“Mən də yolçuyam…”

saadet-cahangir-koseSəadət Cahangir

Həyatla bağlı suallarına cavab axtaran bir gənc səyahətə çıxır. Ölkələrin birində tanınmış, müdrik bir alimin ziyarətinə gedir. Gənc alimin yaşadığı evdə bütün divarların kitablarla örtülü olduğunu görür. Sonra ətrafı bir daha diqqətlə nəzərdən keçirir. Yerdə bir kilim, divar dibində yataq olaraq istifadə edilən bir yük, ortada bir masa və kürsü… Evdə başqa heç bir əşya yox. “Niyə evdə heç bir əşya yox?” –deyə gənc marağını gizlədə bilməyib soruşur. Müdrik adam cavab olaraq gəncə bir sual verir: “Sənin də çiynində kiçik bir çantan var, övladım. Yaxşı, bəs sənin əşyaların harda?” Gənc: “Amma mən yolçuyam”- deyir. Alim gülümsəyərək: “Mən də elə, övladım, mən də yolçuyam”- deyə cavab verir… Hamı yolçudur, şübhəsiz, özüylə sona bir şey aparmaz. Dişini-dırnağını, qanını-canını, əlini-ayağını hədər etməyə dəyməz. Bir nöqtədə tamamlanar hər şey, gözləmədiyin andaca qapanar hesab dəftəri. Hər kəs üçün sonluq eyni. Kimsə mal-mülkünü, pul-parasını, heykəlini, medalını yığıb apara bilməz o tərəfə. Eləcə əliboş, çıl-çılpaq götürüb apararlar hər kəsi öz torpaq daxmasına…

Yeni bir kəşfdən danışırmış kimi anladıram sanki. Öləcəyini kim bilmir axı? Bütün bu didmək, yemək və qazanmaq hərisliyinin sonunda hər şeyin bitəcəyini kim bilmir? Kim bilmir, hər fürsətdə ətrafına pislik saçmaq, zəhər buraxmaq, qan axıtmaq bahasına gəldiyi yerdən bir gün düşüb hər kəslə eyni yerə gedəcəyini? Hamı bilir bunu, əlbət. Hamı bilir, amma hamı anlayırmı yer üzündən gəlib keçən bir səyyah olduğunu? Hər şeyin və hər kəsin ötəri olduğunu? Tamahın, doyumsuzluğun, acgözlüyün sərhədini itirə-itirə sonda özünü itirib rəzil-rüsvay olacağını? Nə yazıq, anlamır çox insan bunu. Anlamaq istəmir. Anlamayana da anlatmaq çətin. Gözünü bir pərdə örtmüş, bir nəfs, bir aclıq hissi tutmuş kimi qarşısına baxmadan gedir dərin uçuruma sarı o anlamaz adamlar…

Yaşadığımız ölkə bu sarıdan amansız bir məkandır. Nədən? Çünki burada heç nə qanun-qaydaya uyğun yerbəyer edilmir. Günah sarıdan cəza verənin cəzalıdan, hökm çıxaranın da heç birindən böyük fərqi yox. Bəzən daha çox əldə etmək, daha çox sahiblənmək və daha çox yemək üstündə gedir qanlı savaş. Qisasçı bir tərzdə, kimsənin kimsəyə güzəşt etmədiyi bir şəkildə gedir. Həm də ancaq toxlar və harınlar arasında. Həm də ölüm-dirim savaşı kimi amansız və qəddarca. Həm də yoxsulu, yetimi, gücsüzü ayaq altına qoyaraq. Onlara acımadan, yanmadan, mərhəmət etmədən gedir. Vay sıradan çıxanın halına. Hər şey birdən qəddarcasına alınar əldən. İmic, zəhm, şəkil, şöhrət yerlə bir olar. Cansız heykəllər belə…

Hamımız yolçuyuq, istiqaməti doğru seçmək lazım, sadəcə. O doğru olmasa… Yoldan çıxmaq, azmaq təhlükəsi! Yasaq ünvanlara çıxmaq, yasaq qapıları açmaq, qaydaları pozmaq, günah ortağı olmaq! Bu yolsuzluq, azğınlıq, düzənsizlik az çəkər, ya çox çəkər, fərqi yox. Bəlli hesab ödədər insana sonunda. Qaçılmaz, qurtarılmaz, xilas olunmaz bir hesab. Bəzən uzun-uzadı gözləməyə gərək qalmaz heç. Yol gəldiyin, günah ortağı olduğun, can dediklərin alar canını. Onların kəndiri ilə düşdüyün quyudan çıxa bilməzsən. Özün seçdiyin, girdiyin, yıxıldığın qaranlıqdaca qalarsan eləcə. “Özü yıxılan ağlamaz” deyirlər. Ən doğrusu başından doğruya tutunub gəlməkdi. Ən doğrusu yıxılacaq yola girməməkdi, deyilmi?..