Bayraq, daxma və cəngavər utancaqlığı

mehemmed-talibliMəhəmməd Talıblı

Bir otaqlı daxmada böyük bir ailəsi ilə yaşayan bu insanı bütün ölkə müzakirə edir. Onun yaşadığı yeri ev yox, ona görə daxma adlandırıram ki, qapısı və pəncərəsi olmayan həmin daxmada onları əvəz edən parşa örtüklərdir. Su bakı, mətbəxi və bu kimi digər vacib təminat yerləri yox. Üç bir tərəfi su ilə əhatə olunan həmin daxma kənd də xüsusu ilə seçilir. Yalnız bir şeyinə görə: hündürdə yellənən Azərbaycan bayrağına görə! Bu ailənin başçısı şəxsi bacarıqsızlığına görə bu durumda yaşamır. Haqqında bəhs etdiyimiz şəxs Qarabağ döyüşlərində xüsusi fədakarlıq göstərib. Zabit olaraq əks-kəşfiyyatçı kimi xidmət keçib. Ağır döyüşlərdə olub. İndi sadəcə öz ailəsinin keşiyində beləcə durur. Əliyalın və müdafiəsiz. Onun evinin üstünə sancdığı bu bayraq onun zabit peşəsinə sadiqliyindən və vətənpərvərliyindən xəbər verir. Evinə gedən jurnalistlərə müsahibə almasına yalnız üzünün göstərilməməsi şərti ilə razı olub. Ağır döyüşlərdə ölümün üzünə dik baxan insanın qürüru imkan vermir ki, indi o məişət qayğısının qarşısında sınmış vücudda görünsün. Əslində utanmaq daxili ləyaqət hissinin gerçəkliyə məğlub olduğunu etiraf etməyin çətinliyidir. Tarixdə utanmaq səhnələri eyni məzmunda olsa da, onun səbəblərini müxtəlif cür yozanlar və səbəbkarlarını fərqli cür qiymətləndirənlər də olub. Kimisi günahı özündə, kimisi cəmiyyətdə görürdü. Bu barədə yazıçı Mehdi Hüseynin “Odlu qılınc” əsərində maraqlı bir epizod var. Cəngavərlər sadə bir evə qonaq gəlirlər. Kasıb evin sahibinin oğlunun ötkəm danışığı və cəsarətli davranışı cəngavərlərin xoşuna gəlir. Cəngavərlər həmin oğlanı öz dəstələrinə qoşulmağı təklif edirlər. Göydən düşmə bu təkliflə razılaşan oğlan anasına nahar üçün hazırlıq işləri görməyi xahiş edir. Anası utanaraq oğluna söyləyir ki, oğlum, qonaqların qabağına çıxmaq və biş-düş üçün evdə heç nə yoxdur. Ona görə, utanıram. Oğlu deyir: ”Ana sən utanma, bizi bu günə salanlar utansın.” İndi də oxşar səhnə… Qarabağ döyüşlərində ölümün üzünə dik baxan həmin zabit indi öz ailəsinin və uşaqlarının üzünə dik baxa bilmir. Bu Azərbaycanda konformistlərin patriotlar üzərində həzm olunmayası qələbəsidir. Bu “pir” qələbəsinin qalibləri kosmopolitlər, məblubları isə vətənpərvərlərdirlər. Artıq uzun illərdir ki, ölkənin xəmiri artıq belə yoğrulub. Bu əcaib hayqırtı ilə üsyan edən edən emosiya adamı da qalmayıb. Sanki susqun və ütülənmiş cəmiyyətdir. İnsanları doymuş məhluldur. Vətəndaş mövqeyi olanların elə bil etiraz püskürən ağızları da tikilmiş. Yəqin ki, belə bir durumda od olub özünü odlayacaq insanın odunu söndürməyənlərin laqeydliyi keçmiş Qarabağ döyüşçüsünü daha çox alovlandırır. Bizim utanmayacaq üzümüzə görə o özünün üzünü kameradan – bizlərdən gizlədir. Müsahibinin üzünə çıxmır. O, bilir ki, biz vaxtı ilə qaynayan qanımıza görə vahid bir orqanizm idiksə, indi yaradılan sistem xüsusiyyətlərinin mahiyyətinə görə hərənin özünün başının hayına qalan donmuş və soyuqqanlı heykəllərik. Ruhsuz və yardımlaşma ənənəsini itirmiş fleqmatik insan toplusu. Deputatı saxta, məmuru don, mədəniyyət təmsilçisi qəlbsiz, hakimi ədalətsiz, din təmsilçisi münafiqdir. İnanılası və güvəniləsi insan birliyi yox kimidir. Ona görə, Qarabağ döyüşçüsü, ya bu zillətə alışır, yaxud əlahəzrət Ədalətin zamanını gözləyir. Bəlkə də qəhrəmanların zamanını yox, kiminsə mərhəmətinin onların yarasına məlhəm olacaq zamanını…

Bu təkcə bir Qarabağ döyüşçüsünün istisna təşkil edən durumu deyil. Fraqmental uğursuzları ümumiləşdirmək obyektiv olmazdı. Əgər ölkədə Qarabağ iştirakçılarına fərqli münasibət olsaydı. Amma təssüf ki, bu vətən üçün vuruşanlara gerçək münasibət bundan ibarətdir. On dörd min Qarabaş döyüşçüsünün ay ərzində ala biləcəyi müavinət cəmi 35 manatdır. Ona cəmi 5 kq ət almaq olar. Bu torpaq uğrunda vuruşanlara göstərilən dövlət “qayğısıdır”. Ağır döyüşlərdə fərari olmuş bəzilərinin restoranlarında indi həmin Qarabağ döyüşçüləri gözətçi durur. Həyətində bağban işləyir. Bayraq uğrunda ölümlə dəfələrlə şahmat oynayan insan indi yaşam şərtlərinin ağırlığı müqabilində qəddi əyilib. Yaşayışı və geyimi insana əzab verir. Halbuki, tabeliyində işlədiyi insanların bəzilərinin gerçək dəyəri bəlkə də geyindikləri paltardan daha ucuzdur. Yaşadıqları evlərdən də həmçinin. Amma Qarabağ döyüşçüsü təkcə özünün kiçik komasında bahalı deyil, hətta bahalı villada belə ondan dəyərlidir. Çünki, onun oturduğu “budaq” ona yox, onun özü budağa əlavə çalar qatır.

Bayraq uğrunda vuruşanlar və onun dəyərinini anlayanlar üçün onun gerçək mahiyyəti çox müqəddəsdir. Anlayamanlar üçünsə bayraq sadəcə bit tikə rəngli parçadır. Parçanın hansə materialdan olması və ya üstündə nə yazılması heç bir məna daşımır. Məna onun daxilində, hədəflərində və  insanlara necə xidmət etməsindədir. İran bayrağında “Allahu-əkbər” sözü 22 dəfə təkrar olunub. Həmin cəmiyyətin Allah buyruqlarına nə qədər yaxın olduğunu özünüz söyləyin. Azərbaycanda da Bayraq Meydanı var. Əzəməti və hündürlüyü fiziki olaraq ölçüyəgəlməzdir. Ona baxanda başında papağı olanların papağı başından düşür. Hündürlüyünə görə Gennesin rekordlar kitabına düşüb. Həmin bayrağa baxdığına görə papağı başından düşən bizlər  Qarabağ döyüşçüsünün yaşadığı rəzalətə görə papağımızı gizlətməyə yer axtarırıq. Bizim bayrağa və papağa münasibətimiz, bax belədir!