Heykəldən qisas alan rejim

ilham-huseynİlham Hüseyn

Yaxud, “nə əkərsən, onu da biçərsən” deyimi həqiqətdir

Biz heç bir güzəşt tanımadan hamını öz adı ilə çağırmaqda israrlıyıq. Bu hakimiyyətə, onun yaramaz və yarıtmaz kadrlarına münasibətimiz də göz önündədir. Amma mübarizə, düşmənçilik də ləyaqətlə, mənəvi dəyərləri tapdaq etmədən aparılmalıdır. Bu hakimiyyət isə mübarizənin elə iyrənc növlərini tapıb ki, sadəcə olaraq  söz aciz qalır. Təbii ki, Eldar Mahmudov da bu hakimiyyətin bir parçası olub və ağlagəlməz qanusuzluqlara imza atıb. Təkcə etiraf olunanlar onu göstərir ki, bu adam vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  milyonerə çevrilib, insanlara zülm edib və 100-lərlə vətəndaşın   saxta ittihamlarla həbs olunmasına “töhfə” verib. Deməli, Eldar Mahmudov  layiq olduğu  cəzanı almalıdır.

Amma ötən gün baş verənlər mənəvi deqradasiyanın, vəhşiliyin göstəricisidir.  Belə ki, Naxçıvanda Eldar Mahmudovun atasının heykəli uçurulub. Qeyd edək ki, Əhməd Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirmişdir. 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çaışmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur.

Demək istəyirik ki, bu adam tanınmış iqtisadçı alim olub və oğlunun əməllərinə görə cəzalandırıla bilməz.  Yəni, Eldar Mahmudovun əməllərinin cəzasını atasının daş heykəlinə yükləmək olmaz. Axı bu adam Eldar Mahmudovun atası olduğuna görə yox, akademik olduğuna görə şərəfləndirilib. Əgər bu adam heykələ layiq deyildisə, niyə onun şərəfinə heykəl ucaldılmışdı?

Dirinin günahını, ölülər niyə çəkməlidir?  Axı Əhməd Mahmudov  oğlunun cinayət əməllərinə şəriklik etməyib, hansısa sahibkardan küllü miqdarda pul alınmasında vasitəçi olmayıb.

Yuxarıda qeyd etdiyimiz kimi bizim Eldar Mahmudov və onun həmkarlarına münasibətimiz bəllidir. Amma  indiki halda baş verənlər rejimn mahiyyətini bir daha ortaya qoyur.

Əslində, baş verənlərdə həm rejimin başında oturanlar üçün, həm də Eldar Mahmudovun şəxsən özü üçün böyük ibrət var.  Bəli, “nə əkərsən, onu da biçərsən” deyimi həqiqətdir.

Bu ölkədə oğulun siyasi möveyinə görə atanın, atının siyasi mövqeyinə görə oğulun cəzalandırılması, təzyiqlərlə üzləşməsi  ənənə halını alıb. İnsanlar siyasi mövqelərinə görə ailələri ilə üz-üzə qoyulur, valideyn övladından imtina etməyə məcbur qalır.  Bəli, Eldar Mahmudov nazir kürsüsündə əyləşdiyi zaman, xeyli ailələr dərd kürsüsündə əyləşməli olmuşdu.  İndi də Eldar Mahmudov yazdığı “ssenari”nin baş qəhrəmanına çevrildi və onun əməllərinə görə atasının daş heykəlini cəzalandırdılar.  Bu rejim hətta ölülərə də rəhm etmir və daşdan da qisas alır.

Amma bu ölkədə heykəllər təkcə Eldar Mahmudovun atasına aid deyil. Bu ölkədə heykəllər çoxdur və indiki “ənənə” gələcəkdə xeyli heykəllərin taleyinə pis təsir edə bilər.  Yəni, qisasın bu növü bu qisasçılığa tamaşa edənləri də hədəf seçə bilər. Heç kim əbədi deyil və bütün heykəllərin mühafizəsiz qaldığı zamanlar olur.

Eldar Mahmudovu əməllərinə görə Göygöz Kosanın sehrli çubuğu ilə daşa döndərmək də olar. Amma onun atasının daş heykəlini kiminsə çubuğu ilə uçurmaq biabırçılıqdır.

Unutmayın ki, bütün sərhədlər onu aşmaq üçün deyil. Bəzi sərhədlər var ki, orda mütləq dayanmaq lazımdır.