Siyasi vektorumuz hayana

mehemmed-talibliMəhəmməd Talıblı

Ötən il “Azərbaycanın strateji seçim anı” adlı məqaləmdə qeyd etmişdim ki, ölkəmiz hansı siyasi və iqtisadi sistemdə olması ilə bağlı yaxın aylarda özünün birmənalı mövqeyini müəyyənləşdirmək zərurəti ilə üz-üzə qalacaq. Əks halda ölkəmizə münasibətlər sistemi dəyişəcək. Bu seçim bir ölkə olaraq bizim hansı yöndə inteqrasiyamızı və özümüzü hansı blokda gördüyümüzün açıq ifadə forması demək olacaq. Bu həm də bir hökumət və ölkə olaraq hansı dəyərləri bölüşəcəyimizlə bağlı siyasi vektorumuzun və niyyətlərimizin təzahürü sayılacaq. Həmin strateji an yetişdi. Bu bizlər üçün illər və ya onilliklər kimi böyük zaman kəsiyini əhatə etsə də, bu tarix üçün an anlamındadır.
Ötən əsrin sonlarından Avropa strukturları ilə mərhələli əməkdaşlıq Proqramlarına (Yaxın Qonşuluq Siyasəti, Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı) qoşulduq. Əksər dövlət qurumları yüz milyonlarla dollar səviyyəsində institsional islahatların həyata keçirməsi ilə bağlı qrantlar aldı. Bütün bu qrant proqramları ölkənin bütün sferalarının Avropa standartlarına (3700 istiqamət üzrə) mərhələli çatdırılmasını özündə ehtiva edirdi. Güclü vətəndaş cəmiyyət insitutunun formalaşması üçün də tərəfdaş qurumlar müəyyənləşdi. Onların inkişafı üçün bütövlükdə institsional dəstək proqramları həyata keçirildi. Uzun illik əməkdaşlıq çərçivəsindən hökumət bir andaca imtina edərək tamam başqa siyasi xətt seçdi. Sanki bütün bu edilən sadəcə quru bir keçmiş imiş. İnteqrasiyaya xidmət edən bu islahat addımlarına sanki heç bir resurs xərclənməmiş kimi bunu çox asanlıqla etdilər. Söhbət Avropa İttifaqı ilə təkcə ölkədəki insan hüquq və azadlıqlarının pisləyən qətnamədən də getmir. Bu əslində bütün bu edilənlər dolmuş stəkanda son damla idi. Bütün bunlardan sonra Azərbaycan sosialist düşərgəsində yer almaq üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv və Avrasiya İttifaqında təmsil olunmağa start verdi. Əslində bu hökumətin nümayişyanə formada siyasi vektorunu tamam fərqli qütbə çevirməsi idi. Məhz buna görədir ki, dünənə qədər Avropa strukturlarına və Qərbə inteqrasiya kursunu təbliğ edən və bütün bunlara görə özlərinə hətta karyera quran “ekspertlər” bircə həftədə tamam başqa siyasi blokun “üstünlüklərini” cəmiyyətə sırımağa başladılar. Demək olar ki, Avrasiya İttifaqının əhəmiyyəti ilə bağlı ictimai rəyi hazırlamağa başlayıblar (onun iqtisadi ziyanları haqqında növbəti yazıda). Özü də söhbət ortada heç bir ciddi arqumentlərlə üstünlük qazanacaq strateji seçimin faydalarından getmir.
Heç olmasa, belə kəskin siyasi kursu dəyişəndə ortabab bir referendum keçirin. Xalqın özünün gələcəyini hansı siyasi və iqtisadi məkanda görməsinə dair rəyi ilə tanış olun. Heç olmasa bu məqamda əlahəzrət Xalqla hesablaşın. Xalq Avropa istəsə, siz xalqın heç olmasa bu dəfəki qərarına tabe olun. Yox, əgər Rusiya desə, yenə yolunuza davam. Onsuz da doğru bildiyiniz yoldan sizi saxlamaq faydasızdır. Amma heç olmasa bunu xalq üçün yox, tarix üçün edin. Bunu etməyəcəyiniz təqdirdə nəinki xalqa, heç tarixə də işləməyəcəyinizi ortaya qoyursunuz.

