İki əməliyyat haqqında bir həqiqət

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Dünən öncə MTN-in Bakıda 40-dan artıq sələfinin həbsi ilə sonuclanan əməliyyatı haqda xəbər oxuduq. Bunun ardınca Gəncədəki Şah Abbas məscidində keçirilən əməliyyat barədə xəbər yayıldı, polis və xüsusi təyinatlılar məsciddə cümə namazı qılan bir qrup şiə dindarını saxlayıblar.

Hər iki xəbərdə ilk baxışda qeyri-adi heç nə yoxdur, biz radikal baxışlı dinçi qruplara qarşı belə əməliyyatlar barədə birinci dəfə oxumuruq. Yəqin dünənki əməliyyatlar heç son da olmayacaq.

Amma bu birmənalıdır ki, belə əməliyyatlarla Azərbaycanda radikal dini təmayüllərin güclənməsini və igenişlənməsini önləmək çətin, müşkül, hətta mümkünsüz məsələdir. Öncə Azərbaycanda belə qeyri-dünyəvi meyllərin artmasının səbəblərini aradan qaldırmaq lazımdır. Oturub düşünmək lazımdır: biz 90-cı illərin əvvəllərində Azərbaycanın çağdaş, modern, mədəni dünyanın bir parçasına çevriləcəyinə ümid etdiyimiz halda necə oldu ki, indi azərbaycanlıların səsi Suriyadakı, Iraqdakı cihadlardan, IŞID, Hizbullah sıralarından eşidilir? Necə oldu ki, Mirzə Cəlilin, Axundovun, Sabirin, Haqverdiyevin, Üzeyir bəyin, Həsən bəy Zərdabinin, Ömər Faiq Nemanzadənin həmvətənləri 21-ci yüzildə şəriət hüququ axtarışına çıxdılar, məzhəb davalarının, təriqət toqquşmalarının iştirakçısına çevrildilər, cənnətdə onlara vəd edilən huri-pərilərə tamah saldılar, bunun uğrunda ən amansız cinayətləri törətməkdən çəkinməyən terror birləşmələrinə qoşulmağa başladılar, yenicə dil və ayaq açan qız uşaqlarının başını bağlayıb çadranı məktəbə daşımaq üçün mübarizəyə qalxdılar?

Bu sualların sadə, aydın cavabı var: Sistemin ədalətsizliyi. Tarixçi dostumuz Altay Göyüşovun sözü olmasın, bir qrup sekulyar tamahkar ölkənin bütün yeraltı-yerüstü sərvətlərinə sahiblənir, hakimi-mütləqə çevrilir, çoxluq isə ən elementar hüquqlardan məhrum edilir, bu qədər zəngin var-yatıra sahib olan ölkədə səfil, yoxsul, dilənçi kökündə yaşayır. Həmin çoxluq tədricən yer ədalətindən əlini üzür, bütün ümidini göylərdən gələcək ədalətə bağlayır. Beləcə, kimlərinsə, bir yüzildə iki dəfə modern hüquqa, dünyəviliyə, uyğarlığa dayanan Cümhuriyyət qurmuş, islam Şərqinin ilk qəzetini, ilk operasını, ilk teatrını yaratmış, nəinki qeyri-müsəlman ölkələri, hətta bir çox Avropa ölkələri ilə müqayisədə belə ilk dəfə qadına seçib-seçilmək haqqı tanımış bir xalqın nümayəndələrini öz cihad çağırışları və cənnət nağılları ilə ovsunlaması, sehirləməsi üçün münbit şərait yaranır.

Azərbaycanda ədalətli idaretmə yaradılsaydı, bu gün qandan bəslənən, ölkəni “yeni Iran”, yaxud “yeni Səudiyyə” kimi görmək istəyən dinçi qruplar da bu qədər güclənməz, toplumdan kifayət qədər geniş dəstək görməzdilər.

Siz Azərbaycanın ictimai-siyasi meydanını müasir baxışlı, irəligörüşlü, modern təfəkkürlü, dünyəviliyi, bəşəri dəyərləri müdafiə edən insanlardan təmizləyərsinizsə, onları ən ağlasığmaz uydurmalarla, siyasi intiqam duyğusu ilə ya həbsxanalara doldurar, ya da ölkədən didərgin salarsınızsa, bu zaman həmin meydanı əslində kimlər üçün boşaltdığınızın da fərqində olmalısınız. Bilməlisiniz ki, sekulyar düşüncədən təmizlənmiş meydanı ən müxtəlif ekstremist, radikal qrupların tutması qaçılmazdır.

Siz, sizin kimi düşünmür, Azərbaycanın bu gününü və gələcəyini sizdən fərqli görür deyə Ilqar Məmmədov kimi bəşəri dəyərləri qoruyan insanları qondarma suçlarla dəmir barmaqlıqlar ardına göndərər, bununla da ürəyiniz soyumayıb onu orada döyməkdən çəkinməzsəniz, o zaman dolayı yolla da olsa demokratik, dünyəvi ideallara nifrət edən, yaşadığımız gözəlim məmləkəti ərəb-fars düşüncə və həyat tərzinə məhkum etməyə, onu cihad meydanına çevirməyə çalışanların da çörəyinə yağ sürtərsiniz, onlara dolayı yolla da olsa, “buyurun, meydan sizindir!” demiş olarsınız.

Və polisiniz, xüsusi xidmət orqanlarınız istədiyi qədər əməliyyat keçirsin, Azərbaycanın sürükləndiyi təhlükəni önləyə bilməzsiniz. Qatar artıq çoxdan getmiş olar. Arxadan atdığınız daşlar da ancaq və ancaq topuğa dəyər.

Məndən bu qədər.

Gerisini artıq özünüz düşünün, bundan sonrasına da özünüz qərar verin.