Əli Kərimli Qələndər Muxtarlını təbrik etdi

qelender mMilli Şuranın üzvü,  Milliyyətçi  Demokrat Partiyası Təşkilat Komitəsinin rəhbəri Qələndər Muxtarlının 50 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir.

Hörmətli Qələndər bəy! Sizi, Milli Azadlıq Hərəkatının öncüllərindən biri, gənc yaşlarından vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, milli və demokratik dəyərlərin bərqərar olması naminə mübarizəyə qoşulmuş  fədakar əqidədaşımı 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Həyatınızın böyük hissəsini sovet imperiyasından tutmuş hazırkı antimilli recimə qarşı, haqq-ədalət uğrunda mücadiləyə həsr etmisiniz, təzyiqlər, həbslər, məhrumiyyətlər, siyasi fəaliyyətinizə qarşı törədilən təxribatlar sizi bu həqiqət yolundan çəkindirə bilməyib. Həm siyasi partiya quruculuğunda, həm də dövlət idarəçiliyi sahəsində təcrübəniz, təşkilatçılıq bacarığınız  çox dəyərlidir.

Siz ilk könüllü tələbə batalyonu tərkibində Qarabağda erməni işğalçılarına qarşı müharibədə qəhrəmancasına döyüşmüsünüz, Vətənə olan sevginizi  sözdə yox, əməlinizlə sübüt etmisiniz.

Hər zaman xalqın maraqlarına xidmət etmisiniz, milli-demokratik  qüvvələrin, birliklərin yaradıcılarından və böyük dəstəkçilərindən olmusunuz.

Mətbuatda müxtəlif aktual, ağrılı mövzularda tənqidi yazılarınız, müsahibələriniz, tədbirlərdə çıxışlarınız mübarizənizin əhəmiyyətli tərkib hissəsidir. Kütləvi etiraz mitinqlərində  daim fəal iştirakınız gənclər üçün bir örnəkdir, tutduğunuz çətin lakin şərəfli yola nə qədər sədaqətli olmağınızın nümayişidir.

Hazırda Milli Şuranın üzvü olaraq azadlıq, demokratiya, ədalətli cəmiyyət naminə  göstərdiyiniz əsl vətəndaş mövqeyinizlə  diktaturaya qarşı mübarizənizi davam etdirirsiz.

Sizin kimi ləyaqətli, cəsur, vətənpərvər  insanlarla eyni səngərdə olduğuma görə qürur duyuram.

Hörmətli Qələndər bəy, sizi bir daha təbrik edir, azad, bütöv və demokratik Azərbaycanda uzun sağlıqlı ömür, arzularınızın gerçəkləşməsini və siyasi fəaliyyətinizdə uğurlar diləyirəm.

Tanrı sizi qorusun!