Pakistan və Əfqanıstanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 263 nəfərə çatıb.
Associated Press agentliyinin verdiyi məlumata görə, Pakistan hökuməti ölənlərin sayının 228 nəfərə çatdığını bildirib.
Əfqanıstanda isə ölənlərin sayı 33 nəfərdir.
***
Əfqanıstanın şimal hissəsində bazar ertəsi güclü zəlzələ baş verib, təkanlar Pakistan və Hindistanın şimalında da hiss olunub.
Pakistanda 51 nəfərin öldüyü bildirilir, Əfqanıstanda isə 19 adamın ölməsinə dair xəbərlər var.
7.5 bal gücündə olan zəlzələnin episentri Hindukuş adlanan dağlıq ərazidə, Feyzabad məntəqəsindən 75 km cənub istiqamətində yerləşib.
Kabil, İslamabad və Dehlidə ilk təkanlardan sonra insanlar binalardan evakuasiya olunmuşdu, bir çox ərazilərdə kommunikasiya xətləri sıradan çıxıb.
Əfqanıstanın Taxar bögəsindəki qızlar məktəbində zəlzələyə görə başlamış panika basabasa səbəb olub, nəticədə 12 tələbə həlak olub.
Daha 5 nəfər Əfqanıstanın şərqindəki Cəlalabadda həlak olub, xəstəxana mənbələri xəbər verib.
Rəsmilərin sözlərinə görə, zəlzələnin mənbəyi 212 km dərinlikdə yerləşir.
BBC-nin Pakistandakı müxbirinin sözlərində görə, Pakistanın Lahor şəhərində zəlzələdən sonra telefon xətləri sıradan çıxıb.
Hindistanın paytaxtı Dehlidə zəlzələ təkanlarından sonra camaat küçələrə çıxıb.
Bu regionda zəlzələlər vaxtaşırı baş verir.
2005-ci ildə 7.6 bal gücündə olan zəlzələ nəticəsində Pakistanın nəzarət etdiyi Kəşmirdə 75,000 insan həlak olmuşdu.
Bu ilin aprel ayında Nepalda baş verən zəlzələdə isə 9,000 adam həlak olmuş və 900,000 ev dağılmışdı.