Dilənçilik əlillik

orxan-adigozelOrxan Adıgözəl

1 noyabrda keçiriləcək deputatxana seçkilərinə sayılı günlər qalıb. Namizədlərin bir çoxunun düşük şüarları ölkənin ağır dönəmində az da olsa adamın dodağına gülüş qondurur. Onların seçki posterləri lağ-lağı komediya janrında olan filmin teatr posterlərindən seçilmir. Vəziyyət elə gərgindir ki, gülüşə həsrət xalq yumor ehtiyacını belə şeylərlə ödəyir. Namizədlərə buna görə “sağ ol” düşür. Hə, birdəki öz səviyyələrin nümayiş etdirərək hansı dünya görüşünə sahib olduqlarını bir daha sübut edirlər. “Təyinatlılar” haqqında yazmaq fikirim yoxdur. Keçək əsas mətləbə.

Dünən deputatlığa namizəd bir xanımın facebook-da guya əlilliyi olan vətəndaşları düşünüb, çəkdirdiyi videoçarxı izlədim. Biabırçılıq bir şey idi. Deməli əlil arabasında oturan bir cavan oğlanın boğazından karton kağızda “lalam, karam, kömək edin” yazılıb və o məzlum şəkildə əlin açıb, parkın ortasında pul dilənir. Birdən onun yanından keçən qızın cibindən yerə pul düşür və bunun fərqində olmayan qız öz yoluyla gedərək parkdakı pilləkənlərlə aşağı düşür. Bunu görən həmin dilənçi oğlan yerdən pulu götürür və qızın arxasıyla gedir ki, pulu ona geri versin. Pilləkənlərlə çatanda isə təbii olaraq aciz vəziyyətdə qalır. Çünki parkda əlil arabasından istifadə edən şəxsləri nəzərə almayıblar. Pandus yoxdur ki, gedib qıza çatsın ki, pulu ona versin. Həm də məzlum, vicdanlı obrazı ilə seçilən dilənçi pilləkənlərin üst tərəfində əlindəki pulu qabağa uzadır amma danışa bilmirki, qızı səsləsin. Videonun sonunda isə ekranda belə sual əmələ gəlir: “Mən burdan necə düşüm?”

İndi gəlin bu biabırçı videoçarxı təhlil edək. İlk görüşdən Türkiyədə 80-90-cı illərdə ekranlaşdırılan bayağı filmləri xatırladan videoçarx psevdosentimental təsir yaratmağa xidmət edir. Bir çox izləyici hətta süjet xəttinə bəraət qazandıra bilər ki, videorolik yaxşı niyyətlə çəkilib. Amma dostum Sevda Səfərəliyeva demişkən –bu yaxşı yemək bişirib, içinə tüpürməyə bənzəyir. İndi videonun zərərli nüanslarını qeyd edim. Baxın, video öz-özlüyündə ən əsas onu göstərir ki, əlilliyi olan bir şəxsin dilənməsi problem deyil, amma parkdakı qeyri-müyəssər infrastruktur problemdir. Bu video hökumətin əlilliyi olan şəxslərə analoqsuz “qayğısını” bir daha öz çılpaqlığı ilə əyani şəkildə göstərir.

Videoya gələn şərhlər də videonun özü kimi biabırçıdır. Heç kim əlilliyi olan bir gəncin “regionun lider” ölkəsində nə üçün diləndiyini soruşmur. Yəni cəmiyyət əlil arabasından istifadə edən birini dilənçi kimi görür. Hər dəfə küçədə, bayırda və hətta şəhərin mərkəzində də olanda insanlarımızın mənə istifadə etdiyim əlil arabama görə yazıq, axmaq nəzərlərlə baxır və dilənçi zənn edib, pul uzadırlar. Düşünürəm indiyə kimi o pulları götürsəydim özümə bir dənə “Hyundai-Santa fe” avtomobili almış olardım. Bax ona görə xalqın psixologiyasına yaxşı bələd olan dilənçilər gəlirlərinin miqyasını genişləndirmək üçün cəmiyyətin gözündə “faciə” simvolu sayılan əlil arabasından istifadə edərək, dilənirlər.

Millətin çoxu isə əlil arabasından ölümdən qorxan kimi qorxur. Yaza-yaza ində gündəlik ictimai yerlərdə mənə yönələn bərəlmiş gözlər yadıma düşür. Bəziləri hərdən elə baxır ki, sanki əlil arabasında oturan biri canlarını almağa gələn Əzrayıldır. Gözlər bərəlir, az qalır hədəqəsindən çıxsın. Mingəçevirdə yaşayan əlil arabasından istifadə edən tanışım şəhərin mərkəzində bir nəfər qadının ona o cür baxmasından sonra evdən bayıra çıxmır. Axı hamının iradəsi o baxışlara tab gətirə bilmir.

