elnurastanbeyli@gmail.com
Deməli, qaynar.info saytı Azərbaycanın hansı məmurlarının şeir yazdığını araşdırıb, orada keçmiş asfaltbasan, hazırkı dəmir yolu rəisi Cavid Qurbanovun da təbinin tez-tez cuşa gəlməsindən danışılır. Sitat: “Onun (yəni Cavid müəllimin – E.A.) hətta 2010-cu ildə şeirlərdən ibarət kitabı da nəşr olunub: ”Dünya qəmli nağıl imiş…”
Sonra Cavid Qurbanovun elə eyniadlı şeirindən bir parça verilir:
“Biri varmış, biri yoxmuş”, –
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yanlış –
Dünya qəmli nağıl imiş…
Həqiqətən çox poetik, dərin məzmunlu, düşündürücü, şahanə və dahiyanə misralardır. Bayron, Lermontov, canım sizə desin, Nazim Hikmət, Pablo Neruda-zad sağ olsaydılar, yəqin şeirin necə yazıldığını Cavid müəllimdən öyrənər, hətta onun nəhəng ədəbi istedadı qarşısında qələmlərini yerə qoyar, gedib asfalt çəkər, ya da “provadnik” işləyərdilər.
Sözə bax, sözdəki hikmətə, qüdrətə bax: “Dünya qəmli nağıl imiş”. O boyda rüşvət, korrupsiya, var-dövlət, cah-cəlal, axırda da götürüb yazasan ki, “dünya qəmli nağıldır”-filan. Yaxşı, sizə dünya qəmli nağıldırsa, onda görün bu fəqir-füqəra, ac, yoxsul, işsiz millətə nədir!
Siz əlinizdəki bu qədər imkanlara, maddi və inzibati qüdrətə rəğmən dünyanın qəmli nağıl olmasından gileylənirsiniz, Amma bizim nağıllarla işimiz yoxdur, dünya bizə qəmli reallıqdır. Nağıllardakı qaranlıq quyular da, kəndiri kəsilən qardaş, kəndiri kəsən qardaşlar da, yeddi başlı əjdahalar da, daşa dönən adamlar da bizim üçün adi həyat gerçəkliyinə çevrilib artıq.
Siz dünyanı “özü yanlış, sözü yanlış” deyə yamanlayırsınız, ancaq bir dəfə də 22 ildir bu xalqa danışdıqlarınıza baxın, görün orada həqiqətlə əlaqəsi olan, yalandan-yanlışdan uzaq bircə söz, bircə cümlə varmı?
Əslində istənilən bir yaptokrata bu cür suallarla xitab etmək çox mənasız işdir. Ən azı ona görə ki, bunlar cavabı özündə olan suallardır, əziyyət çəkib hər hansı cavab axtarmağa ehtiyac duymayan suallardır.
Cavid müəllimin cahanşümul yaradıcılığı ilə vidalaşıb keçək “MTN işi”nə. Həbs və ev dustağı edilənlər arasında Azərbaycanın ictimai-siyasi aktivistlərinə adı yaxşı tanış olan xeyli adam var. Onların uzun illərdir tənqidçi, həqiqətpərəst jurnalistlərə, müxalif partiyalara, vətəndaş cəmiyyəti üzvlərinə hansı torbalar tikdiyini, hansı ləkələr yaxmağa, hansı böhtanlar atmağa çalışdığını, nə qədər günahsız insana siyasi sifariş və siyasi intiqam duyğusu ilə məşəqqətlər yaşatdığını hər birimiz bilirik.
Belələri tarix, gələcək nəsillər qarşısında onsuz da cavab verməli olacaqdılar. Özləri olmasa belə, övladları onların haqsız, hüquqsuz əməllərinin tənə, qınaq yükünü bir ömür boyu çiyinlərində daşıyacaqdılar.
Amma iş elə gətirdi ki, illər uzunu “külək əkən” həmin adamların nəhayət, bir gün “fırtına biçməyə” başladığını çox gözləmək lazım gəlmədi, hansı səbəblə olursa olsun, tifaqları erkən dağıldı. Elə xidmətçisi olduqları rejim tərəfindən!
Bu, ibrətlik bir hekayədir. Bu görkdür. Bu dərsdir.
Bu, “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” hikmətinin təntənəsidir.
Bu, “hayla gələnin vayla getdiyinə” dair inamın zəfəridir.
Bu zülmlə abad olanın gec-tez, fərq etməz, axırının mütləq və mütləq bərbad olduğunun görsənişidir.
Və bu həm də bir mesajdır, görk məqamı, dərs almaq, nəticə çıxarmaq imkanıdır ki, haqsızlıqda iştirakın heç bir zaman və heç bir bəhanəsi, bəraəti olmadığı kimi, cavabsız – cəzasız qalmaq kimi bir lüksü də yoxdur. Bunun nə zaman, niyə, necə, hansı formada baş verməsindən asılı olmayaraq!