Əliyev xəyanətkarları harda axtarmalıdır?

ilham-mushavireÖlkə başçısı komandasının hansı işlərlə məşğul olduğunu etiraf edir

Hökumətimizin “sahibkarlara dəstək” kampaniyası davam edir.  Ölkə başçısının məlum müşavirədəki çıxışından sonra,  komanda üzvlərinin dilindən “sahibkar” sözü düşmür. Hətta MTN-in keşmiş şefi Eldar Mahmudovun vurulmasını, generalların həbsini də belə təqdim etdilər ki, bu adamlar sahibkarlıq fəaliyyətinə əngəl törədirmiş. Ötən yazılarımızda da qeyd etmişdik ki, MTN-lə yanaşı digər strukturlar da qanunsuz əməllərlə məşğul olub və  bugün də bu “fəaliyyət” davam edir. Yəni bütün strukturlar  korrupsiyaya bulaşıb, bütün strukturlarda qanunsuzluq “at oynadır”.

Məsələ burasındadır ki, ölkə başçısı məlum müşavirədən sonra bütün tədbirlərdə sahibkarlara əngəl törədənləri hədələyir və sonuncu dəfə bu adamları “xəyanətkar” adlandırdı. “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”- deyə Ilham Əliyev bildirmişdi.

Biz ötən yazımızda bu çıxışa da münasibət bildirmişdik və  bütün qanunsuz əməllərin arxasında Əliyev komandasının  dayandığını vurğulamışdıq.

Amma bu mövzu öz aktuallığını saxlayır və daha xırdalıqlara enmək mümkündü. Axı, Əliyevin “xəyanətkar” adlandırdığı ünsürlər harda gizlənir? Bu adamlar maskalı gəzmir ki, tapmaq çətin olsun. Yaxud dağlara çəkilməyiblər ki, zərərsizləşdirmək üçün illər lazım gəlsin.

Bəli, Əliyevin “xəyanətkar” adlandırdığı adamları istənilən sahədə görmək mümkündür. Məsələn, bu gün ölkədə onminlərlə ailə evsizlik problemi yaşayır. Bu adamlar normal qiymətə mənzil ala bilmir. Əslində, tikilən hündürmərtəbəli binalarda mənzilin 1 kvadratmetri 200-250 manat olmalıdır.  Amma bu gün mənzillərin kvadrametri 800-3000 manat arası dəyişir. Tikinti şirkətinin sahibləri isə bunu belə izah edir ki, bir tikilini ərsəyə gətirmək üçün onlarla quruma “haqq” verməli olurlar. Hər tikilən binada müəyyən sayda mənzil kimlərəsə hədiyyə edilməlidir. Və bu “proses” nəticə etibarilə mənzil qiymətlərinin qalxmasına səbəb olur. Deməli, hansısa xəyanətkara görə, insanların ev arzusu gözündə qalır. Hələ ev almaqla da problem həll olunmur. Bu gün 100-lərlə yaşayış binası var ki, qazla təhciz olunmayıb. Çünki, həmin tikinti şirkəti FHN-ə lazım olan məbləği ödəyə bilməyib.

Yaxud turizm sektorunu götürək. Turizmlə məşğul olan sahibkar müxtəlif instansiyalara “şapka” verməlidir, vergi müfəttişindən tutmuş, icra hakimiyyətinə qədər hamını “yemləməlidir”. Nəticədə xidmətin qiyməti artır, yaxud sahibkar peşiman olub fəaliyyətini dayandırır.

Bu ölkədə Ünvanlı Sosial Yardım alan vətəndaş öncədən 6 ayın pulunu müvafiq quruma ödəməli olur. Hətta ən kasıb adamın haqqına da girilir və bu sahədə də xəyanət edilir.

Gömrükdən mal keçirmək istəyən sahibkarın başına elə oyun açılır ki, halal zəhmətlə dolanmağa “tövbə” edir.

Dövlət xəstəxanlarında bütün xidmətlər kağız üzərində pulsuzdur. Amma reallıqda xəstə adam bu korrupsiya yuvasında daha da xəstələnir. Bütün analizlər pulludur, xüsusən onkoloji xəstələrə zülm edilir. Çünki, bütün xəstəxanalar hər ay müvafiq yerə ödəniş etməlidir.

Bu siyahını uzatmaq da olar. Demək istəyirik ki, bütün strukturlarda eyni ab-hava hökm sürür. Bütün qurumlarda rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə halları təbiiləşib. Yolda dayanan polis serjantı da ayın sonunda müəyyən olunmuş məbləği ödəməlidir.

Deməli, Ilham Əliyevin axtardığı “xəyanətkar” bütün strukturlarda fəaliyyət göstərir. Bütün qurumlar yuxarının haqqını çatdırmaq üçün çalışır. Yəni bu xəyanətlər rejimin  siyasətindən, strategiyasından, ideologiyasından doğur.

Bir sözlə, Əliyevin “xəyanət” adlandırığı əməllərlə vətəndaş hər gün və hər yerdə qarşılaşır. Ölkə başçısı etiraf edir ki, komandası pis işlərlə məşğuldu. Konkret sahbikarlara gəlincə, yuxarıda qeyd etdiyimiz kimi, bina tikən, turizmlə məşğul olan, fermer kimi fəaliyyət gösətərən, balaca köşkdə meyvə-tərəvəz satan və digər biznes növü ilə məşğul olanlar  qanunsuz müdaxilələrdən beziblər.

Samir