Dilənçilik – xislətdir, yəni hər ehtiyacı olan insan acından ölsə belə dilənçilik etməz. Burda qürur məsələsi var. Keçən dəfə Ukraynadan qonaqlarımız vardı. Onlardan biri əlil arabası istifadəçisidir. Hətta ona da şəhərin mərkəzində dilənçi zənn edib, pul uzatmışdılar. “Tarqovu” küçəsində son dəfə gəzəndə azı 5-6 dilənçi gördüm hansı ki, guya əlillikləri var. Onların bir çoxu fırıldaqçıdır. Gəzə bildikləri halda əlil arabasına otururlar ki, millətə “atsınlar”. Onlar bu xalqın zəif yerin bilir və onlara görə də bizi dilənçi zənn edirlər.

Qayıdaq həmin videoçarxdakı “lalam, karam” terminlərinə. Ən dəhşəti bilirsiniz nədir? Bu xalqın əksər nümayəndələri həm guya əlilliyi olan birinə yazığı gəlir, mərhəmətlə davranır həm də ətrafında olan bir çox insanı təhqir etmək üçün “şikəstsən, korsan, karsan” və s. deyir. Həmin videoçarx həm də normalda maarifləndirməyə xidmət etməli idi. Amma əksinə əlilliklə bağlı yanlış terminologiyanın növbəti təbliğinə imza atdı.

Televiziya insanlara təsir edən ən güclü və unikal vasitələrdən biridir. Bizim telekanalların hətta özünü intiligent və intellektual hesab aparıcı və jurnalistləri də hamısı bir ağızdan əlilliyi olan insanlara aid tamamilə yanlış terminologiyadan istifadə edir. Faktiki olaraq da TV-lərin təsir gücü öz nəticəsini göstərir ki, sıravi camaat da guya mədəni və ədəbi formaya riayət edərək fiziki məhdudiyyətli şəxslərə “fiziki qüsurlu” deyir.

Ay jurnalist nə üçün Azərbaycan dilinin izahlı lüğətində “nöqsan, ayıb” mənasını verən ifadəni mənə yarlıq olaraq yapışdırmalısan? Qüsurlu məhz sənin peşənə yanaşmağındır ki, o ifadənin mənasını bilmirsən!

Bu yaxında Namiq Hüseynov dünyaca məşhur əlilliyi olan motivator Nick Vujicic-in “Life without limits” kitabını dilimizə tərcümə edib. Əla təşəbbüsdür, çox təqdir edirəm amma kitabda əlilliklə bağlı çoxlu səhv terminlərdən istifadə olunub. “Əlil” sözü, ”kor” sözü biri bir qəpik. Bununla onu oxuyan bir çox insan əlilliklə bağlı səhv terminologiyaya yiyələnəcək.

Əziz insanlar, lütfən, diqqət!
Hər hansı psixoloji problemi olan birinə “psix” deyə müraciət etmək necə yanlış və qeyri-etik səslənirsə, fiziki məhdudiyyəti olan birinə də “əlil” deyə müraciət etmək o cür səslənir. Bilmədən bizə “fiziki qüsurlu” deyirlər. “Qüsur” Azərbaycan dilinin izahlı lüğətində “nöqsan, ayıb” mənasına gəlir. Mən şəxsən əlilliyimə görə özümü nöqsanlı saymıram. Görməyənə “kor”, eşitməyənə “kar” deyirsiniz. Olmaz axı belə demək. Həə, bir də bizlərlə müayisədə heç bir əlilliyi olmayan bir insana “normal” və ya “sağlam” deyirsiniz. O ifadələrin əksi “anormal” və “xəstə” sayılır. Biz nə xəstə nə anormalıq!
Dünya çapında qəbul olunmuş düzgün terminologiya-
“Əlil” yox -“Əlilliyi olan insan”
“Fiziki qüsurlu” yox- “fiziki məhdudiyyətli”
“kor” yox -“görmə məhdudiyyətli”
“kar” yox-“eşitmə məhdudiyyətli”
“Sağlam” və ya “normal” yox-“əlilliyi olmayan” və ya -“tipik insan”.

Deyə bilərsiniz “hə nə olsun ee”. Biz dilimizin ədəbi resurslarından nə üçün yanlış istifadə etməliyik axı? Avropada bu problem çoxdan yığışıb. Biz də buna nail olacağıq!