Müsavatda seçki qalmaqalı: namizədlər partiyanın qərarına qarşı çıxdı

musavat-pPartiyanın Divan üzvü və təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı da namizədliyini geri çəkməkdən imtina edənlər arasındadır.

R.Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərafdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram. Mən namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, ərizə ilə dairə seçki komissiyasına müraciət etsəm o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək”. (aznews.az)

***

“Müsavat Partiyasının seçki ilə bağlı qərarına hörmətlə yanaşıram, lakin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəm”.
Bunu Müsavat Partiyasının təşəbbüsü ilə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İltizam Əkbərli deyib.
O bildirib ki, hazırda seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. “Müsavat Partiyası noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtina edib və deputatlığa namizədlərini geri çağırıb”, – G.Aslanlı xatırladıb.
Müsavat Partiyasının Məclis üzvü, partiyanın təşəbbüsü ilə 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İkram İsrafil də seçki dairəsi ərazisində görüşlərini davam etdirir. Lakin o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. (report)