Oktyabrın 29-da Avropa məhkəməsi “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan müxbiri Aqil Xəlilin şikayəti üzrə qərarını elan edib. Azərbaycan hökuməti jurnalistə 28 min avro konpensasiya ödəyəcəyi barədə öhdəlik götürüb.
Vəkil Elçin Sadıqov Avropa məhkəməsinin qərarı ilə bağlı Facebook səhifəsində yazıb ki, Avropa məhkəməsinin Azərbaycan hökümətinin etirafına inanmasını ədalətli hesab etmir.
“Azərbaycan höküməti İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci (yaşamaq hüququnun pozulması və onun araşdırılmaması), 3-cü (işgəncə və qeyri- insani rəftara məruz qalma və onun araşdırılmaması), 5-ci (azadlıq və toxunulmazlıq hüququnun pozulması), 6-cı (həyata qəsd, işgəncənin və bıçaqlanmanın düzgün araşdırılmaması) 10-cu (ifadə azadlığının pozulması), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinin olmaması) və 4 saylı protokolun 2-ci maddələrinin (sərbəst hərəkət etmək azadlığı) pozulmasını etiraf edib və xahiş edib ki, işi siyahıdan çıxarsın, hökümət özü bu işi yenidən araşdırıb hüquqi qərarlar qəbul edəcək. Hökumət Aqil Xəlilə 25000 avro kompensasiya və 3000 avro həcmində hüquqi xərclərə görə cəmi 28000 avro məbləğində pul ödəməyi öhdəsinə götürüb”.
Vəkilin yazdığına görə, Avropa məhkəməsi hökümətin təklifini qəbul edərək işi siyahıdan çıxarıb.
“Bundan sonra hökümət bu işi yenidən araşdırmalı və qərarlar qəbul etməlidir. Avropa məhkəməsinin qərarından da görünür ki, hökümət hadisələri təhrif edir və onun öz versiyası var. Ona görə də Avropa məhkəməsinin hökümətin etirafına inanmasını ədalətli hesab etmirik. Hökümət səmimi və səmərəli addımlar atmazsa şikayət edəcəyik”, – E.Sadıqov vurğulayıb.
A. Xəlil də məhkəmənin qərarına münasibətini bildirib. Jurnalist işin Avropa məhkəməsinə göndərilməsində və ağır günlərində ona yardımçı olan bütün şəxslərə minnətdarlıq edib.
A.Xəlil Facebook səhifəsində yazıb ki, o, mübarizəsini sona qədər aparıb və bundan sonra da davam etdirəcək.
“Haqlarımı pozan, həyatımı alt-üst edən bu siyasi rejimlə qətiyyən barışmayacam. Buna əmin ola bilərsiniz. Milyonlar ödəsələr belə, mənim o vaxtlar nələr çəkdiyimi bu pullarla “yuya” bilməzlər. Bunu yalnız acı çəkənlər bilər”, – o qeyd edib.
Jurnalist ödəniləcək 28 min avronun məlum bir hissəsinin vəkillərə çatacağını bildirib.
“Pulun qalan əsas hissəsini jurnalistikaya, xüsusən “Azadlıq” qəzetinə, bir hissəsini həbsdə olan həmkarlarıma, xüsusilə Xədicə İsmayıl, Seymur Həzi və digərlərinin səhhəti və qida ləvazimatları ilə bağlı olan ehtiyaclarına, eləcə də siyasi məhbuslara, başda Leyla Yunus və Arif Yunus, Tofiq Yaqublu, Rəşadət Axundovun ailəsinə və digərlərinə, qalanını isə mənə və həyatını riskə atan jurnalistlərə hərtərəfli dəstək olan mərkəzi ofisi Parisdə olan Sərhədsiz Reportyorlar Təşkilatına verməyi qərara aldım”, – A.Xəlil yazır.