Hakimiyyətin “Texnikabank” ifşası

bank texnikElnur Seyidovun azadlığa buraxılmaması qisasçılığın etirafıdır

Əvvəlki yazılaramızda da qeyd etmişik ki, MTN-də baş verənlərin birbaşa məsuliyyəti Ilham Əliyevin üzərindədir və ortaya çıxan faktlar komandanın bütövlükdə mahiyyətini ifadə edir. Eyni zamanda sonrakı hadisələr də onu göstərir ki, MTN işində məqsəd ədaləti bərqərar etmək, səhvləri düzəltmək deyil. Sadəcə olaraq başda oturanların maraqları təmin edilməyib və yeni sistem formalaşdırılır.

Amma bu yazıda məqsədimiz MTN işinə münasibət bildirmək yox, hakimiyyətin düşmənçilik siyasətini ifşa etməkdi. Bugünlərdə məlum oldu ki, Etibar Əliyev yenidən “Texnikabank”ın Müşahidə Şurasının sədri təyin edilib. Bəli, üç il əvvəl MTN-nin xüsusi əməliyyatı nəticəsində həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev bu gündən öz əvvəlki vəzifəsinə qayıdıb. Etibar Əliyev 1993-cü ildən fəaliyyətə başlayan “Texnikabank”ın Müşahidə Şurasının sədri olub və 2012-ci ildə bankın bir sıra yüksək vəzifəli şəxsləri ilə birlikdə MTN əməkdaşları onu həbs etmişdi.

Etibar Əliyev mətbuata açıqlamasında bunları deyib: “Haqsızlıqlar barədə cənab prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirib, müvafiq tapşırıqlarını verib və mənim bu gün bu banka yenidən rəhbər olmağıma göstərişlərini verib”.

Deməli, etiraf edilir ki, “Texnikabank”la bağlı bütün həbslər qondarma olub, adamlar şərlənərək tutulub. Etibar Əliyevin yenidən sədr təyin edilməsi isə onu göstərir ki, ölkə başçısı da bu işin əslindən xəbərdardı. O zaman sual meydana çıxır. Niyə digərləri azad olunduğu halda, Elnur Seyidov hələ də həbsdədir?

Onsuz da Elnur Seyidovun məhkəmə prosesləri göstərdi ki, bu iş quramadır və AXCP sədri Əli Kərimliyə təzyiq məqsədi daşıyır. Bəli, ortada heç bir zərərçəkən, şikayətçi olmadığı halda, Elnur Seyidov ən ağır həbs cəzası aldı. Üstəlik, bu adam ağır xəstədir. Amma bu qədər şəffaf vəziyyətin yaranmasına baxmayaraq, Elnur Seyidov həbsdə qalır.

Deməli, ən yüksək səviyyədə düşmənçilik, qisasçılıq davam edir. Etibar Əliyev azad edilərək yenidən sədr təyin olunur, digərləri bəraət alır və bütün bunlar Elnur Seyidova şamil olunmur. Belə çıxır ki, Eldar Mahmudovun komandası yalnız Elnur Seyidovu həbs etməkdə düzgün iş görüb?

Bir daha aydın olur ki, bu əməliyyatlarda məqsəd şəxsi maraqların təmin olunmasıdır. Qisasçılıq, saxtakarlıq yenə də qüvvəsində qalır. Sonra da dünyanı ikili standartlarda ittiham edirlər. Ancaq, dünya bu miqyasda ikili standart görməyib.

Bir nazirlikdə bu qədər qanunsuzluq ortaya çıxır və qanunsuzluğun qurbanı olan şəxs hələ də həbsdədir. Deməli, Əliyev hakimiyyəti bu qanunsuzluğa şərik olduğunu etiraf edir.