MTN-dəki şəbəkənin daha bir dəhşətli cinayəti – şəhid ailəsinin 740 min manatı necə ələ keçirilib?
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı başlanan cinayət işi üzrə həbs olunanların sayı 15-ə çatıb. APA-nın məlumatına görə, iş üzrə artıq 15 nəfər barəsində həbs, bir neçə nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib. Barəsində həbs qətimkan tədbiri seçilənlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılırlar. Həbs olunanlar arasında MTN-in əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.
Bir müddət əvvəl Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Bakı Telefon Rabitəsi Istehsal Birliyinin (BTRIB) rəhbəri Beytulla Hüseynov istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. Onun MTN-in sabiq naziri Eldar Mahmudovun yaxın qohumu olduğu bildirilir.
Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları da həyata keçirilir. Nazirlikdə bir neçə yüksək rütbəli şəxs vəzifəsindən azad olunub, yaxud başqa vəzifəyə keçirilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Oktyabrın 17-də prezident Ilham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.
Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə cinayət işi başlanılıb.
MTN-də daha bir general işdən çıxarıldı
Dünən MTN-in daha bir generalı işdən çıxarılıb. Məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş Idarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov işdən azad edilib və sərəncama götürülüb.
Nizami Şirinov sabiq nazir Eldar Mahmudovun ən “etibarlı” kadrlarından biri sayılırdı və o, məhz Eldar Mahmudovun təqdimatı ilə 2007-ci ilin martın 27-də vəzifəyə təyin olunmuşdu.
Yeni vəzifəsində ilk iş günündə o, MTN-nin 69 nəfər təcrübəli əməkdaşını vəzifələrindən kənarlaşdırmışdı.
Nizami Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi vurğulanır.
Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı
Bu arada məlumat yayılıb ki, Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb. Aznewı.az-ın məlumatına görə, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində “Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan binalarda hazırda heç bir tikinti işləri aparılmır.
Yalnız Beynəlxalq Bankla işləyən “Kristal” tikinti şirkətinin MTN-in keçmiş rəhbəri Eldar Mahmudova məxsusluğu bildirilirdi. Bu şirkət Bakının müxtəlif ərazilərində bahalı hündürmərtəbələr tikirdi.
MTN Bakıda bankdan pul çəkən şəhid ailəsinin 740 min dollarını əlindən alıb
Şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib. Şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni Lent.az-a da daxil olub.
Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb. Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər: “Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər”.
Goranboy rayon Xanqərvənd sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.
Məsələ ilə bağlı ailə prezident Ilham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Baş prokurorun birinci müavini Rüstəm Usubov sabah şikayətçi ailəni qəbul edəcək.
Eldar Mahmudov Etibar Əliyevə necə “kömək edib”?
Moderator.az-a isə “Bank Technique” ASC-nin köhnə və yeni rəhbəri Etibar Əliyevlə bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, E.Əliyev MTN tərəfindən 2012-ci ildə həbs edilən zaman sabiq nazir Eldar Mahmudov və onun komandası azadlığı müqabilində bankirdən külli miqdarda vəsait tələb edib. E.Əliyev isə bu qədər vəsaitə malik olmadığını bildirdikdə isə sabiq MTN rəhbərliyi “Texnikabank” rəhbərinə “kömək etməyə” hazır olduğunu bildirib. “Yalnız ölümə çarə yoxdur” prinsipi ilə hərəkət edən E.Mahmudovun əməkdaşları bildirib ki, əmlakını banka girov qoymaq qarşılığında bir gündə bankdan lazımi qədər vəsaitin çıxarılmasını təmin edə bilərlər və bunun üçün sadəcə onun bu prosedura razılıq verməsi, gərəkli sənədləri imzalaması yetərlidir.
E.Əliyev öncə buna razılıq verməsə də, 8 aylıq həbs həyatının ardından MTN əməkdaşlarının bu təklifi ilə razılaşmağa məcbur olub. Nəticədə, E.Əliyevə məxsus obyektlər, eləcə də Novxanıdakı “Olimpik” otel MTN-ə yaxın banklara girov qoyularaq bankirin adına milyonlarla manat vəsait çıxarılıb. E.Əlyevin adına yazılan milyonlara sahib olan MTN yalnız bundan sonra “Texnikabank” rəhbərini azad edib.
Mənbənin sözlərinə görə, E.Əliyevin yenidən “Bank Technique” ASC-nin rəhbərliyinə gətirilməsindən sonra bankirə vurulan külli miqdarda maddi zərərin kompensasiya məsələsi da gündəmə gəlib ki, yaxın günlərdə bu istiqamətdə də müəyyən addımların atılması gözlənilir.