Eldar Mahmudov Etibar Əliyevə necə “kömək edib”?

eldartModerator.az-a “Bank Technique” ASC-nin köhnə və yeni rəhbəri Etibar Əliyevlə bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, E.Əliyev MTN tərəfindən 2012-ci ildə həbs edilən zaman sabiq nazir Eldar Mahmudov və onun komandası azadlığı müqabilində bankirdən külli miqdarda vəsait tələb edib. E.Əliyev isə bu qədər vəsaitə malik olmadığını bildirdikdə isə sabiq MTN rəhbərliyi “Texnikabank” rəhbərinə “kömək etməyə” hazır olduğunu bildirib. “Yalnız ölümə çarə yoxdur” prinsipi ilə hərəkət edən E.Mahmudovun əməkdaşları bildirib ki, əmlakını banka girov qoymaq qarşılığında bir gündə bankdan lazımi qədər vəsaitin çıxarılmasını təmin edə bilərlər və bunun üçün sadəcə onun bu prosedura razılıq verməsi, gərəkli sənədləri imzalaması yetərlidir.

E.Əliyev öncə buna razılıq verməsə də, 8 aylıq həbs həyatının ardından MTN əməkdaşlarının bu təklifi ilə razılaşmağa məcbur olub. Nəticədə, E.Əliyevə məxsus obyektlər, eləcə də Novxanıdakı “Olimpik” otel MTN-ə yaxın banklara girov qoyularaq bankirin adına milyonlarla manat vəsait çıxarılıb. E.Əlyevin adına yazılan milyonlara sahib olan MTN yalnız bundan sonra “Texnikabank” rəhbərini azad edib.

Mənbənin sözlərinə görə, E.Əliyevin yenidən “Bank Technique” ASC-nin rəhbərliyinə gətirilməsindən sonra bankirə vurulan külli miqdarda maddi zərərin kompensasi məsələsi da gündəmə gəlib ki, yaxın günlərdə bu istiqamətdə də müəyyən addımların atılması gözlənilir.