Eldar Mahmudovun ailəsi niyə qaçdı?

qanimatzahid-yeniÖlümündən sonra akademik adını geri almaq olmurmu?

Qənimət ZAHİD

Naxçıvanda Eldar Mahmudovun atasının büstü uçuruldu. Ölümündən sonra adamı akademik adından məhrum etməyin mexanizmi tapılsa, onu da edəcəklər. Düşünürəm ki, bunun üçün xüsusi mexanizmə də ehtiyac yoxdur. Elmlər Akademiyası indi Tarif Şurası kimi bir şeyə çevrilib, yığışıb qərar verə bilərlər ki, o zamanlar Əhməd Mahmudova verilən bütün elmi titullar saxta olub, rüşvət və korrupsiya yolu ilə əldə edilib və buna görə də geri alınır. Açığı, bunu hətta gözləyirəm. Olmaması məntiqsiz olardı.

Tom Soyyer və Heklberri Finn

Amma məsələ bunda deyil. Məsələ ondadır ki, bu cür proseslər dövlət ənənələrinin dağıldığı yerlərdə baş verir. Normalda bir nazirin işdən çıxarılması dövlətçilik üçün bir təhlükə yaratmamalıdır. Üstəlik, bizim hökumət rəhbərləri lovğalanmağı xoşlayırlar ki, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Bu, necə sabitlikdir ki, bir naziri işdən çıxarandan sonra ölkədənin idarəetmə sistemində onun yüzlərlə uzantısı aşkar edilir, bütün digər nazirliklərə və digər idarəetmə strukturlarına mikroskop uzadılır ki, oralarda daha kimlər qaldı? Bu e deməkdir ki, hökumət kadrların nə professional, nə də siyasi göstəriciləri ilə təşkil edilir. Bu o deməkdir ki, hökumətin, dövlət idarəçiliyinin təşkil edilməsi müstəsna olaraq, proteksiya qaydasında təşkil edilir. Azərbaycansayağı sabitlik budur. Yüksək vəzifəli adamlar üstdən- aşağı bütün dövlət strukturlarında mümkün olduqca daha çox öz adamlarını yerləşdirir və bu şəbəkə vasitəsilə korrupsiya əzəməti yaradırlar. Bu proteksiya şəbəkəsi havayı deyil, olduqca bahalı şəbəkədir. Ölkənin bütün hökuməti isə bu cür şəbəkələrdən ibarətdir. “Mənim böyük qardaşım sənin böyük qardaşını çeçələ barmağı ilə hasarın o üzünə atar” (“Tom Soyyer və Heklberri Finnin macəraları”) rəqabəti bu şəbəkələrin gerçək maraq sərhədlərini müəyyən edir. Onlar didişirlər- boğuşurlar, tenderlərə, tenderlər vasitəsilə dövlət büdcəsinə, büdcəyə gəlib çatmayan vəsaitlərə, tələbələrin və qocaların təqaüdlərinə, uşaq puluna, şəhidlərin qan puluna… tamah sala-sala dövlətin və cəmiyyətin mənəvi simasını eybəcərləşdirirlər.

O villalar qan pulu ilə tikilib

Eldar Mahmudovun sadəcə bir villasının 20 milyon dollara başa gəldiyini deyirlər. Onun bütün villalarının (sadəcə, villalarının) dəyəri Azərbaycan hökumətinin on illərdir ki, israrla ödəmək istəmədiyi şəhidlərin 140-mı, ya 150- mi milyon qan pulundan onlarla dəfə çoxdur. Prezidentin və onun ətrafının, digər oliqarxların, nomenklaturanın əmlakının dəyəri isə həm bütün Azərbəycan vətəndaşlarının toplam, həm də bütün Azərbaycan dövlətinin cəmi maddi- maliyyə imkanlarından dəfələrlə artıqdır. Və bütün bu əzəmət qanunsuz yollarla qazanılıb, oğurlanıb, talanıb.

Jirinovski sevgisi

Eldar Mahmudov məni qətiyyən “nazir fenomeni” olaraq maraqlandırmır. Ölkədə istənilən naziri qurdalayıb altından daha çox qanunsuzluq çıxara bilərsiniz. Onların hamısı belədir və heç biri o birindən “müqəddəs” deyil. Buna görə də dövlətin müqəddəsatına xələlə gətiriblər. İndi bütün dünyada Azərbaycan dövlətinin olduğu ərazini “qara nöqtə” adlandırırlar. Siz Jİrinovskiilərlə təsəlli ala bilərsiniz. Belələrini Azərbaycanın, məhz, bu gündə olması məmnun edir və siz dövləti bu kökə saldıqca, o, məmnun olacaq, təriflər yağdıracaq, hətta bir də gördün İlham Əliyevin şəninə Vaqif Bəhmənli stilində bir şeir də yazdı: “Günəş sənə görə çıxır, bəlkə də…”.

