«Tehran-Moskva ittifaqı uzunömürlü olmayacaq»

putin-ruhani«Financial Times»: «Rusiya ilə İranın Suriyadakı hərbi əməkdaşlığı tezliklə başa çatacaq»

“Rusiya ilə Iranın Suriya ilə bağlı taktiki maraqları üst-üstə düşür. Strateji məsələlərdə isə fərqli mövqeləri bölüşürlər. Ona görə də iki ölkənin Suriyadakı hərbi əməkdaşlığı tezliklə başa çata bilər.

Bu, “Financial Times”ın Moskva və Tehrandan olan ekspertlərlə söhbətdən sonra gəldiyi qənaətdir.

“Tehran-Moskva ittifaqının ömrü uzun olmaycaq” başlıqlı məqalədə bildirilir ki, Iran üçün “Hizbullah”ı dəstəkləmək və Israilə qarşı duruş gətirmək baxımından Suriya olduqca vacib bir kanaldır. Rusiya isə Suriyanın Latakiya və Tartus şəhərlərindəki hərbi bazalarını qorumaqda maraqlıdır: “Iran rəsmilərindən biri deyir ki, Tehranla Moskva arasındakı bu ittifaq qısamüddətlidir. Və önəmli olan odur ki, hazırkı durum Iranın strategiyasının uğur qazanmasına xidmət edir. “Gələcəkdə nə olacağına sonra qərar verəcəyik. Amma uğur qazanana qədər bu əməkdaşlığı davam etdirəcəyik” deyə, Iran rəsmisi bildirib”.

“Financial Times”a açıqlama verən və adının çəkilməsini istəməyən başqa bir iranlı məmur Rusiya ilə Iran arasındakı məlum ittifaqın möhkəm və uzunömürlü olduğunu bildirib: “Məmur Iranın Suriyaya quru qoşunları yeritdiyini inkar edir. Lakin etiraf edir ki, son bir neçə gündə Suriyadakı iranlı müşavirlərin sayı artıb. “Biz informasiyaları toplayıb Suriya ordusuna təqdim edirik. Ordu bu məlumatları ruslara ötürür. Ruslar da IŞID-i vurmaq üçün daha dəqiq hədəflərə sahib olur. Bu, həm də Suriyadakı mülki əhalinin vurulmasının qarşısını alır” deyə,  iranlı məmur bildirib”.

Qəzetə müsahibə verən rusiyalı ekspert Vladimir Sacin hesab edir ki, Rusiya ilə Iranın ortaq hədəfi Əsəd recimini qorumaqdır: “Lakin onların motivasiyaları çox fərqlidir. Iran üçün əsas müttəfiqlər Bəşər Əsəd, “Hizbullah” və “Həmas”dır. Rusiya Yaxın Şərqdə daha çox Səudiyyə Ərəbistanı və Israillə münasibətləri yaxşılaşdırmaqda maraqlıdır. Yüksək vəzifəli diplomatlardan biri deyir ki, Iran Rusiyanın niyyətinə şübhə ilə yanaşır. Lakin hələ ki onu dəstəkləyir. Iran başa düşə bilmir ki, Rusiyanın əsas məqsədi nədən ibarətdir”.

“Financial Times” onu da qeyd edir ki, hələ ki Suriyada Rusiya ilə Iranın qısamüddətli maraqları var. Bu da spontan alyans üçün yol açır: “Əvvəl bu ikili Əfqanıstanda “Taliban”a qarşı birləşmişdi. Onların mövqeyi 90-cı illərin əvvəlində Tacikistandakı vətəndaş müharibəsi zamanı da üst-üstə düşmüşdü. Lakin bu iki ölkə sıx əməkdaşlıqda maraqlı deyil”.

Gültəkin