pul-korrupsiya

İş adamlarına və biznesin inkişafına mane olan kimlərdir?

pul-korrupsiya

Gözəl Bayramlı: «Bu, birbaşa hakimiyyətin özünün siyasəti olub»

Nurəddin Məmmədli: «Ölkədə rüşvətxorluq və korrupsiyanın azalması imitasiyasını yaratmaq istəyirlər»

Prezident Ilham Əliyev Sumqayıtda “Azərikimya” Istehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində sahibkarlarla bağlı fikirlər səsləndirib.

Dövlət başçısı bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əksinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”.

Ölkə başçısının bu çıxışı nə dərəcədə səmimidir? Doğrudanmı illərdir baş verənlərdən, məmur özbaşınalığından, sahibkarlardan qanunsuz olaraq haqq alınmasından, onların dama basılmasından, bu yolla soyulmasından dövlət başçısı xəbərsiz olub?

gozel bayramli-itv-cixish

Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Gözəl Bayramlı söyləyir ki, sahibkarlara qarşı hakimiyyətin münasibəti göz qabağındadır. Onların sıxışdırıldığını, biznes mühitinin inkişafına maneələr törədildiyini deyən  həmsöhbətimiz, məsələnin hakimiyyətin zirvəsindən qaynaqlandığını deyir: “Sadəcə olaraq bu gün ölkədə sahibkarlara qarşı belə münasibətdə MTN və onun struktur idarələrinin adının hallanması bu qənaətə gətirib ki, guya prezident daim sahibkarlara arxa-dayaq olub və onları müdafiə edib. Əslində isə sahibkarlara qarşı belə münasibət  birbaşa hakimiyyətin özünün siyasəti olub. Rüşvətxorluq, korrupsiya, hər şeyin monopolistlərin əlində cəmləşməsi  prosesi yeni deyil. Prezident başqa məsələlərdə nə qədər qeyri-səmimidirsə, sahibkarlara qarşı münasibətdəki məsələdə də eynidir”.

nureddin-memmedli

Professor Nurəddin Məmmədli hesab edir ki, neft pullarının tükənməsi ölkədə çox şeyi dəyişib. O, I.Əliyevdə müşahidə olunan keyfiyyət dəyişkənliyi də bununla bağlıdır. Uzun müddətdən bəri siyasi xadimlərin, müxalifət liderlərinin və ekspertlərin dediklərinə əhəmiyyət verilməməsinin nəticəsidir bu. “Son günlərdə baş verən hadisələr və biznesmenlərin, iş adamlarının yoxlanmasına qoyulan süni qadağalar, qiymətli məhsulların gömrükdən rüsumsuz keçirilməsi və s. xırda addımlar prinsip etibarilə tamamilə başqa bir məqsədə xidmət edir. Belə ki, Azərbaycanda bu gün real qiymətlərdən çıxış etsək, büdcə iki dəfədən artıq azalıb. Ölkənin maliyyə vəsaitlərinə böyük ehtiyacı var. Bu gün ölkənin xarici borcu kifayət qədər böyük olduğundan beynəlxalq maliyyə qurumları Azərbaycana artıq borclanmaya imkan vermir. Ölkədə maliyyə qaynaqlarının artırılması, yəni büdcənin gəlir hissəsinin artırılması və müəyyən iqtisadi islahatların keçirilməsi şəraitində həmin borclar verilə bilər. Ona görə də hazırda dövlətə rüsum ödənməsiylə bağlı yeni qaydalar tətbiq olunur. Son günlər prezidentin atdığı addımlarla imitasiya yaratmaq istəyirlr ki, ölkədə aparılan iqtisadi islahatların hesabına korrupsiya, rüşvətxorluq azalacaq. Şəxsi qənaətim budur ki, ölkədə mövcud olan durumu aradan qaldırmaq üçün bütün sferaları əhatə edən kompleks tədbirlər görülməlidir. Gömrükdəki korrupsiya hallarına son qoyulmalı, iş adamlarına iqtisadi rəqabət şəraitində öz biznesini inkişaf etdirmək imkanı verilməlidir. Dəqiq proqrama əsaslanan geniş layihələr həyata keçirilməlidir. Hələlik büdcənin artırılmasını vaxtilə külli miqdarda pul mənimsəmiş adamların əlindəki varidatı qaytarmaqla reallaşdırırlar. Ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır və yaxınlarda hansısa müsbət tendensiyanın yaranacağına ümid yoxdur”- deyə N.Məmmədli vurğuladı.

Nigar