“Daha neyləmək olar”- sualına Oktay Şirəliyevdən cavab

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

“Hanı dəbdəbəli Troya, hanı Karfagen”. Onların qürurla dayandıqları yerlər artıq xarabalıqdır. Qədim Misirin çanlı məbədlərində vahid varlığa verilən çürüməz qurban gizli tüstülənirmi? Onların misilsiz gözəl xarabaları günorta istisindən gizlənən mal-qara üçün sığınacaq olmuşdur. Bu məbədlərdə allah-təalaya şükran hisslərindən doğan sevinc göz yaşları deyil, heyvanların üfunətli nəcisi tökülür. Ey bəşər vüqarı, ey bəşər təkəbbürü! Bir bunlara tamaşa et və dərk elə ki, nə qədər rəzilsən!”

A.N.Radişşev. “Peterburqdan Moskvaya səyahət” əsərindən

Bu gün ölkədə iqtidar – müxalifət qarşıdurması ilə yanaşı başqa bir mübarizə də gedir. Bu, hakimiyyətlə xalq arasında gedən səssiz və daha amansız bir savaşdır. Bu mübarizə  fərdlər və narazı qruplar səviyyəsində intensiv olsa da, əsas kütlə mümkün qədər qarşıdurmadan qaçmağa çalışır.

Əlbbətə, haqqı tapdanan təkcə müxalifət, hüquq müdafiəçiləri, jurnalistlər deyil. Ölkədəki siyasi məhbusların çoxluğu birbaşa sadə vətəndaşlara edilən haqsızlıqların durmadan artması və getdikcə bütün təbəqələri əhatə etməsi ilə bağlıdır. Həbsxanalar günahsız insanlarla doludur.

Ölkədə sözün əsl mənasında ağlasığmaz bir yaşam mücadiləsi gedir. Başda təhsil, səhiyyə və əlbəttə, hüquq mühafizə orqanları olmaqla dövlət sanki öz vətəndaşına müharibə elan edib. Mən hələ vergini, bankların əsarətini, əlqərəz,  dövlətin digər qollarının yaratdığı çətinlikləri bir tərəfə qoyuram. Özünüz deyin, dövlətin bütün cidd-cəhdlərinə baxmayaraq, vətəndaşın bu gün dişi-dırnağı ilə övladına təhsil verməsi mücadilə deyilsə, bəs nədir? Dövlət bu mübarizədə vətəndaşına uduzur desəm, yəqin ki, yanılmaram. Orta məktəbdə bu baş verənləri, yəqin, ailəsində şagird olan hər kəs bilir. Valideynlər boğazından kəsərək öladlarını savadlı müəllim – repititorların yanına göndərir. Bu da mübarizənin etirazın lal formasıdır.

…Xəstələr şəfa tapmaq üçün Irana, sağlamlar isə Rusiya və digər ölkələrə bir parça çörək dalınca gedirlər. Bu gün 3 milyona yaxın azərbaycanlı ailəsini məhz bu yolla dolandırır. Bu səssiz, lakin amansız mübarizədə siyasi çalar olmasa da, aydındır ki, kimsə kefindən Irana müalicəyə, kimsə bir tikə çörək dalınca qürbətə getmir.

Bu yaxınlarda şəxsən prezident Ilham Əliyevin birbaşa göstərişi ilə MTN şefi Eldar Mahmudov və onun dəstəsi ifşa olundu və onların ağlasığmaz cinayətləri ictimaiyyətə açıqlandı. Çox yaxşı, alqışlayırıq. Lakin sual olunur, millətin xalqın, bu günə düşməsində günahkar təkcə onlardır? Əlbəttə, yox, çünki, məlum oldu ki, nazirliyin işi ancaq pulu bir neçə yüz min manatı keçənlərlə imiş. Onlar sadə xalqın içərisindən nisbətən imkanlılarını qurban kimi seçirmişlər. Əksəriyyətə, doqquz milyondan çox insana zülm edən nazirliklər, komitələr və digər dövlət qurumları isə sadə xalqa divan tutmaqda davam edir. Məsələnin mahiyyəti də bundadır…

Vergilər naziri Fazil Məmmədovun 9-cu mikrorayonda yerləşən sarayı, fikrimcə, Eldar Mahmudovun villasından da möhtəşəmdir. “Qaçqınkom” Əli Həsənovun Novxanıda elə  imarətləri var ki, hər biri MTN-in keçmiş şefinin sarayına meydan oxuya biləcək gücdədir və s.

Nə isə, gələk səhiyyə naziri Oktay Şirəliyevin analoqu olmayan ideyasına…

…Hər gün mənə elə gəlir ki, daha bu iqtidar bundan artığını etməz, əksinə, bundan sonra nəsə fikirləşib xalqa doğru hansısa addımı atmağa çalışacaq. Təsəvvür edirsinizmi, hər dəfə də yanılıram. Gözlədiyimin əksinə olaraq, elə şeylər fikirləşib ortaya qoyurlar ki, adamın ayağının altından yer qaçır.

…Iki gün əvvəl Xəzər TV-də Səhiyyə Nazirliyinin işləyib hazırladığı bir qaydadan bəhs etdilər. Orada deyilirdi ki, yaxın günlərdə həkimlərdən reseptə dərmanın adını yox, təsiredici maddələri yazmaq tələb olunacaq. Ona hansı dərmanı vermək səlahiyyəti isə aptekdəki satıcılara həvalə ediləcək. Bu nə deməkdir? Bu o deməkdir ki, xəstənin taleyi müalicə və tibbi bilikləri olmayan əczaçılara həvalə ediləcək. Loru dildə isə izahı belədir, kafeyə gedib ofisanta ət yemək istədiyini deyəcəksən və keçib oturacaqsan yerində. Onun lülə, basdırma, tikə, bozbaş, yaxud küftə olacağına mətbəxdəkilər qərar verəcəklər (Nəzərinizə çatdırım ki, ən abırlı müqayisəni seçdim – X.Ə.).

Ardınca Xəzər TV apteklərin buna hazır olu  olmaması haqda süjet verdi. Satıcıların(!) əksəriyyəti dedi ki, gəlin, biz sizi sağaldacağıq.

Bax belə, əziz xəstələr, özünüzü yeni müalicə üsuluna hazırlayın…