Avropalı komissar hakimiyyətə beynəlxalq təcriddən çıxış yolunu göstərdi

nils mujnieksNils Mujnieks: “Azərbaycan hakimiyyətinin yeganə şansı demokatik dəyərlərə sadiqliyini nümayiş etdirmək və bütün siyasi məhbusları azad etməkdir”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycanda hüquqların pozulması və parlament seçkiləri üçün normal şəraitin olmaması haqqında kəskin tənqidi məqalə dərc edib.

Politico.eu saytında dərc edilən məqalə “Azərbaycan – qaranlığa qərq olmuş ölkə” adlanır.

Mujnieks 1 noyabr seçkilərini formal adlandırır, çünki seçicilər “azad və şüurlu seçim” edə bilməyəcəklər:

Təbii sərvətlərlə zəngin olan bu ölkədə 1991-ci ildə müstəqilliyin əldə edilməsindən bəri seçkilər fırıldaqçılıq və sui-istifadələrə məruz qalıb. 2005 və 2010-cu illərdəki parlament seçkiləri Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarına səbəb olub. Məhkəmə Azərbaycanda seçki prosesinin pozulmasından başlayaraq, seçkilərin nəticələrinin dəyişdirilməsinə, şikayətlərə baxılmamasına qədər azad seçki hüququnun pozulması faktlarını aşkar edib.

Avropa hakimləri birmənalı olaraq təsdiq ediblər: “Seçki komissiyalarının və məhkəmələrin, o cümlədən Konstitusiya Məhkəməsinin davranışı seçkilərin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq və namizədlərin hüquqlarının müdafiəsini təmin etmək üçün hər-hansı real istəyin olmadığını açıq-aşkar göstərir”.

Hazırda Azərbaycanda insan hüquqları sahəsində vəziyyət qarşıdan gələn seçkilərlə bağlı proqnozları daha da pisləşdirir. Hüquq müdafiəçiləri, jurnalistlər və seçkilərin yerli müşahidəçiləri repressiv qanunvericiliklər, saxta ittihamlarla həbslər və ya məcburi mühacirətlə “buxovlanıblar”. Bu şəraitdə seçkilər haqqında hər-hansı əhəmiyyətli debatlar aparmaq mümkün deyil.

Seçki hüquqlarının boğulmasının seçki prosesinə necə təsir etməsinin ən parlaq nümunəsi Anar Məmmədlidir. Məşhur hüquq müdafiəçisi, monitorinq üzrə müstəqil peşəkar təşkilatın rəhbəri. 2014-cü ildə insan hüquqları üzrə Vatslav Havel mükafatı aldıqda o, Azərbaycan seçkilərində saxtakarlığın ifşasına və tənqidə görə beş illik azadlıqdan məhrumetmə cəzasını çəkməyə yeni başlamışdı.

Boğulmanın daha bir qurbanı İlqar Məmmədov prezident İlham Əliyevin siyasi opponentidir. O, 2013-cü ildə prezident seçkilərində iştirakının qarşısının alınması üçün həbs edilib. Hakimiyyət onu kütləvi iğtişaşlar yaratmaqda ittiham edib, daha sonra 7 il müddətinə azadlıqdan məhrum edib. Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, onun həbsdə saxlanılmasının faktiki məqsədi Məmmədovu hökumətin tənqidinə və hakimiyyətin gizlətmək istədiyi məlumatı nəşr etdiyinə görə cəzalandırmaq və susmağa məcbur etmək cəhdidir.

Avropa Məhkəməsində Azərbaycana qarşı onlarla işi, o cümlədən elə həmin repressiyalar seriyasından seçki pozuntuları barədə işləri udan vəkil İntiqam Əliyev.

Xədicə İsmayılova – bir neçə beynəlxalq mükafat almış məşhur araşdırmaçı-jurnalist.

Azərbaycanda vəziyyət o qədər ciddidir ki, oktyabrın 7-də Avropa Şurası vətəndaş cəmiyyəti və ölkə hakimiyyəti arasında dialoq üçün yaradılmış İşçi Qrupda iştirakdan imtina edib.

Bu misli görünməmiş addım Avropa Şurasının sentyabrdakı ciddi bəyanatlarının ardınca atılıb. Həmin bəyanatlarda Avropa Məhkəməsinin seçki komissiyaları və yerli məhkəmələrin fəaliyyəti ilə bağlı qərarlarının icrasında irəliləyiş olmadığı deyilir.

ATƏT də Azərbaycana seçkni müşahidə missiyası göndərməkdən imtina edərək, misli görünməmiş addım atıb.

Geniş beynəlxalq tənqidə baxmayaraq, Azərbaycan hakimiyyəti mövqeyindən geri çəkilmir. Onların rəsmi mövqeyi belədir ki, vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifət üzvləri cinayət fəaliyyətinə görə həbsdədirlər. Belə çıxır ki, ya Azərbaycanın bütün hüquq müdafiəçiləri oğrudurlar, vergiləri ödəmirlər və casusdurlar, ya da Azərbaycanın siyasi və məhkəmə sistemində ciddi şəkildə problem var. Mən sonuncu versiyaya daha çox inanıram.

Avropa Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT uzun illər bu müdafiəçilərlə işləyiblər. Biz onları tanıyırıq, onların Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarına verdiyi töhfəni yüksək qiymətləndiririk.

Azərbaycan hakimiyyətinin artmaqda olan beynəlxalq təcridin qarşısını almaq üçün yeganə şansı demokatik dəyərlərə sadiqliyini nümayiş etdirmək və bütün hüquq müdafiəçilərini, jurnalistləri və digər siyasi məhbusları azad etmək, onlara qarşı cinayət işlərinə xitam verməkdir.

Bu, Azərbaycan hakimiyyəti üçün küfr kimi səslənə bilər. Lakin yalnız İlqar Məmmədov, Anar Məmmədli, İntiqam Əliyev və başqa mərd insan haqları müdafiəçilərinin işlərini davam etdirmələrinə imkan verilməsi Azərbaycanın demokratik dünyadakı yeri haqda beynəlxalq şübhələri yox etmək olar.

Nə qədər ki, bu edilməyəcək, seçkilərə etibar doğuran bir şey olmayacaq.