Sülhəddin Əkbər: «Kompromatlara sahib MTN-çilərdən kimsə xaricə qaçmaq imkanı əldə edəcəksə, həmin şəxslərin bu məlumatları yaymaq riski daha çoxdur»
MTN-də baş verənlər neçə gündür ki, mətbuatın gündəmindədir. Artıq MTN strukturunda çalışmış 9 əməkdaş vəzifədən çıxarılıb. Onlardan 4-ü generaldır. Amma baş verənlərin fonunda bir sıra məqamlar diqqət çəkir. Rəsmi mətbuat MTN-də baş verənlər barədə, demək olar, məlumat yaymır. Ekspertlər bunu təsadüfi qiymətləndirmirlər.
Onların fikrincə, rəsmi mətbuatın bu cür davranışı vəzifədən uzaqlaşdırılan şəxslərin əllərində olan materiallarla bağlıdır. Belə ki, bu şəxslər çalışdıqları müddətdə təkcə sadə vətəndaşlar barədə informasiya toplayaraq onları şantaj etməklə məşğul olmayıblar. Bəzi məlumatlara görə, bu şəxslər eyni zamanda yüksək post tutan məmurlarla da bağlı yetərincə ciddi kompromatlar yığıblar. Məhz bu məqam bu şəxslərlə ehtiyatlı davranmağa vadar edir.
Gülər Əhmədova olayları zamanı bir məqamı xatırlatmaq yerinə düşər. Həmin dönəmdə ciddi təzyiqlərlə üzləşən G.Əhmədova vəziyyəti öz xeyrinə bir açıqlama ilə dəyişdi. G.Əhmədovanın “ağzımı açdırmayın” açıqlaması ona qarşı olan hücumları dayandırdı.
Digər bir məqamı da nəzərə almaq lazımdır ki, hazırda vəzifədən uzaqlaşdırılan şəxslərlə bağlı işlər Baş Prokurorluğun nəzarətindədir. Baş Prokurorluq və MTN qarşıdurmasının isə kökü çox dərinə gedir. Hələ “qara kəmər” əməliyyatı zamanı MTN hüquq-mühafizə strukturuna ciddi zərbə vurmuşdu. Hazırda isə vəzifədən uzaqlaşdırılan MTN əməkdaşlarının işi prokurorluğun əlindədir. Belə olan halda prokurorluğun rəhbərliyi səviyyəsində belə kompromatlara sahib ola biləcək şəxslərin istintaqı nə dərəcədə ədalətli ola bilər. Bu şəxslər əllərində olan kompromatları ictimailəşdirə bilərlərmi? Onların diqqəti özündən yayındırmaq üçün gündəm dəyişmək cəhdləri baş verə bilərmi?
Çünki Azərbaycan təcrübəsində bir neçə dəfə belə cəhd olub. Ekspertlərin fikrincə, 2003-cü ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu baxımdan təsadüfi sayılmamalıdır. Bu dönəmdə baş verən qətl gündəmi tamamilə dəyişmişdi. Bu qətl ilə hakimiyyətdə təmsil olunan qüvvələr həm diqqəti özlərindən yayındırmış, həm də uzun müddətdir hakimiyyəti sərt tənqid edən jurnalisti susdurmağa nail olmuşdular. Eyni ssenari yenə təkrarlana, əllərdə olan kompromatların gündəmi dəyişmək və diqqəti MTN-dən yayındırmaq məqsədilə ictimaiyyətə açılması baş verə bilərmi?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, təbii ki, keçmiş MTN-çilərin bu kompromatları yaymaq riski və ehtimalı var. S.Əkbərin sözlərinə görə, amma onlar Azərbaycanda nəzarətdə olduğu dönəmdə belə bir hərəkətdən çəkinəcək: “Əgər hədəfdə olan və kompromatlara sahib MTN-çilərdən kimsə kampaniyadan yayınmaq və xaricə qaçmaq imkanı əldə edəcəksə, həmin şəxslərin bu məlumatları yaymaq riski daha çoxdur. Ona görə hazırda hakimiyyət bu kampaniyaya daxil olan şəxslərin müəyyən edilməsi ilə məşğuldur. Hakimiyyət kənarda adam saxlamaq istəmir. Əgər kənarda qalan adamlardan biri xaricə çıxmaq imkanı əldə edərək, toxunulmazlıq və təhlükəsizlik təminatı alacaqsa, o zaman bu risk yüksələcək. Onlar ölkə daxilində olduqları müddətdə həm özlərinə, həm də ailə üzvlərinə görə belə bir addım atmaqdan yayınacaqlar”.
Hikmət