Heykəllərin “əmək kitabçası”

Eldar Mahmudovun atasının büstü də mənim maraqlandırmır. Heç mənim xəbərim də yox idi, onun orada büstünün olub-olmamasından. Amma mənim də, milyonlarla azərbaycanlının da xəbəri var ki, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin,- gözünüzdən gəlsin onun haqqı- büstünün başına torba keçiribsiz və o torbanı oradan çıxarmaq istəyənlərin üstünə inzibati quzğunlarınızın dişlərini itiləmisiniz. Sizə elə gəlmirmi ki, bu “heykəl nifrəti”nin şanlı perspektivləri var? Bir büst də Kanada da vardı, oradan qaldırdılar. Daha birisini Meksikadan götürdülər. Naxçıvandan götürülən büstün sorağı olmayacaq, çünki həmin büst zatən akademikə yox, Milli Təhlükəsizlik nazirinə qoyulmuşdu. Çoxları var ki, nazir və ya buna bənzər vəzifə sahibi olandan sonra valideynlərinin məzarını dəfn edildiyi kəndlərdən Bakıya köçürür. Vəzifədən gedəndən sonra da həmin məzarları götürüb əvvəlki yerlərinə aparacaqlar. Belə çıxır ki, adamın valideynlərinin nəşi övladının əmək kitabçasından asılıdır. Eldar Mahmudovun da əmək kitabçası qapandığı üçün akademik Əhməd Mahmudovun büstü qapandı, vəssəlam. Amma bu heykəl əməliyyatlarını çox yerdə görmüşük. Bunun mütləq bir davamı olur…

Azərbaycan dövləti “təmirə bağlanıb”

İlham Əliyev isə dövləti təmir etməklə məşğuldur. Asan xidmət sevgisi dövləti təkmilləşdirmək və vətəndaşların qayğısına qalmaq istəyinə bağlı deyil, orada çox dolaşıq mətləblər var v\ az sonra üzə çıxacaq. Belə xırda detallara görə zamanı “obqon” etməyə dəyməz. Amma “təmir edilən” dövlətin çox mühüm strukturları “təmirə görə bağlıdır”sa, əsl illət bundadır və o dükanların nə zaman xidmətə açılacağı, daha hansı dükanların bağlanacağı əsas məsələdir.İndi ölkədə bir neçə Nazirlik iflic edilib. Nəqliyyat Nazirliyi Ziya Məmmədova, Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudova, Xarici İşlər Nazirliyi Elmar Məmmədyarova oxşayır. Bu gün- sabah Vergilər Nazirliyi də Fazil Məmmədova oxşayacaq. Sonra o biri Nazirliklər və dövlət idarələri. …Amma sanki fövqəladə bir şey baş verməyəcək. Bəlli olacaq ki, dövlətin bu strukturları olmadan da işlər yürüyürmüş. Ölkənin ən mühüm nazirlikləri dekorasiya üçün imiş və onların idarəçilik mahiyyəti yox imiş…Dövlət aparatı işləmirmiş… İşləyən varmı? Yəni, dövlət üçün, dövlət maraqları naminə işləyən bir dövlət İdarəsi varmı? Lütfən, barmağınızı Zakir Həsənova və Müdafiə Nazirliyinə tuşlamayın. İndi bu Nazirlik “vakans”dadır…atəşkəs səbəbindən. Cənab Həsənovun xətrinə dəyməmək üçün “obyektiv səbəblərdən” deyək…

Dükan qapalıdır, alver arxa qapıdan gedir

İşləyən kimsə yox. İşləməyə ehtiyac yoxdur. Bir sistemin krizi başlayıb, o biri sistem isə əmək predmeti tapa bilmir. Krizdə olan siyasi sistemdir ki, növbəti saxta parlament seçkilərindən sonra qanunverici hakimiyyətin legitim olmaması bu böhanı daha da dərinləşdirəcək. Zatən, Azərbaycanda prezident hakimiyyətinin legitimliyi özü də mübahisəlidir. Əmək predmeti tapmayan sistem isə “töycü sistemi”dir. Azərbaycanda dövlət- vətəndaş münasibətləri korrupsiyanın təşkili üzrə müəyyən edilib. Pul qıtlığı üzündən bu sahədə də fantaziyalar tükənməyə doğru gedir və yaxınlarda tam bankrot olacaq kimi görünür.

Amma İlham Əliyev iddia edir ki,bu arada Azərbaycan dünyada analoqu olmayan şəkildə inkişafa davam edir. Mən bu sözləri ciddiyə almıram və şübhə etmirəm ki, milyonlarla azərbaycanlı üçün də bu sözlər gülüş və istehza hədəfidir. Bu, prezidentin ifadə olunmaq problemidir. 12 ildir ki, özünü ifadə etməyin ən radikal üsullarına və formalarına baş vurur, özünü təsdiq edə bilir, amma prezident kimi yox…

Mənim vecimə də deyil, Əhməd Mahmudovun büstünün uçurulması. Bu, dövlət sifarişidirsə, dövlət hakimiyyətinin belə cılız məqsədlər üçün işlədilməsi dediklərimi təsdiq edir. Dövlət sifarişi deyil, “ümumxalq qəzəbi”dirsə, deməli sabitlik haqqında elə nağıl kimi bəhs etmək lazımdır.

Yaxşı ki, Eldar Mahmudovun nəsli və sülaləsi tam zamanında qaçıb Avropaya sığına bilib (əlbəttə, əgər yazılanlar doğrudursa). Yoxsa onların hamısını akademik Əhməd Mahmudovun büstü kimi ovxalayıb tökərdilər…

(Azərbaycan Saatının şənbə buraxılışında bu və başqa məsələlər barədə daha ətraflı söhbət gedəcək).