Yoxlayın, amma pul almayın

ilham-huseynDövlət strukturlarının «yoxlamayacağıq» şüarına sözardı

İlham Hüseyn

Həqiqətən də bu dövləti obyekt kimi idarə edirlər. Hələ də anlaya bilmirlər ki, islahat aparmaq, vəziyyəti dəyişmək necə olur. Ölkə başçısının Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirdiyi fikirlər hamının yadındadı.  Prezident dedi ki, əsassız yoxlamalar azaldılmalıdır, əsassız lisenziya tələbləri ləğv olunmalıdır, sahibkarların soyulmasına, boğulmasına son verilməlidir və s.

Təbii ki, biz ölkə başçısının bu etiraflarına, tapşırıqlarına münasibət bildirmişik və geniş şərhlər vermişik. Amma bu yazıda toxunmaq istədiyimiz tamam başqa  bir məqam var. Sirr deyil ki, bu yoxlamalar, lisenziyalar sahibkardan pul qoparmaq, rüşvət tələb etmək məqsədi güdürdü. Indi isə bu prosesdurların ləğv olunması,  sahibkardan alınan pulun azalması deməkdir. Belə bir məqamın yetişməsi Azərbaycan reallığında yoxlamaları mənasızlaşdırıb.

Bir neçə gündür mətbuatdan xəbər tuturuq ki, Vergilər Nazirliyi yoxlamaları dayandırır, Standartlaşdırma idarəsi yoxlama aparmayacaq, gömrükdə yoxlama ləğv ediləcək və s.

Cənablar, sizə kim deyib ki, yoxlama aparmayın? Sizə deyilib ki, əsassız yoxlamaları ləğv edin. Bir daha təsdiqlənir ki, bu hökumət kampaniyaçılıqla məşğuldu. Məsələnin məğzinə, mahiyyətinə varmadan “hurrey” edib gedirlər. Necə yəni yoxlamaları dayandırırıq?

Hər bir dövlət strukturunun qanunla müəyyən olunmuş hüquqları var və bu hüquqlardan istifadə etməlidir. Vaxtı keçmiş məhsul satılırsa, məhsulun tərkibi dəyişdirilibsə, ölkəyə qeyri-qanuni mal gətirilirsə, kimsə vergidən yayınıbsa, təbii ki, yoxlanmalıdır və müvafiq tədbir görülməlidir. Əgər binaların penoplast üzlüklərlə üzlənməsi yoxlanılsaydı və lazımi qərar qəbul edilsəydi, 15 vətəndaşımızı itirməzdik. Yəni dövlət strukturlarından  yoxlamanı dayandırmaq yox, pul almamaq, qeyri-rəsmi ödəniş tələb etməmək istənilir.

Bunlar isə öz aləmlərində “yoxlamayacağıq” deyərək, islahat apardıqlarını düşünürlər. Sənin işin yoxlamaqdırsa, yoxlamalısan.

Məsələ burasındadır ki, “yoxlamayacağıq” şüarının arxasında da bir etiraf dayanır. Deməli, bugünə qədər aparılan bütün yoxlamalar lazımsız, mənasız imiş. Sadəcə olaraq işin kökündə pul dayandığına görə, bütün strukturlar “yoxlayırmış”. Indi isə pul əldən çıxdığına görə, qanuni yoxlamanın da başını buraxırlar.

Sanki, bunlar dövlətin yox, hansısa mağazanın işini görürlər. Belə qeyri-ciddi bəyanatlar, saxta kampaniyaçılıq bizi hara aparır?

Qorxuruq, bundan sonra bütün yoxlamaları dayandıralar, amma pul almağa davam edələr. Rejimoloqların təfəkkürü elə formalaşıb ki, pulsuz addım atmaq istəmirlər. Bunların təfəkkürünə görə, yoxlama aparmaq pul almaq üçündür. Heç kimə sirr deyil ki, bu ölkədə pul müqabilində istənilən yoxlamanın gözün yummaq mümkündür və pul qarşılığında xeyli  qanusuzluqlara “yaşıl işıq” yandırılıb. Ölkənin bu günə düşməsinin əsas səbələrindən biri də budur.

Bir daha təkrar edirik ki, “yoxlamayacağıq” deyib, bizə minnət qoymayın. Yoxlayın, qanun çərçivəsində nə lazımdırsa edin, amma pul almayın, sahibkarı süründürməyin, səlahiyyətinizdən sui-istifadə etməyin.