Hakimiyyətin absurd teatrı

ibrahim-ibrahimli-enyeniAbsurd teatrın vətəni Avropadır…

II Dünya müharibəsinin  doğurduğu ağır nəticələr- siyasi böhran tədricən aradan qaldırılsa da mənəvi böhran uzun müddət davam etdi, onun qoyduğu  izlər  yaddaşlardan silinmədi, zaman- zaman yaşadı:sanki insan düşüncəsi dərk edə bilmədiyi güclər qarşısında iflic olmuşdu. Xəyal qırıqlığına uğramış toplumlar sözün hər iki, həm həqiqi, həm də məcazi mənasında parçalanıb-dağılmış dünyanın bundan sonra yenidən birləşib –düzələcəyinə ümidlərini itirib özünə qapılmışdılar. Əlli milyon insanın öldüyü kütləvi qırğınınlardan sonra həyatın mənası ilə bağlı meydana çətin bir sual çıxmışdı: Dəyərlərini itirib mənəvi boşluq içərisində mənasız həyat yaşayan toplumları necə xilas etmək olar? Axtarışlar zamanı böyük yazarla bir-birindən təsirlənərək çıxış yolu göstərmək üçün  absurd pyeslər yazmağa başladılar. Bekket, Adamov, Jene və İonesko yazdıqları pyeslərlə Avropanın müxtəlif ölkələrində Absurd teatrların əsasını qoydular.

İndi isə bu teatrın vətəni Azərbaycandır…

İyirmi birinci əsirdir, amma biz hələ də qapalı absurd cəmiyyətdə- mənəvi  boşluq içərisində mənasız bir həyat yaşayırıq. Eynilə Samuel Bekkettin “Qodonun intizarı” pyesində olduğu kimi personajlar sayağı yolun kənarında, ağac altında oturub Qodonu gözləyirik. Qodo sanki bizim ümidlə gözlədiyimiz ağ atlı oğlandır.  Guya kişinin oğlu gəlib, ədaləti bərpa edəcək və onu intizar içində gözləyən bədbəxtləri ağ günə çıxaracaq. Amma xilaskar Qodo gəlib çıxmaq bilmir ki, bilmir. Deyirlər, son ümid ölmür…əslində, onlar da, biz də bilir ki,  Qodo heç bir zaman gəlməyəcək: onu  gözləməyin mənası yoxdur. Buna baxmayaraq, bəlkə də gəldi ümidilə oturub gözləyirik.  Qodonun gəlməyəcəyini bilə-bilə oturub gözləmək, özü də ümid edərək gözləmək isə özü elə ən böyük absurddur!

“Yumurta müşavirəsi”nin sətiraltı mənası…

Absurd teatrının yaradıcılarında biri olan Ejen İonesko deyirdi ki, bu teatrda “İnsan eyni zamanda həm aktyor, həm də tamaşaçıdır.” Onun sözü olmasın biz də bu absurd müşavirələrin həm iştirakçısı, həm də tamaşaçısıyıq. Üç aydan bir keçirilən tamaşa kimi müşavirələrə baxıb feyziyab oluruq. Məsələn, ən ucuz qida kimi rasionumuza daxil olan “YUMURTA” adlı analoqu olmayan tamaşa- müşavirəni necə unutmaq olar?  Söhbət dünyanın düz vaxtından- neft kapitalının koorupsya kapitalına çevrildiyi yaxın keçmişimizdən gedir. O zamandan ki, neftimiz artıq fantan vurur, çənlər aşıb-daşır,  kəmərlər dolub- böşalır… Bir sözlə birjalarda qiymətlər kəllə-çarxa qalxıb var-dövlətin gəlhagəlidi, dollar yığımı başlayıb- məmürlar qaz vurub qazan doldururlar. Yığımın qızğın çağında-   dövlət başcısı növbəti müşavirə çağırıb süni qiymət artımını gündəliyə çıxarır. Və bu qanunsuzluğun qarşısını almaq üçün yumurtadan başlayır. Sən demə, kimlərsə fürsətdən istifadə edərək yumurtanın qiymətini qaldırıb guya küllü miqdarda pul qazanırlar. Bax əsl absurd budur! Əli iş tutan hər kəs qaz vurub qazan doldurur.

