Bakıda “Azərinşaatservis” MMC-nin 5 aydır maaş ala bilməyən işçiləri Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib. Etirazçılardan iki nəfəri nazirliyin qəbul otağına dəvət edilib, onların şikayətləri dinlənilib.
Nazirlikdən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü – noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək. Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar.
Ancaq 5 aydır ki, maaş ala bilməyən işçilər bu vədlə razılaşmayıblar. Və onlar Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışıblar.
Əraziyə göndərilən polis əməkdaşları narazı fəhlələrin ümuni kolon şəklində hərəkət etmələrinə icazə verməyiblər. Fəhlələrin qarşısı Yasama Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kəsilib. Onlardan 3 nəfəri PPX maşını ilə Polis İdarəsinə aparılıblar. Polis İdarəsinə götürülən 3 nəfərin idarə rəisinin qəbuluna aparıldığı və onların problemlərinin dinləniləcəyi bildirilib.
Polis əməkdaşları digər aksiyaçıların dağılmasını tələb ediblər və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildiriblər.
Zərgərpalan küçəsində toplaşan fəhlələrin “Azərinşaat”ın binası qarşısına aparılması üçün polis əməkdaşları tərəfindən avtobus gətirilib (musavat.com).











***
Bakıda “Azərinşaatservis” MMC-nin işçiləri etiraz aksiyası keçirir. İşlədikləri halda 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər (Xeberle.com).







