İcra başçısından Əliyevə şikayət

aliyev ilhamXocalıdan olan məcburi köçkün haqqını istəyir

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, bina 61-a sakini Əli Nəbiyev “Azadlıq”a müraciət edib. Prezident İlham Əliyevə üz tutan Qarabağ müharibəsi əlili, Xocalıdan məcburi köçkün, ehtiyatda olan zabit eyni zamanda “Xocalı” kiçik müəssisəsinin təsisçisidir: “Cənab prezident! Mən erməni əsirliyindən gələrək hospitalda yatırdım. 1996-cı ildə eşitdik ki, prezident Heydər Əliyev Qarabağ müharibəsi əlillərinə köşk qoymaq üçün torpaq sahəsinin ayrılmasını tapşırıb.

Mən də Heydər Əliyevin qəbuluna getdim  və ondan köşk qoymaq üçün torpaq sahəsi istədim. Əliyev şəhər meri Rəfail Allhverdiyevə dedi ki, köşklər söküləcək, ona görə də ”Xocalı” kiçik müəssisəsi üçün torpaq ayır və 2 faizlə pul ver, kömək elə bina tikilsin. Bina işləyəndə də pulu qaytararsan. Şəhər meri torpaq sahəsi ayırdı, katlavan qazıldı və o, yoxa çıxdı. Əliyevə xəbər göndərəndə dedi ki, mer olmasa pul verilməz. Geriyə yolum qalmadığı üçün  Sibirdə iş adamları olan həmyerlilərimdən müəssisəyə köçürülməyə pul istədim. Onların göndərdiyi pulla binanı tikdim və kirayə verdim.  3-cü mərtəbədə 4 qaçqın ailə yaşayırdıq.  2011-ci ilin sentyabrında  Nərimanov icra aparatının  başçısı bizi aldatdı ki, kirayə çıxın, sizə kirayə pulun 1500  manatı və binanın notariatda təsdiq edilmiş müqaviləsinə əsasən, 2500  manat kirayə pulu veriləcək. Bizə zəmanət müqaviləsi verdi ki, binanı 2012-ci ilin iyulunda tam tikib sənədləriylə verəcək. Sökülən binanın kompensasiyası isə verilməyəcək, çünki binanı dövlət tikir. 2012-ci ilin mayında məni icra aparatına çağıraraq sökülən binaya üç milyon beş yüz min manat ayrıldığını və mənim vəkalət verməyimi dedilər ki, həmin pulu onlar alsın. Onlara binanı tam qurtarandan sonra sənədləriylə birgə vəkalət verəcəyimi dedim. Icra başçısı kirayə pulumuzu həmin vaxtdan vermədi. Binanı da tikib qurtarmadılar. Müəssisənin  faizlə götürdüyü pul isə artmaqda davam edir. Bu barədə prezidentə yazılı ərizəylə dəfələrlə müraciətetmişəm.  Prezident Administrasiyasının şöbə müdiri Nağdəliyevin qəbulunda dəfələrlə olmuşam. Rəhim müəllim və Tağı müəllim məni təhqir edərək icra başçısının ölkəyə tabe olmadığını dedilər. Ona görə də heç kim ona bir söz demir. Milli Məclisdə Əli Hüseynlinin qəbulunda olanda da o mənə eyni sözləri dedi. Nazirlər Kabinetinin sədr müavini Əli Həsənovun qəbuluna getsəm də məni qəbul etmədi. Onlar icra başçısıyla bacarmadıqlarını  deyirlər. Hacıbala Abutalıbov, general Qılıncov da icra başçısına bir söz deyə bilməyəcəklərini söylədilər. Bu şəxslərin heç birinə Abdin Fərzəliyev məhəl qoymur. O mənə 03.03.14-cü il tarixli məktubunda yazır ki, “Xocalı” kiçik müəssisəsinin sökülən binasına sözügedən məbləğdə pul ayrılıb. Görəsən, həmin pulun aqibəti necə olub ki, Abdin Fərzəliyev binanı tikib qurtara bilmir. Xocalı camaatı yerlə yeksan olub. Mən bütün  qohum-qardaşımı itirmişəm. Ermənilər mənə işgəncə verib döyəndən sonra buraxdılar. Lakin Nərimanov icra başçısı mənə zülm verir, kirayə pulumuzu vermir ki, kirayə haqqını ödəyək.

Abdin müəllim deyir ki, Həştərxanda öz vəsaitiylə körpü, iki böyük məhlə saldırıb, uşaq bağçaları tikdirib. Biz hər şeyimizi itirmiş insanlarıq. Dərdimizi kimə deməliyik?!”.