Putinin 90 faizlik reytinqi: tarixin dərsləri

putin-maraqliIctimai rəyin öyrənilməsi üzrə ümumrusiya mərkəzinin açıqladığı rəqəmlərə görə, Rusiya prezidenti Vladimir Putinin reytinqi 89.9 faizə çatıb. Təhqiqat göstərir ki, bu cür yüksək reytinqin səbəbi əsasən Rusiyanın Suriyada hərbi əməliyyatları və IŞID-ə havadan zərbələr endirməsidir.

Olland və Səddam…

Bu cür reytinqlər müxtəlif ölkələrdə seçkilərin nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Məsələn, “Journal du Dimanche” nəşrinin keçirdiyi sorğuya əsasən, Fransa prezidenti Fransua Ollandın hazırki reytinqi cəmi 20 faizdir. Halbuki qalib gəldiyi 2012-ci il seçkilərində o, səslərin 51 faizindən çoxunu toplamışdı. Seçkilərin nəticələrinə inansaq, 2002-ci ildə Iraqdakı seçicilərin 100 faizi “Siz Səddam Hüseynin hakimiyyətdə daha yeddi il qalmasına razısınızmı?” sualına müsbət cavab vermişdi. Ümumiyyətlə, avtoritar rejimlərin liderləri tez-tez seçkilərdə səslərin böyük əksəriyyətini toplayır.

Rəsmi mənbələrə əsasən, Özbəkistanda 2015-ci ildə keçirilmiş prezident seçkilərində seçicilərin 90.39 faizi Islam Kərimova səs verib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə 97.75 faiz səs toplayıb. Lakin bu o demək deyil ki, hər iki liderin real reytinqi bu qədər yüksəkdir.

Putin üçün 90 faiz – Rusiyada rekord rəqəmdir, lakin düyna tarixində görünməmiş hadisə deyil.

Əliyev və Orta Asiya liderləri..

eliyev-lukashenko

2015-ci ilin iyul ayında “Rəy” monitorinq mərkəzi keçirdiyi sorğunun nəticələrini elan edib və prezident Ilham Əliyevin reytinqi 89.7 faiz olub. Respondentlərin 73 faizi bildirib ki, onlar dövlət başçısı kimi Əliyevə alternativ görmürlər.

“Ilham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərdən 86 faizi “tamamilə” və ya “qismən” cavabını verib. “Cavab vermir” və ya “o qədər də cavab vermir” variantını isə ümumilikdə 6 faiz seçib. Rəsmi rəqəmlərə görə, 2013-cü ildə keçirilmiş prezident seçkilərində Ilham Əliyev səslərin 84.54 faizini toplayıb. Həmin seçkilərdə bir neçə namizəd onun xeyrinə namizədliyini geri götürmüşdü.

Həmin il keçirilmiş seçkilərdə 23 ildir hakimiyyətdə olmuş Tacikistan prezidenti Emoməli Rəhman rəsmi rəqəmlərə görə, seçicilərin təxminən 84 faizinin səsini toplamışdı. Bir il əvvəl isə Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov 97.14 faiz səs yığmışdı.

Demokratik ölkələrin liderləri arasında isə rekord reytinq ABŞ-ın 43-cü prezidentinə məxsusdur. Dünyaca məşhur sorğu şirkəti olan “Gallup?un 2001-ci ilin sentyabrında keçirdiyi sorğunun nəticəsinə görə, Corc Buş 90 faiz səs toplayıb. Bu cür yüksək reytinqin səbəbi aydındır: “Əl-Qaidə”nin Nyu-York və Vaşinqtonda həyata keçirdiyi 11 sentyabr hücumlarının ardından amerikalılar yeni seçilmiş prezidentlərinin ətrafında birləşib.

Təhlükəsizlik siyasətinin iflasına görə prezidenti günahlandırmaq əvəzinə, ABŞ vətəndaşları onun faciəyə reaksiyasını yüksək qiymətləndirib və həmin ilin oktyabrında Buşun Əfqanıstanı işğalına etimad göstərib.

Lakin insanların sevgisi qısaömürlü olub. Buş eyni zamanda əks-reytinqə – Amerika prezidentləri arasında ən yüksək etimadsızlığa malikdir.

Iraqın işğalından sonra, “Əbu-Qreyb” həbsxanasındakı qalmaqal, Katrina qasırğası, CIA gizli yazışmalarının sızması və digər qalmaqallı hadisələrə görə 2008-ci ildə Buş prezident postunda müxtəlif mənbələrə əsasən, 19 – 22 faiz arasında səs toplayıb.

Ata Buşun “ulduz saatı”

 

Eyni reytinqə ata Buş da malikdir. ABŞ-ın 41-ci prezidentini 1991-ci ilin fevral ayında amerikalıların 89 faizi dəstəkləyib. Populyarlığın səbəbi eynidir – müharibə. Təkcə Əfqanıstanda deyil, həm də Fars Körfəzində. 1991-ci ilin yanvar ayında müttəfiq qoşunları Səddam Hüseynin rəhbərliyi ilə Küveytə daxil olmuş Iraq ordusunu bombalayıb, fevralın 24-də isə yerüstü əməliyyata başlayıb. Ata Buşun “ulduz saatı” oğlundan daha qısa olub. Növbəti 1992-ci ildə prezidentin reytinqi 29 faiz təşkil edib.

