9Vüqar Əliyev özünü kamerada iplə asıbmış
Qobustandakı qapalı həbsxanada ömürlük cəza çəkən Vüqar Əliyevin dünən intihara cəhd etməsi barədə xəbər vermişdik. Məhbusun anası Məlahət Ismayılova oktyabrın 23-də oğlu ilə telefon danışığından sonra redaksiyamıza zəng edərək Vüqarla bağlı baş verənlərə aydınlıq gətirib.
Məlahət Imayılova Vüqarın özünü asmasını təsdiqləyib: “5-ci rejimin korpusunun 142-ci kamerasında özünü asıb. Əliyusif və Azər adlı nəzarətçilər ipi kəsərək onu xilas ediblər. Hadisənin səhərisi günü Vüqar, aclıq aksiyasına reaksiya verilmədiyinə görə, ağzını tikərək etiraz edib. Cəzaçəkmə müəssisəsindən Nizami adlı zabit, Cümşüd adlı ”starşina” və telefon zənglərinə baxan Ehtiram adlı əməkdaşları onu rəisin otağına apararaq zorla ağzına vurduğu tikişləri söküblər.
Bundan sonra onu 6-cı rejim korpusunun 172 kamerasına köçürüblər. Həmin kamerada axtarış apararaq Vüqar Əliyevə və onun kamera yoldaşına 5 sutkalıq “kars” cəzası veriblər. Cəza bitdikdən sonra isə onları ayrı-ayrı kameralara salıblar”.
Məlahət Ismayılova oğlunun taleyindən narahatlığını dilə gətirərək bunları da bildirdi: “Vüqar artıq 20 gündür aclıq keçirir. Heç bir tibbi yardım edilməyib. Onu əsas gətirirlər ki, bizə rəsmi məlumat verilmədiyi üçün aclığı tanımırıq. Amma Vüqar bununla bağlı 4 dəfə ərizə ilə müraciət edib”.
Məlahət Ismayılova oğlu ilə danışdıqdan sonra Penitensiar Xidmətə və Ombudsman aparatına zəng etdiyini də bildirdi. Ona deyiblər ki, araşdırıb xəbər verəcəyik. Amma Məlahət Ismayılova oktyabrın 16-da Ombudsman aparatında qəbulda olsa da, hələ də onlardan xəbər çıxmadığını deyir.
Xatırladaq ki, Vüqar Əliyev nişanlısı ilə birlikdə Şəmkir rayonunun Icra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək 2002-ci ildə ömürlük həbsə məhkum edilib. O, bu qətldə özünü günahkar saymayaraq ona verilən ağır cəzanın götürülməsi barədə dəfələrlə müraciət edib. Müddətsiz aclıq aksiyasına başlaması, etirazlarına reaksiya verilməməsinə görə intihara əl atması da bununla bağlıdır.