elnurastanbeyli@gmail.com
Çağdaş dünyada bir ölkəni irəli götürən, onun üzünə gerçək inkişafın, əsl tərəqqinin qapılarını taybatay açan ən önəmli ünsür modern hüquqa, onun üstünlüyünə, onun toxunulmazlığına inancdır. Bir ölkədə bu inanc olmazsa, o ölkədə hər cür pislik, zorbalıq, çeteləşmə qaçılmaz sondur.
Elə ona görə də indi MTN başda olmaqla, çeşidli nazirliklərdə yaşanan rəzalətlər barədə oxuyanda qətiyyən təəccüblənməmək lazımdır. Biz bu nöqtəyə hüquq anlayışını yox edərək, hüququ ayaqlar altına ataraq, onu çeynəyərək, beləcə, toplumun hüquqa inancını sarsıdaraq gəldik. Bəzəkli-düzəkli qanunlar qayırmaqla ortaya müsbət bir sonucun çıxmayacağı artıq bütün çılpaqlığı ilə göz önündədir. O qanunlar işləməzsə, o qanunlar kağız parçasından fərqlənməzsə, gec-tez olacağı budur: bir gün ölkənin milli təhlükəsizliyinə cavabdeh qurumun belə, əslində milli təhlükə təşkil etdiyi gün kimi aydın bir həqiqət olaraq ortaya çıxacaqdır.
Illərdir yazıb dururuq: bu gün o, sabah bu nazirlikdə hansısa çete ifşa edib, Azərbaycanı buxovlayan, onu çağın gerisinə götürən, onu qurd ağacı içindən yeyərmişcəsinə didib-dağıdan problemləri yoluna qoymaq mümkün deyil. Küll halında Sistemin düşüncələri, baxışları dəyişməlidir, müasirləşməlidir, zamanın ruhuna, çağın standartlarına uyğunlaşmalıdır ? hansı ki, bunu da uzaqbaşı yuxuda-zadda görmək olar. Çünki Sistem üçün bəlli işləklərdən (rüşvət, korrupsiya, monopolizm?) imtina etmək, milli iradənin və hüququn üstünlüyünə güvənmək, hesabatlılıq, fikir plüralizmi, fərqli fikirlələrə xoşgörülü münasibət öz oturduğu budağı kəsməyə bərabərdir.
Ancaq bu gün və bu günədək yaşananlar sübut edir ki, tarixin 21-ci əsri işarə etdiyi, təqvimin 2015-ci ili göstərdiyi bir zamanda başqa yol sadəcə yoxdur. Başqa yol Azərbaycanı daha ağır bədəllər ödətməyə məcbur etməkdir.
Dünən filan, bu gün bəhmən, sabah da kim bilir hansı nazirlikdə hansısa qanundankənar işləkləri ifşa etməklə Azərbaycanın düzlüyə çıxacağını düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Amerikanı yenidən kəşf etmək nəyə lazım? Tarixi təcrübə göstərir ki, bir ölkədə hər cür qanunaziddi, hüquqa aykırı əməlin arxasında o ölkənin alternativsiz hakimiyyətə və qapalı cəmiyyətə təslim edilməsi dayanır. Yalnız açıq cəmiyyətlərin qurulduğu, azad, tənqidçi sözün var ola bildiyi, hakimiyyətlərin mənbəyində milli iradənin dayanmadığı, fərdlərin özlərini hüququn üstündə görmədiyi ölkələr pis, qorxunc, təhlükəli əməllərdən sığortalanırlar, orada kimlərsə öz vəzifəsinə, tutduğu posta ağalıq, kəndxudalıq institutu kimi baxmır.
Yaxşı, indi gəlin dönüb ölkəmizə baxaq: seçkilərin necə keçirildiyi məlumdur. Ölkədə nə qədər azad, tənqidçi mətbuat göstərmək mümkündür? Çoxpartiyalılıq varmı? Insanlar sərbəstcə toplaşa, hər hansı məsələyə öz fikirlərini, münasibətlərini ifadə edə bilirlərmi? Bu sualların cavabı hamıya bəlli ikən Azərbaycanda nə dünən, nə indi, nə də sabah olub-bitən, olub-bitəcək heç nəyə təəccüblənməmək lazımdır.
Bir ölkədə onu idarə edənlər vətəndaşların siyasiləşməsinə qarşı çıxarlarsa, öz hakimiyyətinin ömrünü uzatmaq adına siyasi xof mühitini dərinləşdirməyi, genişləndirməyi yeganə çıxış yolu görərlərsə, həqiqəti söyləyənlər, yazanlar siyasi intiqam duyğusu ilə, siyasi sifarişlərlə şərlənərək cəzalandırılarsa, o ölkədə hansısa nazirlikdən killer çıxması, hansısa nazirlikdə kimlərinsə soyğunçu çete düzəltməsi qədər təbii, məntiqəuyğun heç nə yoxdur.
Bu gün o ölkələr güclüdür, o ölkələr sözün həqiqi mənasında inkişaf edir, gəlişir, o ölkələr əsl hüzura, rifaha qovuşur ki, o ölkənin vətəndaşları siyasi qorxularla yaşamır, siyasiləşməkdən qorxmur, alternativlər yarada bilir, modern hüquqa inanır və güvənir, özünün və ölkəsinin taleyinin müəyyənləşməsində birbaşa iştirak edir.
Bu gün o ölkələrin önü açıqdır ki, siyasi və ictimai anlamda çoxrənglidirlər, çoxsəslidirlər, orada problemləri açıq və qorxusuz şəkildə dartışmaq, sorğulamaq imkanları, meydanları genişdir.
Məhz bu o ölkələrin özünü də, onların xalqlarını da, hakimiyyətlərini də indi bir çox coğrafiyalarda gördüyümüz, şahidi olduğumuz qorxulu ssenarilərdən, dəhşətli təhlükələrdən sığortalayır.
Bunu anlamaq isə heç vaxt, bəli, heç vaxt gec deyil.