Köşklərdə vergi axtaran hökumətin menyusuna…

vergiler-nazirliyiIldə 300-400 min manat pul qazanan müğənillərə niyə diqqət ayrılmır?

Sürətlə sosial-iqtisadi uçurumun dibinə yuvarlanırıq. 22 ildən sonra məlum olub ki, hakimiyyət milyardları mənimsəməkdən başqa heç bir iş görməyib. Bütün sahələr “şikəst” vəziyyətdədir. Bu azmış kimi ölkənin 25 milyard xarici borcu, 2.5 milyon vətəndaşın ölkə banklarına borcu yaranıb.

Təbii ki, hakimiyyət də vəziyyətin ağır olduğunu başa düşür və maliyyə qıtlığını aradan qaldırmaq üçün sadə vətəndaşın canına daraşıblar. Guya, sahbkarlara yüksək vergi cərimələri tətbiq etmək, hansısa məmuru var-yoxdan çıxarmaq vəziyyəti xilas edəcək. Halbuki, bu taktika müvəqqəti nəfəslik ola bilər. Amma bu yazının əsas məqsədi odur ki, hətta böhranlı vəziyyətdə də hakimiyyət daha çox pul qazanan ünvanları yox,  xırda “pul yeşikləri”ni axtarmağa başlayıb. 2-3 metrlik “budka” işlədən, balaca köşkdə meyvə-tərəvəz satan adamları da vergi cərimələrinə cəlb ediblər. Guya, büdcəni zədələyən bu adamlar imiş.

Amma bu ölkədə xeyli müğənni var ki, ildə 300-400 min manat pul qazandığını bildirir. Bahalı maşınlara, dəbdəbəli villalara sahibdilər. Niyə bugünə qədər hansısa müğənninin vergi məsuliyyətinə cəlb edilməsi haqqında xəbər yoxdur. Ola bilər ki, müğənnilər vergi ödəyir. Amma bu, simvolik xarakter daşıyır. Inandırıcı deyil ki, 400 min gəliri olan müğənni buna adekvat vergi ödəyir. Bu adamlar müəyyən günləri çıxmaq şərtilə hər gün toydadılar və hər toya 5-10 min manat müqabilində gedirlər. Təbii ki, hər bir müğənninin fəaliyyət göstərdiyi xüsusi şadlıq sarayları da var. Və bu şadlıq evlərində bir stolun qiyməti 35 manatdan, 200 maanta qədər dəyişir. Deməli, potensial vergi ödəyicilərindən biri də şadlıq saraylarıdı. Yavaş-yavaş əsas məqamın üstünə gəlirik.

Heç kimə sirr deyil ki, şadlıq saraylarının əksəriyyəti iri məmurlara məxsusdu. Lazım olsa, adlarını da çəkə bilərik ki, hansı restoran hansı vəzifəlinindi. Şadlıq saraylarını iri məmurlar himayə etdiyinə görə yüksək vergi cərimələrindən azad edilir. Müğənnilərin lazımi qədər vergi ödəməməsinin səbəbi də eynidir. Həm ölkə başçısına yarınmaq, birinci şəxsə mahnılar həsr etmək, həm də məmurların himayəsində olmaq imkanlı sənət adamlarını sığortalayır.

Deməli, şadlıq saraylarının və bu sarayların qonağı olan müğənnilərin vergi məsuliyyətinə cəlb olunmaması yuxarılarla bağlıdır.

Təbii ki, biz kiminsə məsuliyyətə cəlb olunmasının həvəsində deyilik. Yaxud kiminsə çox qazanmasına qarşı deyilik. Sadəcə olaraq deyirik ki, 2-3 metrlik köşklərdə kartof-soğan satanları “mühasirə”yə salmaqdansa, geniş imkanlara sahib olan adamlardan vergi tələb edin, dəbdəbəli restoranların vergi borcunu araşdırın.

Son nəticə budur ki, ölkə uçuruma gedəndə də kasıb-kusubun hesabına vəziyyətdən çıxmağa üstünlük verilir və hökumət şəxsi maraqlardan imtina etmir.