Eldar Mahmudovun mühafizəçiləri həbs edildi; MTN polis və prokurorluğu dinləyirmiş

eldar-mahmudov2

Keçmiş nazirin qohumu barədə də cinayət işi başlandı; Onunla bağlı geniş miqyaslı araşdırmalardan sonra həbslərin növbəti dalğası başlayacaq

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad ediləndən bəri ilk dəfə ötən bazar günü üzə çıxıb və qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasında iştirak edib. Bu barədə virtualaz.org saytına məlumat verən mötəbər mənbə bildirib ki, Eldar Mahmudov mərhumun dəfn mərasimində də iştirak edib və bütün yas mərasimi boyu qudası Cahangir Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb. Sabiq nazir fikirli və pərt görünüb.

Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir.

Eldar Mahmudov vəzifədən qəfil azad olunandan sonra onun barəsində müxtılif məlumatlar yayılmaqda idi. Bəzi mənbələr onun qeyri-rəsmi ev dustaqlığında olduğunu iddia edirdi.

Məlumatlara görə, Eldar Mahmudov hazırda Badamdardakı dəbdəbəli şəxsi iqamətgahında yaşayır.

Eldar Mahmudovun dörd mühafizəçisi həbs edildi

Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib”.

Bu məlumatı isə moderator.az-a etibarlı mənbə verib. Mənbənin sözlərinə görə, həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir. Mənbənin sözlərinə görə, aparılan araşdırmaların sonucunda Eldar Mahmudov və ailə üzvlərinin mühafizəsini həyata keçirən daha bir neçə şəxsin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Keçmiş nazirin qohumu barədə cinayət işi başlandı

Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun barəsində də cinayət işi başlanıb. Qeyd edək ki, Beytulla Hüseynov “MTN işi”lə bağlı tutduğu vəzifədən azad edilmişdi.

Trend yazır ki, Beytulla Hüseynov barəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham edilir. Cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi aparır.

Telefonların dinlənilməsi səlahiyyəti niyə DİN-ə verildi?

Strateq.az saytı isə telefonların dinlənilməsi səlahiyyətinin DIN-ə verilməsi ilə bağlı ilginc məlumatlar əldə edib. Bəlli olub ki, əməliyyat zərurəti ilə əlaqədar olaraq, telefonların dinlənilməsi səlahiyyəti ayrıca götürülmüş bir qurumda yox, bundan sonra paralel şəkildə hər iki qurumda – həm DIN-də, həm də MTN-də olacaq, onlara ümumi nəzarəti isə Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) həyata keçirəcək.

Belə bir qərarın alınmasının səbəbinə gəldikdəsə, Strateq.az mötəbər mənbələrdən bununla bağlı da olduqca sensasion bilgilər əldə edib.

Məlumata görə, MTN-dəki məlum dəstənin fəaliyyətinin izlənməsi zamanı bu şəbəkənin təkcə ayrı-ayrı iş adamlarını, imkanlı və vəzifəli şəxsləri deyil, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan digər dövlət qurumlarının – xüsusən də Daxil Işlər Nazirliyinin və Respublika Prokurorluğunun əməkdaşlarını da dinlədikləri aşkarlanıb!

Konkret dəlil-sübutlarla müəyyən edilib ki, MTN-dəki məlum dəstə səlahiyyətlərindən və əllərində olan texniki imkanlardan, dinləmə qurğularından yararlanaraq, xüsusən DIN əməkdaşlarının hazırlayıb həyata keçirmək istədikləri məxfi əməliyyat tədbirləri, eləcə də gizli agentura şəbəkəsi barədə öncədən məlumatlı olaraq, bu informasiyalardan bir neçə məqsəd üçün istifadə ediblər:

Polisin əldə etdiyi informasiya özününküləşdirilərək, qabaqlayıcı addımlar atılıb;

Polisin bəzi əhəmiyyətli sektorlardakı (xüsusən cinayət aləmindəki, siyasi sferadakı, narkotik qaçaqmalçılığının mövcud olduğu ərazilərdə və s.) mühüm informasiya mənbələri öyrənilərək, o mənbələri müxtəlif şantaj vasitəsi ilə öz agentura şəbəkələrinə daxil etməyə və “ikili əməkdaşlığa” cəlb etməyə səy göstəriblər;

Bir çox hallarda polisin hər hansısa cinayətdə şübhəli bilib barəsində əməliyyat tədbiri apardığı vacib şəxslərə informasiya məqsədli şəkildə sızdırılmaqla, onları vaxtında duyuq salıblar və bunun qarşılığında da ya külli miqdarda qazanc əldə ediblər, ya da həmin şəxsləri məxfi əməkdaşlığa cəlb ediblər.

MTN-dəki məlum dəstənin sabit şəkildə informasiya sızdırdığı şəxslər arasında xarici ölkə vətəndaşlarının da olduğunun müəyyənləşdirildiyi və onların bəzilərinin isə konkret ölkələrin xüsusi xidmət servisləriylə əlaqələrinin ola biləcəyi ehtimalının da hazırda istintaq qrupunun diqqətini çəkdiyi bildirilir?

Eldar Mahumudovun hektarlarla torpaq sahəsi üzə çıxdı

Azadlıq”ın əldə etdiyi məlumatlara görə, Eldar Mahmudovun nəzarətində olan Texnika Bank da batır. Məlumatda deyilir ki, bankın işçilərinin əhəmiyyətli hissəsi məzuniyyətə göndərilib. Bundan başqa məlum olub ki, bankın müştərilərə külli miqdarda borcu var. Artıq bəzi müştərilər bankla bağlı məhkəməyə müraciət ediblər. Məlumat üçün deyək ki, Texnika Bankın rəhbəri Etibar Əliyev və bankın xeyli əməkdaşı MTN tərəfindən həbs olunandan sonra bank Eldar Mahmudovun nəzarətinə keçmişdi. Bəzi iddialara görə, MTN əməliyyatı da məhz bankı ələ keçirmək məqsədi daşıyıb. Eldar Mahmudov bu məqsədini həyata keçirmək üçün ölkə rəhbərliyinə yanlış məlumatlar verib. Ilham Əliyev inandırılıb ki, bank vasitəsilə müxalifət liderlərinə xaricdən pul ötürülür.

Bundan başqa əldə etdiyimiz məlumata görə, Eldar Mahumdov işdən çıxarılandan sonra bəlli olub ki, keçmiş nazirin Bakı kəndlərində hektarlarla torpaq sahəsi var. Bu torpaq sahələri bəzi hallarda şantaj və hədə yolu ilə ələ keçirilib.

Pul köçürmələrinin qara bazarın ciddi bir hissəsinə də Eldar Mahmudovun nəzarətində olub. Bildirilir ki, bu məsələ də ciddi araşdırılır.

Məlumatlara görə, Eldar Mahmudovla bağlı geniş miqyaslı araqşdırmalardan sonra növbəti həbslər dalğası başlayacaq.