2 milyardı ölkədən kimlər və necə apara bilərdi?

qanimatzahid-yeniİki dərdin ağırlığı altında baş verəcək fəciələr

Qənimət Zahid

Proses dərinləşir. Arzu edilməz şəkildə dərinləşir. Sanki kimsə MTN olaylarını əlinə alıb əsl kənkan ustalığı ilə quyu qazır və hər gün, hər saat quyu dərinləşir. Sabiq nazirlə bağlı söhbət ictimaiyyətə lazım olduğundan artıq şəkildə təqdim edildi. Hakimiyyətin nəzarətində olan kütləvi informasiya vasitələri səxavətlə sızdırılan MTN cinayətlərini oxucularına çatdırmağa tələsirlər. Doğrudan da, bir dövlət idarəsinə yüklənə biləcəyindən ağır cinayətlərdir. Amma sızdırılan informasiyaların hamısı doğrudur. Üstəlik, hələ hamısı deyil. Qanunsuz öhdəliklərlə boğulan iş adamları, haqq ödəməyə məcbur edilən nazirlər, icra başçıları… Bu, Milli Təhlükəsizlik Nazirliyidir. KQB-dir! Onunla zarafat etmək olmaz!

İnsanlar bu xəbərləri oxuyub- eşidib heyrətlənmirlər. Şəxsən mən, onlarla insan tanıyıram ki, onlar bu xəbərləri adidən adi şəkildə qəbul edirlər. Cəmiyyətin hissiyatı yeni fazada aktivləşib. “Axı, onların hamısı belədir”.

İllər uzunudur ki, məsələn, icra başçılarının boğduğu iş adamları haqqında xəbərlər yayılır. Goranboyun icra başçısı Nizaməddin müəllimin (familiyası yadımda deyil) həbsxanaya saldığı, Zərdabın icra başçısı Lütvəli Babayevin Koroğlu körpüsünə dırmaşdırdığı… iş adamları gözümün qabağına gəlir. Daha sonra polis rəislərinin, DİN İdarə rəislərinin, nazirlərin və onların qohumlarının sındırıb həyatın bir küncünə və ya qəbirstanlıqlara tulladığı minlərlə talelər və insanlar.

MTN-də və başqa dövlət strukturlarında aşkarlanan, üzə çıxarılan bu faktlar Xoşqədəm Hidayətqızının televiziyadakı verilişinin qaynağıdır. Gerçək budur ki, “MTN” Təhlükəsizlik nazirliyi- filan deyil, Azərbaycandakı dövlət idarələrindən biridir. Qara bir mistika ilə bir az da vahiməli salınana dövlət idarəsidir, vəssəlam. Bütün dövlət idarələrinin ilk növbədə gördüyü işi görürş İndi üzə çıxarılan faktlara baxın: “Sahibkarları, dövlət məmurlarını qorxudaraq onlardan milyonlarla pul alıb”. Əlbəttə, belə olmalıdır. Hətta mən də belə yazıram ki, MTN-i polisləşdiriblər, amma bu o demək deyil ki, MTN “postovoy”dur. Bu, MTN-dir, küçədə limon satan qarılardan, vağzal dilənçilərindən pul yığan deyil. Dövlətin bel sütunudursa, gərək topladığı töycünün ranqı da, məbləği də adına layiq olsun.

Bu, Azərbaycan hökumətinin simasıdır.

Bütün dövlət idarələri funksional əzəmətləri ilə mütənasib olaraq eyni işləri görürlər. Burada faktların yaratdığı mənzərə faciə deyil, statistikadır.

