işlərlə məşğul oluruq, ay qoca!” deməkdən özünü güclə saxlayır. Lakin vəziyyət qəfildən dəyişir və Filimonovu mənəvi cəhətdən köhnəlmiş Baş Idarəyə müdir təyin edirlər. Leonid əvvəlki müdirdən də artıq canfəşanlıq etsə də, anlayır ki, ömrünün ən gözəl illərini boş yerə sərf edib, dahi fleytaçı olmaq şansını qaçırıb. O, şəxsi həyatında da xoşbəxt deyil, çünki sevib-sevilməyib. Yüksək çinli məmur qızına “aşiq” olmasını da yanlış addım hesab edir.

Və bir gün mənasız bir iclasda, mənasız bir mövzuda danışarkən ürəyi dayanır. Sonrakı hadisələr… o biri dünyada davam edir. Haqq dünyasına qovuşmazdan əvvəl qurulan məhkəmədə onu ittiham edən isə illər öncə vəfat etmiş ata-anası olur. Deyirlər, “karyera səni elə dəyişdi ki, burax adi günləri, ad günlərimizdə belə, məzarımıza baş çəkmədin”.

Turizm elə bir şeydir ki, onun inkişafından nə qədər danışırsan danış, ölkəyə turist gəlmirsə, deməli, boş şeydir. Təsadüfi deyil ki, bütün yay boyu şəhərdə avtobuslar, reklam lövhələri “Gürcüstanda yay” sloqanına büründü. Insanlar, daha doğrusu, aşağı və nisbətən orta təbəqə yayda qonşu Gürcüstana axışır.

Yaxud da götürək mədəniyyəti və incəsənəti. Sizi inandırıram ki, el şənlikləri və ayrı-ayrı imkanlı adamların müxtəlif məqsədlərlə sənət adamlarına sponsorluğu olmasa, onlar səfalət içində yaşayar.

Mən o vaxt Əbülfəs Qarayevin belə bir təhlükə ilə qarşılaşacağını istisna etmişdim. Səbəblərdən biri kimi, xüsusi istedadının olmamasını gətirmişdim. Lap onu kənd təsərrüfatı naziri qoy, bu işdən zövq aldığını söyləyəcək və inkişafdan danışacaq.

Nə isə, keçək əsas məsələyə.

Əbülfəs Qarayev bugünlərdə onu mədh edən şeir yazdığına görə tabeliyindəki şöbə müdirinə töhmət verdi. Düzü, bu xəbəri eşidəndə xeyli təəccübləndim. Lakin şeiri oxuyanda hər şey mənə aydın oldu.

Əlbəttə, Əbülfəs Qarayev də digər məmurlar kimi tərifi sevir. Hətta məlum şeirdən əvvəl mətbuatda özü haqda analoqu olmayan bir tərif də söyləmişdi: “Mən həyatım boyu insanlara o qədər yaxşılıq etmişəm ki, innən sonra nə qədər pislik eləsəm, Allah günahımdan keçər”.

Fikrimcə, şöbə müdiri Vaqif Bəhmənlinin çiyninə ilham pərisi də elə bundan sonra qonub. Lakin tərifin dozası o qədər yüksək olub ki, nazir şeiri oxuyarkən dəhşətə gəlib.

Mən ədəbiyyatşünas deyiləm, şeirin yalnız məzmununa baxdım və töhmətin hansı səbəbdən verilməsi mənə məlum oldu.

Bu şeirdəki “Bəlkə sənə görə açılır səhər” misrası Bakı meri Hacıbala Abutalıbovun məşhur “Azərbaycanda bir dənə kişi var, o da cənab prezidentdir!” frazasını sözün əsl mənasında kölgədə qoyur.

Və yaxud, götürək elə “bülbültək ötürsən, beş-altı dildə” və “qalaça tikirsən daş qalağından” misrasını…

Fikrimcə, Əbülfəs müəllim töhmət əvəzinə şeirdəki şişirtmələrə düzəliş verməli idi. Deməliydi ki, mən prezidentdən çox dil bilmirəm, tikdirdiyim də Eldar Mahmudovunku kimi qalaça deyil, xudmani, üçmərtəbəli bir nazir villasıdır və s.

Istənilən halda, nazirin bu addımını, başda prezident olmaqla, digər nazirlərə nümunə hesab etmək olar.

Yazını Hacıbala Abutalıbov, yaxud Gədəbəy aşıqları ilə də bitirmək olardı. Gəlin özümüzü aldatmayaq, vəziyyət doğrudan da ağırdır.

Ölkəyə bu gün hacıbala abutalıbovlar, vaqif bəhmənlilər yox, Mübariz Ibrahimov, Fərid Əhmədov kimi oğullar lazımdır.