Mərhəmətə bağlı müstəqillik

Müstəqillik anlayışını formallıqdan çıxarıb, real məzmunlu ciddiyyət forması verməyimiz üçün onun gələcək qarantiyası olmalıdır. Müstəqilliyə basqı “manyakı” olan Rusiyanın patronajlığı ilə onun siyasi layihələrində yer almaq bu millətin müstəqillik yolunda qan tökməsinə saymazyanalıqdan gəlməkdir. Rusiya ilə əməkdaşlıq etmək olar və bu lazımdır. Qonşuluqdan nə özümüz köçəsi və kimisə də köçürəsi deyilik. Geopolitik anlayışları nəzərə almağınız başa düşüləndir. Rusiyaya müharibə edəsi anantüramızda yoxdur. Amma Şərin orbitindən nə qədər uzaq dursaq, müstəqilliyimizi bir o qədər təminat altına almış olacağıq.
Ölkədə elə bir ortam yaradılıb ki, antirusiya ritorikası da var gücü ilə işləmir. Hətta ölkə vətəndaşı bilsə də ki, Rusiyanın başında durduğu istənilən siyasi blok bizim də müstəqilliyi təhdid alətidir. yenə də müqavimət gücü hiss olunmayacaq. Çünki, Rusiyadan gələn pullar və fiziki olaraq burada qeydiyyatda duran ayın sonunda Rusiyadan gələn pulla dolanan həmvətənlərimiz üçün ora hələ ki, ikinci vətən sayılır. Hətta Rusiyanın elitası Putinizmi “meymunlar ölkəsi” adlandırsa da… Vətəndaşı Rusiya bazarlarından asılı olan bir ölkənin müstəqillikdən, xüsusilə iqtisadi müstəqillikdən dəm vurması yerində olan özündənrazılıq deyil. Adama deyərlər vətəndaşını Rusiyanın çöllərindən yığ, sonra Rusiyanın layihələrindən imtina et. Adama deyərlər ölkəndə insan hüquq və azadlıqlarına hörmət qoy ki, vətəndaşların hüquqsuzluğun yaratdığı “bezpredellikdən” fəryad çəkib Avropa ölkələrindən sığınacaq almasın. Bu zaman sən də ürəyin istəyən qədər anriavropa və ya antiqərb ritorikası yap. Hətta siyasi revanş üçün düşünülmüş Avrasiya İttifaqına da üzv olmamaq cəsarəti göstər. Sənin bu müstəvilərin heç birində uğur hekayən olmadığı üçün əsən hər hansı bir siyasi “küləyə” asanlıqla tabe olursan. Bütün siyasi valiasiyaların səbəbi budur.

Rusiyanın sərt nəzərlərindən qorxub sıraya düzülüb “xor” oxumaq lazım deyil. Xalqının özünə münasibətini güc qaynağı hesab edən iqtidar kənar təsirlərə bu qədər həssas ola bilməz və əslində olmamalıdır da… Rusiya qəddini onun qarşısında əyən kiçik qardaşa müvəqqəti olaraq hamilik edər. Fərqli imkanlarla Rusiya ilə bərabər hüquq istəyən subyektə onun daxili nifrəti dəyişməzdir. Bu hegomoniyanın xarakteridir. Məhz buna görədir ki, Rusiyanın “yem” kimi baxdığı postsovet dövlətlərinin üzüyolalarını müxtəlif amorf birliklər (MDB, Avrasiya İttifaqı, Gömrük İttifaqı) çətəri altında birləşdirməyə cəhdlər edir. Bütün bunlar yalnız Rusiyanın doymayan iştahı üçün “ağız” tələsidir. Çünki, Rusiyanın əsas strategiyasının mahiyyətində fikrimcə, bu prinsip durur: “Ya ağız olub, yeməlisən, ya da yem olub yeyilməlisən.” Çünki, hegomoniyalar başqa prinsip və sayğı duruşu tanımır. Sayğı duruşu yalnız onun keçici və səbəbsiz mərhəməti sayəsində baş tuta bilər. Hətta sənin müstəqilliyində onun “mərhəməti” sayəsində mümkün ola bilər. Gecə başqa xəyalla yatıb səhər fərqli röya ilə duran “böyük qardaş” sənin müstəqilliyinin daha bitdiyini elan edə bilər. Təsadüflərə bel bağlayan cəmiyyətin nəsibi elə “röyalardan” asılı olar. Onunla sahibinin necə davranmasını özü yox, ipi əlində olan sahibi müəyyənləşdirir. Bütün mənalarda Rusiya ilə münasibətlər müstəmləkə-metropoliya prinsipləri çərçivəsində mövcud ola bilər. Tərəfdaş və qarşılıqlı faydalılıq prinsipi onun xarici siyasət doktrinasında yox.
Ona görə Rusiyanın əzici gücündən qorxaraq istənilən birlkdə təmsil olunmaq istəyi dəyişən şərtlərlə vahid platformada inkişaf bir araya sığası deyil. Hər dəfə bir bəhanə tapıb səninlə qeyri-adekvat davranacaqlar. Cüzi müqavimətini və razı olmamaq mövqeyini hiss edəndə nifrətinin şiddətini artıracaqlar. Bütün bunları biləndən sonra Rusiyanın siyasi projelərində yer almaq strateji seçimdə praqmatik-rasionalizmdən xeyli uzaqdır. Əslində qarşılıqlı etimad və birgə strategiya sonucları olmayan birliklər emosiya “öldürmək” üçün əlavə zaman və digər resursların itkisidir. Yalnız düşünülmüş qərarlar qalıcı dəyərlər yarada bilər. Ona görə də Rusiyanın orbitində qalaraq ölkəmizin siyasi və iqtisadi inkişafına nail olmağın nə yaxın, nə də uzaq perspektivinə inanmaq mümkün deyil.