Yəqin ki, siz cənab prezident İlham Əliyevin ölkədə və bütün dünyada yaratdığı gizli şirkətlər, sahib ola bildiyi yüz milyonlarla dəyəri olan mülk və əmlak haqqında bu və ya digər dərəcədə məlumatlısınız. Bütün dövlət idarələri və bütün dövlət məmurları MTN-in bu gün üstü açılan, cəmiyyətə qorxunc kabus kimi təqdim edilən işləkləri ilə məşğuldurlar. Bu əcayib işlər yalnız MTN-də olsaydı, Eldar Mahmudov orada cəmi bir neçə ay işləyə bilərdi. Yalnız o qədər. Dövlət məmurlarının hamısı eyni işi görür.

Eldar Mahmudpv fırtınası qoparılan ilk günlərdə dövriyyədə bir informasiya vardı: “onlar prezidentin və digər yüksək vəzifəli şəxslərin telefon danışıqlarını izləyiblər”. Fərqindəsinizmi ki, bu xəbər dövriyyədən çıxarılıb və MTN zabitlərinin terror yolu ilə taladığı sahibkarların əzabkeş şəkilləri ilə əvəz edilib. Niyə?
Təhtəlşüur o “dinləmə əməliyyatları” haqqında əlavə bilgilər tələb edir.

Yoxsa, “Eldar Mahmudovun və dəstəsinin 2 milyard dollara qədər pulu ölkə xaricinə daşıyıb apardığı müəyyən edilib, amma indi baş sındırırlar ki, bunu hansı yollarla, hansı nəqliyyat vasitələrilə həyata keçiriblər”. Səfeh nağıldır, elə deyilmi?

2 milyard dollar yekə puldur və ağır çəkidir. 1 milyard dollar 10 tondursa, deməli, 2 milyard dollar 20 tondur. BU qədər pulu Azərbaycanda daşıya biləcək yalnız bir karqo xidməti var, o da SilkWay hava yolları şirkətinə məxsusdur. Başqa heç kim bu işin altına girə bilməz. Adı şəkilən hava yolları şirkəti Paşa Holdinqə məxsusdur. Onlardan soruşmaq olar ki, siz bu qədır yükü xaricə daşıyıbsız, ya yox. Məncə ya cavab verməzlər, ya da doğru cavab verməzlər.

Ona görə də, bu suala cavab axtarmadan keçək dövriyyədən çıxarılan həmin o dinləmə söhbətlərinin şərhinə.
MTN-in Monitorinq Mərkəzinin, az qala bütün əməkdaşları ya həbs edilib, ya da işdən kənarlaşdırılıb. Buna görə də, “Daxili İşlər Nazirliyinə əlavə səlahiyyətlər verildi” xəbəri tam doğru xəbər sayıla bilməz. Bu işi MTN-də görənlər prosesdən kənarlaşdırılıblarsa, deməli bu işi kimlərsə görməli idi. Daxili İşlər Nazirliyindən mütəxəssisləri gətirib əyləşdiriblər həmin aparatların arxasında və təqdim edilən siyahı üzrə telefon və sair danışıqları izləməyə davam edirlər. Amma niyə bu Mərkəzə qarşı xüsusilə “təmizləmə” əməliyyatı aparılıb? Bu sualın cavabı ilk gündən yayılan xəbərdir: onlar prezidenti və digər yüksək vəzifəli şəxsləri dinləyirmişlər.
MTN Monitorinq Mərkəzinin rəisi general Natəvan xanım bu Nazirliyin köhnə əməkdaşlarındandır və müstəqillik dövrünün bütün nazirləri iklə işləyib. O, əvəz edilməz kadr kimi qiymətləndirilib və həmişə də öz yerində saxlanılıb. Xatırlayırsınızmı, Eldar Mahmudov nazir vəzifəsinə təyin ediləndə geniş çaplı “təmizləmə” əməliyyatı aparırdı və hətta kütləvi informasiya vasitələrində “peşəkarların MTN-dən uzaqlaşdırılması” həyəcanlı xəbərlər sırasında yer alırdı. Bu xəbər doğru idi. Oradan çoxlu sayda peşəkarlar uzaqlaşdırıldı və onların yerinə Eldar Mahmudovun polisdən dartıq gətirdiyi yeni heyət montaj edildi. Amma Natəvan xanıma heç bir nazir, o cümlədən də, Eldar Mahmudov da toxunmadı. O, işinin ustası idimi? Yəqin ki, elədir. Amma ustalıq, həm də onu tələb edir ki, əvəz edilməz səviyyədə usta olmalısan! Bir neçə gün əvvəl mənimlə öz mülahzələrini bölüşən bir MTN əməkdaşı qeyd etdi ki, Natəvan xanım bütün nazirlər üçün faydalı ola biləcək informasiyaların canlı daşıyıcılarından biri idi. Axı, uzun illər ərzindən dinləmə əməliyyatlarına rəhbərlik edən adam sadəcə olaraq aparat deyil, robot deyil, canlı insandır və onun beyni qəbul etdiyi informasiyalardan kimin necə faydalana biləcəyini müəyyən edə bilir. Beləliklə də, bütün nazirlər Natəvan xanımın şüurunun materialına çevrilən informasiyalara sahib olmaq üçün onunla əməkdaşlıq etməyə maraq göstəriblər.
Eldar Mahmudovun idarəsində “prezidentin, yüksək vəzifəli dövlət məmurlarını və onların ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər”. Bu xəbər ortalığa çox naşı şəkildə atıldı. Bir gün sonra dərk etdilər ki, bu xəbəri nahaq yayıblar və onu dövriyyədən çıxarmaq üçün əzabkeş sahibkarların faciəsi ilə cəmiyyəti mütəəssir etməyə girişdilər.

