Yaxud uzun illər qanunsuzluqlara «yaşıl işıq» yandıranların narahatlığı
MTN-də baş verənlərdən sonra rejim mənsubları dilə gəlib. Hamı bu strukturdakı yeyintilərdən, rüşvətdən, qanunsuzluqdan, sahibkarlara basqıdan danışır. Ölkə başçısı bütün tədbirlərdə qanunsuz əməllərlə məşğul olanları, vətəndaşlara əngəl törədənləri hədələyir, onları xəyanətkar adlandırır. Yəni elə bir təəssürat yaradırlar ki, guya bu ölkədə bütün neqativ hallar MTN-dən qaynaqlanırmış və yerdə qalanlar mələkdir. Guya, pisliklərin kökünü tapıb, son qoyublar.
Amma maraqlı sual ortaya çıxır. Bu illər ərzinə MTN-in nə işlə məşğul olduğunu, hansı xəyanətlərə imza atdığını bilmirdiniz? Əgər ölkə başçısı baş verənlərdən xəbərsiz olubsa, deməli, ölkə idarə olunmur. Bəli, dövlətin əsas strukturu irimiqyaslı əməliyyatların içinə girirsə və bu ölkə başçısının diqqətini çəkmirsə, deməli, bu şəxs yerində deyil.
Amma bu inandırıcı görünmür. Ən azı ona görə ki, ölkə başçısı mətbuatı mütəmadi izlədiyini, hər şeydən xəbərdar olduğunu etiraf edib. Digər tərəfdən, Prezident Aparatına şikayət daxil olan kimi, Eldar Mahmudovun “vurulması”, dərhal həbslərin start götürməsi real görünmür. Ən azı bu şikayətlər incələnməli, müəyyən strukturlar araşdırma aparmalıydı.
Deməli, MTN-də baş verənlər, korrupsiya fəaliyyətləri öncədən məlum imiş. O zaman, niyə uzun illər ərzində bu yeyintilərə, qanunsuzluqlara göz yumulub? Ölkə başçısı bu cinayətkarları niyə vaxtında cəzalandırmayıb? Niyə günahsız insanların həbs olunmasına, sahibkarların var-yoxdan çıxarılmasına, ölkə sərvətlərinin xaricə çıxarılmasına imkan verilib?
Bu sualın çox sadə cavabı var. Məsələ burasındadır ki, MTN-də baş verənlər, Eldar Mahmudovun “vurulması” dövlət maraqlarına görə yox, şəxsi maraqlara görə reallaşıb. Zərbə hökumətin özünə dəyəndə, şəxsi “simlər”ə toxunanda “həyəcan təbili” çalmağa başlayıblar. Bəli, rejimin yazılmamış qanunlarını pozmadığın müddətcə, istənilən qanunsuzluqla məşğul ola bilərsən, bütün cinayətlərdən təmiz çıxa bilərsən. Amma iynənin ucu başdakı şəxsə batanda, çirkli bioqrafiya ictimailəşdirilir.
Ümumiyyətlə, son dövrlər ölkədəki neqativ halların etiraf edilməsi, xüsusilə də sahibkarların soyulmasının, boğulmasının dilə gətirilməsi təsadüfi deyil. Bu hallar uzun illərdi yüksək səviyyədə davam edir və hamının bundan xəbəri var. Sadəcə olaraq indi böhranın qoxusu hökumətin də burnuna çatır və başa düşürlər ki, “təmiz hava”ya çıxmaq çətin olacaq. Ona görə də bəzi “yaşıl işıq”ları “qırmızı” ilə əvəzləmək zərurəti yaranıb.
Akif