Mitinqlər haqda açıq söhbət. Bu qapalı dairədən çıxış yolu varmı?

ali-karimli1

Builki parlament seçkiləri əvvəldən axıra qədər AXCP və Milli Şuranın onu boykot etmək haqda qərarının kölgəsində keçdi. Bizim ardımızca ATƏT və Avropa Birliyi də seçkiləri boykot qərarı verdi. Seçki kampaniyasının gedişində isə 500 nəfərdən artıq namizəd də seçkilərdə iştirakdan imtina etdi. Ən vacibi isə xalqımız bu seçki tamaşasını boykot etdi. İlk gündən başlayaraq seçkiyə qatılan ayrı-ayrı şəxslər, ictimai-siyasi təşkilatlar xalqın bu seçki şousuna neqativ münasibətini hiss etdilər. Bu gün, seçkilərə üç gün qalmış artıq əminliklə demək olar ki, parlament seçkiləri xalqımız tərəfindən hamılıqla boykot olunmaqdadır və mən şəxsən əminəm ki, bu boykot seçki günü daha qabarıq şəkildə ifadə olunacaq.

Dostlar, biz məqsədli şəkildə seçki kampaniyası dövründə mitinqlər keçirmədik. İstəmədik ki, seçki kampaniyası dövründə ictimai-siyasi fəallıq, rəqabət görüntüsü yaransın. Biz istədiyimizə nail olduq. Ən qərəzli adamlar da görməli oldu ki, ölkədə hər hansı rəqabət mühüti yoxdur. Hökumət seçki institutunu tamamilə məhv edib. Beynəlxalq hesabatlarda da deyildiyi kimi, Azərbaycan xalqının seçkilər yolu ilə öz hökumətini dəyişmək imkanı yoxdur. İlk baxışda qapalı dairə yaranır. Seçki ilə hakimiyyət dəyişikliyi ən azı hələlik mümkün deyil. Zor yolu ilə hakimiyyət dəyişikliyini də biz qəbul etmirik, onu daha təhlükəli sayırıq.

Bəs belə bir şəraitdə bizlər – müxalifətçilər, ölkədə dəyişiklik istəyən sadə vətəndaşlar nə etməliyik? Dostlar, biz bu duruma düşmüş yeganə xalq deyilik. Bəşəriyyət belə situasiyalar üçün uğurlu düsturu çoxdan tapıb. Belə şəraitdə demokratik və köklü dəyişikliklər naminə ardıcıl və dinc mübarizə aparmaq lazımdır. Yalnız seçkilərə və seçki illərinə hədəflənmək praktikasından imtina etməliyik. Biz artıq bu strategiyanı seçmişik.

2014 və 2015-ci illərdə Milli Şura və AXCP olaraq “Siyasi məhbuslara azadlıq!” və “Talana son!” tələbilə 5 dəfə mitinq keçirdik. Paylaşdığım fotolardakı mitinqləri biz repressiyaların ən kəskin vaxtlarında keçirmişik.

Tanınmış hüquq müdafiəçilərinin və ictimai-siyasi xadimlərin həbs olunduğu, siyasi məhbusların sayının pik həddə çatdığı, məhv edilmiş vətəndaş cəmiyyətinin qalıqlarının da ölkəni tərk etməyə məcbur olduğu, qorxunun daha çox adamı əhatə etdiyi vaxtlarda belə, bu ölkədə minlərlə insan bizim çağırışlarımızla dinc etiraza qalxıb.

Əlbəttə, bu mitinqlər çox əhəmiyyətli olub, ilk növbədə xalqımızın avtoritar rejimlə mübarizə əzmini, rejim qarşısında təslim olmadığını, cəmiyyətin susdurula bilmədiyini nümayiş etdirib.

Biz bu kimi mitinqləri hər zaman edə bilərik və zərurət duyduqca edəcəyik də.

Amma onu da açıq etiraf etməliyəm ki, yalnız fəal müxalifətçilərin, AXCP üzvlərinin, Milli Şura təəssübkeşlərinin iştirakı ilə keçirilən mitinqlər nə qədər faydalı olsa da, ölkədə köklü dəyişikliklər etmək üçün kifayət deyil. Xalqımızın getdikcə daha fəal şəkildə öz taleyinə sahib çıxması lazımdır. Ölkədəki korrupsiyadan, inhisardan, israfçılıqdan, qanunsuzluqdan hüquqsuzluqdan əziyyət çəkən milyonlarla insanın heç olmasa 1- 2 faizi ölkədə dəyişikliklər uğrunda mübarizəyə qoşulmalıdır. Dinc mübarizə ilə demokratiyaya keçidə nail olmuş xalqların hamısının təcrübəsi bu fikri təsdiq edir. Ölkədə seçkilər varsa, hökumətə qalib gəlmək müxalifətin vəzifəsidir. Yox, əgər seçki institutu faktiki ləğv edilibsə, onu bərpa etmək üçün ümumxalq mübarizəsinə ehtiyac var.

Əziz həmvətənlərim, Milli Şuranın, AXCP-nin minlərlə fəal tərəfdarı ən çətin şəraitdə də rejimə qarşı etiraz aksiyalarının təşkilatçısı olmağa, mübarizənin önündə getməyə hazırdır. Amma daha kütləvi mitinqlər üçün biz də sosial sifarişi sizdən – xalqımızdan gözləyirik. Siz nə vaxt hiss etdirsəniz ki, mitinqlərin keçirilməsinə ehtiyac duyursunuz və heç olmasa bir hissəniz bu prosesdə iştiraka hazırsınız, bilin ki, bizlər bu mübarizənin önündə olmağa və millətimizin iradəsini reallaşdırmağa hazırıq.