Amma bəs, telefon danışıqları? Onları kim sifariş verirmiş?

Bəzi mənbələr deyirlər ki, bu, Eldar Mahmudovun özünə lazım ola bilərdi. Öz yerini bərkitmək və gələcəyini qarantiyalaşdırmaq üçün. Amma Eldar Mahmudov o qədər də avam adam olmamalı idi ki, bəzi informasiyaların məhz, onu bilənlər üçün faciəli olduğunu anlamasın. Bu telefon danışıqları ya yaxşı pula getməli idi, ya da yaxşı perspektivə.

Eldar Mahmudov hansı informasiyalarla nə edəcəyini bilməyəcək qədər avam adam deyil. Məsələ, ortalıqda gəzən söhbətlərə görə MTN ölkənin böyük şəhərlərindən birinin icra başısının villasında gizli çəkilişlər edib. Məqsəd, həmin icra başçısını sındırmaq və ondan külli miqdarda pul qoparmaq olub. Bu, MTN-dən aşağı ranqdır və ola bilər ki, belə bir şey olub və hətta icra başçısının özü də bundan xəbərdardır.

Amma MTN-dən yuxarı çevrələrin dinlənilməsi şantaj edərək pul qoparmaq üçün ola bilməz. Burada başqa məqsədlər ola bilər. Məqsədindən asılı olmayaraq, bu fakt, pul söhbətlərini arxa plana qatacaq qədər güclü səbəbdir. Həm Eldar Mahmudov üçün, həm də İlham Əliyev üçün.

Amma əgər bunların hər ikisi varsa?! O halda nə baş verə bilər? Bunu təsəvvür etmək o qədər də çətin deyil. Məsələn, MTN Monitorinq Mərkəzinin rəisi general Natəvan xanım bu ağır dərdə dözə bilmədən həbsxanada infark keçirib dünyasını dəyişə bilər və onun bu zamana qədər 4 nazirin yanında topladığı bütün dəyərli informasiyalar torpaqlara qovuşar. “Qulaqlara qurğuşun”, eləmi?

Ağır dərddir. Buna görə də, oliqarxlara qarşı yeni əməliyyatları gözləyin. Rusiyada mütəxəssislər və analitiklər proqnozlaşdırırlar ki, neftin bir barrelinin qiyməti 30 dollara qədər enməyə davam edəcək. Bizim oliqarxlarda neçə barrel neft qalıb?..