Hakimiyətin növbəti cılızlığı

eliinsanov-mehkeme-yeni3Əli İnsanov qardaşının yasına, Arif Məmmədovun anası müayinəyə buraxılmadı

Hakimiyyətin hansı dəyərlərə sahib olduğu, necə iyrənc mübarizə üsulları seçdiyi hər addımda sübut olunub. Bu hakimiyyətin dövründə insanların yaxınları ilə şantaj edilməsi, şərlənərək həbsə atılması, siyasi mövqeyinə görə işgəncələr görməsi, var-yoxdan çıxarılması adi statistikaya dönüb. Amma hökumətimiz bu iyrənc statistikanı günişləndirməkdə israrlıdır.

Xüsusən son dövrlər dəb almış “imtina ərizələri” hakimiyyətin mənəvi deqradasiyasının göstəricisidir. Bəli, hakimiyyət 37-ci ilin ən iyrənc ənənələrini davam etdirir. Bu hakimiyyətin qanunsuz əməllərini ifşa edənləri yaxınlarının imtina ərizələri ilə cəzalandırmaq istəyirlər.

Amma bu “imtina siyasəti” də son hədd deyil. Hakimiyyət “qara siyahı”ya saldığı adamlardan yaşlı valideynləri ilə, yaxınlarının yas mərasimlərinə buraxmamaqla qisas alır.  Ölkə uçurumun dibinə yaxınlaşır, sosial-iqtisadi böhran qapını döyür. Bizim hökumətimiz isə real addımlar atmaq əvəzinə insanları necə şərləməyin, şərlənən insanları necə sındırmağın yollarını axtarır. Bugünlərdə baş verən iki hadisə bir daha təsdiqlədi ki, bu təfəkkürün sahibi olan hakimiyyət ölkə üçün ən böyük təhlükədir. Mənəvi dəyərlərdən, insanlıqdan məhrum olmuş bir zehniyyət dövləti idarə edə bilməz.

Bugünlərdə Azrbaycanın Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədovun yaşlı anasını ölkədən buraxmadılar. Məlumata görə, keçmiş diplomatın anası müayinə və qardaşının qəbrini ziyarət etmək üçün iki həftəlik Riqaya getmək istəyirmiş, amma Bakı aeroportunda onu saxlayaraq ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər. Bəli, Arif Məmmədov 1-2 statusunda hakimiyyətin siyasətini tənqid etdiyinə görə, hakimiyyət qisas almağın yollarını axtarır. “Çıxış yolu” kimi yaşlı qadının müayinəsinə əngəl olmağı tapıblar. Hətta ən dəhşətli filmlərin mənfi obrazları da bu iyrəncliyi özünə sığışdırmır.

Ardınca isə keçmiş səhiyyə naziri Əli Insanovla bağlı davranışı yada salaq. Əli Insanov vəfat edən qardaşı Məhəmməd Insanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət etmişdi. Amma onun yas yerində iştirakına icazə verilməmişdi. Daha sonra məlum olur ki, Əli Insanova yas mərasimində iştirak etmək üçün 2-3 saatlıq icazə verilib. Əli Insanov isə bundan imtina edib. Çünki, 3 saat müddətində yalnız mərasim keçirilən ünvana çatıb, qayıtmaq mümkündür. Yəni bu müddət yalnız məsafəni qət etməyə imkan verir. Bütün bunlar hakimiyyətin nə qədər insani dəyərlərdən məhrum olduğunu göstərir. Əli Insanov YAP-ın yaradıcılarındandı, Heydər Əliyevə həmişə sadiq olub. Amma hakimiyyəti tənqid etdiyinə, həbsdə etiraflar səsləndirdiyinə görə, onu qardaşının yas mərasiminə buraxmırlar.

Göründüyü kimi, hakimiyyət üçün “qırmızı xətt” anlayışı yoxdur. Insanları ən yaxın adamlarının ölümü ilə də şantac edirlər.

Bəli, bu hakimiyyətin mahiyyəti, daşıdığı dəyərlər cılız hisslərdən ibarətdir. Bu təfəkkürün daşıyıcıları ölkəni ancaq uçuruma, fəlakətə apara bilər. Tarix belə rejimləri ancaq lənətlə yada salır.

Samir