Hakimiyyət 37-ci ilin ənənələrini necə yaşadır?

gunel-movludBu iyrəncliyə cəmiyyət ciddi etiraz sərgiləməlidir

Artıq iyrəncliklər o həddə çatıb ki, iyrənc olmayan insan bunu dana bilmir. Bu hakimiyyətin dövründə şərləyib həbs etmək, şəxsi mülkə qəsb, ölkə sərvətlərinin talanı, tənqidçi insanları yaxınları ilə şantaj etmək kimi “ənənə”lər formalaşdı.

Son dövrlər isə hakimiyyət iyrəncliyin zirvəsini fəth etmək üçün yeni bir “ilk”ə imza atıb. Indi də adamları doğmaları ilə üz-üzə qoymaq siyasətinə keçiblər. Bəli. Bu kino deyil, hansısa əsərdə cərəyan edən hadisələr də deyil. Bu, Azərbaycanın acınacaqlı gerçəkliyidir. Bu hakimiyyətə yaltaqlanmayan, ölkədəki neqativləri dilə gətirən, korrupsiyaya etiraz edən adamları özlərinə məxsus şəkildə cəzalandırmaq yolu tapıblar. Əvvəlcə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarını həbs etdilər və onlara təzyiqi artırdılar. Məqsəd bu idi ki, qohumları Qənimət Zahiddən imtina etsin, bu adamın dövlətə xəyanət etdiyini dilə gətirsin. Sonra Meydan.Tv-nin direktoru Emin Millinin qohumlarına “imtina ərizəsi” yazdırdılar. Ardınca ictimai fəal Rəsul Mürsəlovun qohumları “imtina ərizəsi” yazmağa məcbur edildi. Indi isə Meydan.Tv-nin əməkdaşı Günel Mövludun anası və atası övladlarından imtina edir.

Bəli, Əliyev hakimiyyəti 37-ci illin repressiya ənənələrinə yeni çalarlar əlavə edir. Həmin dövrdə Azərbaycanın aydınlarını, vicdanlı şəxsiyyətlərini “vətən xaini” adlandırırdılar, sürgün edirdilər, doğmalarına həsrət qoyurdular. “Filankəs vətən xaininin övladıdır” deyirdilər. Yəni bu “ənənə”nin küləkləri Stalinizmdən gəlir.

Amma indi daha dəhşətli vəziyyət yaranıb. Əgər o dövrdə Azərbaycan ziyalılarını hansısa rus, erməni əsilli adamlar  ləkələyirdilərsə, indi bunu Azərbaycan hakimiyyəti edir. Bu olduqca iyrənc və təhlükəli ənənədir. Belə getsə, arvadı ərindən, oğulu atadan imtinaya məcbur edəcəklər. Hakimiyyət bu üsulla insanları mübarizədən, öz hüquqlarını tələb etməkdən çəkindirir. Adamlara mesaj verilir ki, etiraz etsən, qohumlarını səndən imtinaya məcbur edəcəyik. Ölkənin sərvətini talan etmək, insanları şərləyib həbsə atmaq azmış kimi, indi də ən ləyaqətsiz addımlara start veriblər. Artıq bu son həddir. Şəxsin ailəsini, yaxınlarını belə bir iyrənc ssenariyə qoşmaq, insanlığa ziddir.

Heç olmasa özünü ziyalı adlandıran, vətənpərvər hesab edən, əxlaqsızlığa haqq qazandırmayan adamlar bu məqamda susmasınlar. Bu mənəvi aşınmanın, cəmiyyəti çirkaba bulaşdırmağın, ölkəni cəngəlliyə çevirməyin nümunəsidir. Korrupsiyaya, ölkənin talan edilməsinə, insanların şərlənərək həbs olunmasına susanlar, barı bu “imtina siyasəti”nə susmasınlar. Heç kim başqasının əməlinə görə məsuliyyət daşımır. Adamları mövqeyinə görə ailələri ilə cəzalandırmaq tərbiyəsizlik, əxlaqsızlıqdı.

Artıq hakimiyyət bütün “qırmızı xətləri” nəinki keçir, həm də bu xətlərə öz rəngini verir. Cəmiyyət bu “imtina siyasəti”nə çox kəskin etiraz bildirməlidir və bu etirazın önündə ziyalılar getməlidir. Yoxsa, bu çirkin tendensiya susmuşları da haqlayacaq.

Samir