Heç kim dolları qoyub manatın üzünə belə baxmır, dövlət başçısı müşavirə çağırıb qəpik-quruş söhbəti edir. Milyardlar qalıb bir tərəfdə  (48 milyard)  iki- üç qəpiyin hesabını sorur. Çovdar qızıl mədəni, Dubay mülkləri, “Silkwaybank” , “Azərfon” daha nələr və nələrdən, onların vergidən yayınaraq  dövtət bücəsinə  vurduğu ziyandan danışmaq əvəzinə  ölkənin başçısı yumurtanın qiymətindəki bir-iki qəpik artımdan, onun ailə büdcəsinə vurduğu ziyandan danışr. Təbii ki, milyardları qoyub qəpik- quruşdan danışmağı kimsə çiddiyə almadı, əksinə sosial  səbəkələrdə lağa qoyub, xeyli lətifə düzüb qoşdular. Amma o sözlərin, sən demə, sətiraltı mənası var imiş:indi aydın olur ki, o zamankı yumurta söz-söhbəti  bu gün baş verən şok olayların anonsu imiş. Sadəcə olaraq, dövlət başçısı çıxışında birbaşa deyil, dolayısı ilə məcazi mənada buna işarə edib. Əslində, dövlət başçısı yumurtanı misal çəkməklə demək istəyib ki, cənab nazirlər, neftə çox arxayın olmayın, yumurtanın qədrini bilin, vaxt gələcək indi özünüzə sığışdırıb üzünə belə baxmaq istəmədiyiniz  yumurtanın  qəpik-quruşlarına  möhtac qalacaqsınız.

 Yumurta falı çin çıxdı…

Artıq həmin vaxt gəlib: bir zamanlar var-dövlət içində üzən ölkə indi gerçəkdən qəpik-quruşa möhtac qalıb. Bir təfdən neft hasilatı getdikcə azalır, o biri tərəfdən birjalarda qiymətlər aşağı düşür. Yaxın və orta perspektivdə isə nə hasilatın artması, nə də  qiymətlərin qalxması ehtimalı gözlənilmir. Dövlət büdcəsində yaranmış acınacaqlı durumdan sonra hakimiyyət, deyəsən, ölkədəki mövcud gerçəkliyi anlamağa başlayıb. Düzdür, siyasi üslub dəyişməsə də, ən azı ümumi ritorikada etiraf nötları səslənir. Hakimiyyət texnoloqları bu etirafları ictimai rəyə islahatların başlanğıcı kimi sırımaq istəyirlər. Guya hökumət uzun müddətdir ki, ölkənin iqtisadi strukturlarını ,xüsusilə  maliyə sektorunu postneft mərhələsinə hazırlayırmış ki münbüt zəmin yaradıb islahatlara başlasın. Son olayları da guya bu islahata gedən yolun təmizlənməsi kimi təqdim edirlər.

Müşavirələrdə  tez-tez səslənən korrupsiya və monopoliya ilə bağlı fikirləri, xüsusilə də sahibkarların müdafiəsi ilə bağlı deyilənləri qabardaraq topluma aşılamaq istəyirlər ki, “narahat olmayın, prezidentin hər şeydən, hətta yumurtanın qiymətinin qaldırılmasından belə xəbər var: ölçü götürmək üçün, sadəcə olaraq, münbüt zəmin və əlverişli məqam gözləyir.”  Əslində, siyasi texnoloqların dediyi kimi uzun müddətdən bəri hazırlanan münbüt zəmin islahatların aparılması üçün deyil, sadəcə və sadəcə mülkiyyətin yenidən bolüşdürülməsi üçün əlverişli məqamın seçilməsi imiş: Astana müəmması, İsveçrə sərgüzəşti, Amerka səfirinin çıxışı və görüşü, ən nəhayət sağın göstərilib solun vurulması… Bütün bunlar: bu sərgüzəştlər, bu müəmmalar, bu sirli görüşlər sadəcə olaraq, baş verən olayları mifləşdirmək və içtimai rəyi məsələnin əsil mahiyyətindən yayıdırmağa xidmət  edir. Artıq ictimai rəy versiyalar burulğanına düşübvə azıb. Əslində nə baş verir?

Mülkiyyətin yenidən bölüşdürülməsi və leqallaşdırılması…

Ozəlləşdirmə zamanı başlayan ilkin kapital yığımı  neft bumundan sonra demək olar ki, başa catıb: indi sadəcə olaraq onun yenidən bölüşdürülüb leqallaşdırılması uğrunda mübarizə gedir. Adətən ilkin kapital çirkli olduğundan, heç vaxt təminatlı olmur, leqallaşana qədər hər an yenidən bölünmək təlükəsilə üzləşir. Bu bölgü əvvələr məhəlli səviyyədə “razborka” formasında aparılırdısa sonradan rəsmi himayədar səviyəsində aparılmağa başladı.Əslində, mükiyyətin yenidən bölgüsü on il bundan əvvəl-   2005- çi il Oktyabrın 17də  Əli İnsanov və Fərhad Əliyevin  həbsindən sonra başlayıb. O zaman da siyasi motivlərlə başlayan həbslər sonradan iqtisadi xarakter almağa başladı və sonda mülklərin müsadirəsilə başa catdı. Eyni senari, eyni tamaşa… Sadəcə aktyorlar dəyişsə də  tamaşaçılar elə həmən tamaşaçılardı: “ Qodonun intizarında”kı  absurd pyesin personajları kimi oturub hakimiyyətin ABSURD İSLAHATInı  gözləyirlər.

P.S. Bəlkə də 2005-2013-cü illərdə iqtisadi açılım mümkün idi. Böyük neft pulları da bu açılımın yelkəni ola bilerdi…çox təəssüf fürsəti əldən qaçırdıq!