Oktyabrın 23-də ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Vyanada Suriya böhranını müzakirə ediblər.
Görüş təxminən 2 saat çəkib.
Bundan əvvəl ABŞ dövlət katibi Kerri ilə Rusiyanın xarici işlər naziri Lavrov da ayrıca bu məsələni müzakirə ediblər.
Həmçinin Vyanada Suriya böhranı ilə bağlı ayrıca ikitərəfli və çoxtərəfli görüşlər olub.
Müzakirəldən sonra mətbuata açıqlama verən ABŞ dövlət katibi məhsuldar görüş keçirdiklərini, qarşıdakı həftələrdə də müzakirələri davam etdirəcəklərini açıqlayıb.
Səudiyyə Ərəbistanı xarici işlər naziri əl Cübeyr isə Bəşər Əsədin siyasi aqibəti ilə bağlı razlığa gəlmədiklərini, buna baxmayaraq, məsləhətləşmələrə davam edəcəklərini bildirib.
Rusiyanın xarici işlər naziri Lavrov isə deyib ki, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı Suriya səmasında hərbi əməliyyatları koordinasiya etməklə bağlı Moskvanın təklifini rədd edib. Rusiya həmçinin, terror təşkilatları kimi tanınacaq təşkilatların və hədəflərin siyahısını razılaşdırmaqla bağlı da təklif verib, lakin bu təklif də pozitiv qarşılanmayıb. Lavrov bununla belə əlavə edib ki, bütün tərəflər Suriyanın vahid və sivil ölkə kimi qalmasına tərəfdar olduqlarını bəyan ediblər.
azadliq.info