Ata Buş müasir ABŞ prezidentləri arasında ikinci müddətə seçilməyən azsaylı prezidentlərdən biridir.

Yüksək reytinq toplamış Amerika prezidentləri arasında Harri Truman (1945-ci ilin iyun ayında 87 faiz) və Con Kennedi (1961-ci ilin aprel ayında 83 faiz) da var. Trumanın reytinqi 1952-ci ilin fevral ayında 22 faizə düşüb. Kennedi 1963-cü ilin noyabr ayında qətlə yetirlib.

Çaves – 15 seçkinin qalibi

Venesuela prezidenti Huqo Çaves hakimiyyətdə olduğu illərin əksəriyyətində yüksək reytinqə malik olub. Iqtidarda olduğu 14 il ərzində Çaves keçirilmiş 16 seçki və referendumdan 15-də qalib gəlib. Prezident populyarlığının ən yüksək həddinə 2006-cı ilin aprel ayında çatıb. Həmin vaxt keçirilmiş sorğuya əsasən onun reytinqi 83 faiz təşkil edib.

Respondentlərin 72.6 faizi razılaşıb ki, Venesuela korrupsiyaya məruz qalıb. 53.5 faiz respondent təsdiq edib ki, hakimiyyət korrupsiyaya məruz qalmış məmurlara qarşı yetərli mübarizə aparmır. Eyni zamanda, 60 faiz bildirib ki, Çavesin sayəsində ölkədə həyat səviyyəsi yaxşılaşıb. Sorğuda iştirak etmiş respondentlərin yarıdan çoxu əmin olduğunu bildirib ki, onun növbəti müddətə seçkilərdə qələbəsi ölkəni müvəffəqiyyət və çiçəklənməyə gətirib çıxaracaq.

Çaves populyarlığını sonadək saxlayıb. Ölümündən əvvəl onun populyarlığı hələ də 60 faizdən çox olub və Nikolas Maduronu özünə “varis seçib”. 2015-ci ilin mart ayında, neftin qiymətinin kəskin azalması və iqtisadiyyatın çökməsi nəticəsində Maduronun reytinqi 20 faizə düşüb. Bu, Latın Amerikası üçün səciyyəvi hal deyil. Məsələn, 2012-ci ildə Ekvador prezidenti Rafael Correa 80 faiz, Salvador prezidenti Maurisio Funes 72 faiz və Qvatemala prezidenti Otto Perez 69 faiz reytinqə malik olub.

2015-ci ilin mart ayında 70 faiz reytinqlə postunu tərk edən Uruqvay lideri Coze Mucica prezident olduğu müddətdə də təvazökar həyat tərzinə görə tanınıb. O, gəlirlərinin 90 faizini xeyriyyə məqsədilə xərcləyib.

Qəddafi, Ben Əli, Mübarək…

husnu_mubarekxanimi-1

Liviya lideri Müəmmar Qəddafi bütün formal titullardan imtina edib və öz populyarlığına dair heç bir sorğu keçirməyib.

Lakin bir çox jurnalist və diplomatın fikrinə görə, 2011-ci ildə onun ölümündən az əvvəl əhalinin böyük əksəriyyəti Qəddafiyə dəstəyini ifadə edib.

“Tripolidə qalan xarici diplomatlar təsdiq edib ki, NATO bombardmanının başlamasından sonra Qəddafiyə dəstək 85 faizə qədər artıb” – deyə  jurnalist Slott Taylor 2011-ci ilin avqust ayında yazıb. O əlavə edib ki, “xalq qıtlığa görə Qəddafini deyil, NATO-nu günahlandırır”.

Yüksək reytinq Qəddafinin hakimiyyətdə qalmasına kömək etməyib. Üstündən cəmi iki ay keçmiş, Liviya üsyançılarının ordusu Sirt şəhərini Qəddafi və oğlu ilə birgə ələ keçirib.

Qəddafi yüksək reytinqə baxmayaraq, “ərəb baharı” nəticəsində hakimiyyətini itirmiş yeganə lider deyil. Ondan əvvəl Tunis prezidenti Abidin Ben Əli devrilib. Bundan əvvəl baş tutmuş seçkilərdə o, rəsmi rəqəmlərə görə, seçicilərin 89.62 faizinin səsini toplayıb. Ben Əli ölkəni tərk edib və Səudiyyə Ərəbistanına sığınıb.

Misir prezidenti Hüsnü Mübarək 2011-ci ilin fevral ayında devrilib və ömürlük həbs cəzasına məhkum edilib. Bundan altı il əvvəl ölkə tarixində ilk alternativ seçkilər nəticəsində o, misirlilərin 88.6 faizinin səsini toplamışdı (BBC).