Seçimsiz seçki

orxan-valehliOrxan Valehli

Əvvəlki illərdən fərqli olaraq düşünürəm ki, bu ilki seçkidə saxtakarlıq pik həddə çatmayacaq. Hətta ola bilsin ki, saxtakarlıq heç olmadı. Niyə? Sadə bir cavab. Hər kəs yaxşı bilir ki, ölkənin əsil müxalif partiyası və Milli Şura bu seçkiləri boykot etdi. Min nəfərin üzərində olan namizədlərdən yarısı namizədliyini geri götürdü. Onların bir çoxu kimin seçiləcəyini anlayaraq, bir çoxu da hakimiyyətin məsləhəti ilə namizədliyini geri götürüb.

Belə ki, seçkilər indi yox, iki-üç il əvvəldən başlayıb. Kim öz vicdanından keçib əsil mübariz insanlara şər, böhtan atıbsa, o da seçilib. Namizədlərin çox az bir hissəsi, hakimiyyətin razılığı olmadan seçiləcəyinə inanır. Beləliklə, namizədlərin 90%-i, əsil müxalifətə qarşı və düşmən olan adamlardır. Xalqın seçkilərdən xəbər tutmamasını, xəbər tutsa da, namizədlərə inanıb seçkiyə getməyəcəyini nəzərə alsaq, çox güman ki, rejimin öz seçdiyi namizədlər deputat təyin olunacaq. Lap təyin olunmasa, “sistemdə” cüzi yanlışlıq olsa belə, bunlar heç nə itirməyəcək. Seçiləcək namizədlər arasında normal bir müxalifətçi yoxdur, hər biri öz adamlarıdır. Kim seçilir seçilsin, heç nə itirməyəcəklər.

Öz yaşadığım rayondan bilirəm, YAP-dan namizədliyini irəli sürən İsmayılov Şahin Əmir oğlu, indidən “rayon camaatı”na netbook paylayır. Rayon icra başçısı başda olmaqla, hər kəs onu deputat çağırır. Qeyd edim ki, Cəmil Həsənlinin “ifşa” siyahısında bu adamın adı da var. Bakının bir çox rayonlarında, namizədlər artıq yol çəkdirirlər. Maraqlısı burasındadır, bir nəfər çıxıb demir ki, bir belə pul sizdə haradandır?
Ona görə bu qənaətdəyəm ki, AB-nin bu seçkiləri əvvəlcədən tanımaması bunları çox pis vəziyyətdə qoydu. Daha artıq batmamaq və öz çaplarında onlara mesaj vermək adına, çox da dibə batmayacaqlar. Nə də olsa, axı dünya bunların seçkidən əvvəl oynadıqları oyundan tam xəbərdar deyil. Qarşıdan da, prezident seçkiləri gəlir. Prezident seçkilərini də tanımasalar və onda da bunlar baş versə, rejimin istefası qaçılmaz olacaq. Əslində, bu seçkilər prezident seçkiləri üçün bir imtahan olmalıdır. Təbii ki, bunlar belə olmaya da bilər. Nə də olsa, bu yazılar sadə cəbhəçinin kiçik ehtimallarıdır…