Nurəddin Məmmədli: «Bu, ölkənin strateji maraqlarına ciddi zərbə kimi dəyərləndirilməlidir»
Xəbər verildiyi kimi, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkəsinin Avrasiya Iqtisadi Birliyinə daxil olmasını istisna etmir. “APA-Economics”in “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir müavini Bakıda səfərdə olan rusiyalı jurnalistlərlə görüşü zamanı deyib:
“Biz səmərəli birliklərdə iştirakımızı istisna etmirik. Ilk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Dünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Avrasiya Iqtisadi Birliyində və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır”.
Professor Nurəddin Məmmədli məsələni şərh edərək vurğulayır ki, Azərbaycanın Avrasiya Ittifaqına qoşulması ölkənin strateji maraqlarına tamamilə zidddir. Nurəddin bəy deyir ki, Avropanın bir hissəsi olaraq demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarına təminat verilməsi, digər missiyaları üzərinə götürmək böyük bir revanş deməkdir. Bu halda, təbii ki, Azərbaycanın gələcək perspektivi avropalaşma, müasirləşmə yolundan keçir: “Lakin Avrasiya Ittifaqı Rusiyanın təsiri altında formalaşmış bir siyasi qurumdur. Hakimiyyət demokratiya və insan haqlarıyla bağlı qərbdən gələn təzyiqlərə qarşı çox aqressiv münasibət sərgiləyir. Sanki intiqam alırmış kimi, Avrasiya Ittifaqına qoşulmaqla cəzalandırmaq yolu tutur. Amma onlar cəzalananların daha çox Azərbaycan xalqının olacağını unudurlar. Rusiya kimi qeyri-stabil, gələcəyi perspektivsiz olan bir ittifaqa qoşulmaqla iqtisadiyyatda inkişaf, siyasi və hərbi sahədə uğurlar qazanmaq mümkün deyil. Hakimiyyətin bu qərarı məncə, reallaşmayacaq. Bu çılğınlıq sadəcə olaraq şantaj məqsədi daşıyır və reallaşarsa, ölkənin strateji maraqlarına ciddi zərbə kimi dəyərləndirilməlidir”.
Nigar


