Bir müddət öncə prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun daha bir dəbdəbəli villası aşkarlanıb.
Bu villanın bir neçə gün öncə fotoları yayımlanan villadan fərqli cəhəti bura silsilə nəhəng evlərin yerləşməsidir. Bu evlər Nardaranda, dənizə yaxın ərazidə yerləşir. “Qafqazinfo”nun əməkdaşları bu gün ərazidə olub və kənd sakinləri ilə də bu barədə söhbət edib. Sakinlər bildirib ki, sabiq nazir bu evinə tez-tez gəlmir.
Eldar Mahmudov bir neçə hektarı əhatə edən ərazidə digər qohumları üçün də villa tikdirib. Eyni həyətdə yerləşən bir neçə evlərdən yolun kənarında olan ən böyüyü isə keçmiş baş çekistin özünə məxsusdur. Bu bina xarici görünüşünə görə daha çox zavod binasını xatırladır. Bununla bağlı suala kənd sakini belə cavab verib: “Sən onun içinə girsən, villanın nə demək olduğunu görərsən. Mən uzun müddət onun evində işləmişəm. Sonradan çıxartdılar”.

Kənd sakinləri deyiblər ki, keçmiş nazirin öz villasında hazırda yalnız işçiləri, digər binalarda isə qohumları yaşayır. Mahmudovun villalar şəhərciyi təxminən 3 metr hündürlüyündə hasarla əhatələnib, divar boyu isə hər tərəfi “görə bilən” xüsusi kameralar quraşdırılıb.
Sakinlərin sözlərinə görə, Mahmudovun bundan başqa da yolun digər hissəsində yenicə tikdirdiyi villası var. O villa bu kompleksdən ayrıdır. Hazırda Eldar Mahmudovun öz evinə Cəbi adlı mühafizəçisi nəzarət edir.










