Rusiya və Qərb Qafqaz savaşının bir addımlığında

rusiyaCənubi Osetiya Rusiyaya birləşmək istədiyini bəyan edib

Rusiyanın yürütdüyü aqressiv siyasət özünü Cənubi Qafqaz regionunda da çılpaqlığı ilə göstərir. Əslində Qafqazda baş verən son olaylar bu regionun yenə əsas geosiyasi çəkişmə mərkəzlərindən birinə çevrildiyini göstərir. Lakin bu geosiyasi çəkişmələr getdikcə daha təhlükəli xarakter almağa başlayıb və bütün region ölkələri üçün təhdid yaradır. Belə görünür ki, maraqlı dövlətlər regionda öz istəklərinə çatmaq üçün separtçılıq kartından yenidən istifadəyə daha çox meyl etməkdədir.

Bu xüsusda daha çox diqqət çəkən məqamlardan biri Gürcüstandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Osetiya ilə bağlıdır. Belə ki, Cənubi Osetiya lideri Leonid Tibilov ölkəsinin Rusiyaya birləşmək istədiyini bəyan edib.

“Cənubi Osetiya Krımın yolu ilə gedir”

O, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovla görüşü zamanı bildirib ki, Cənubi Osetiya da Rusiyaya birləşməlidir: “Bunun üçün referendum keçirilməlidir. Günümüzdə baş verən siyasi reallıqlar bizi tarixi seçim qarşısında qoyur. Bizim qardaş Rusiya ilə birləşməyimiz çox faydalı olar. Yalnız bu yolla biz uzun illər boyunca dövlətimizin təhlükəsizliyini və rifahını təmin edə bilərik. Onu da qeyd edim ki, Rusiya ilə birləşmək Cənubi Osetiya xalqının 100 illər boyu ən böyük arzusudur”. Aydındır ki, Cənubi Osetiya Rusiyadan gələn əmrlər əsasında fəaliyyət göstərir və bu mənada Leonid Tibilovun bu açıqlamaları özbaşına verməsi inandırıcı görünmür. Ekspertlər isə hesab edir ki, Rusiya Gürcüstan ərazilərinə bu şəkildə müdaxilə etməkdə iki məqsəd güdür. Bunlardan birincisi, Gürcüstan müqavimət göstərəcəyi təqdirdə, məsələni hərbi münaqişə səviyyəsinə gətirib çıxarmaqdır. Ikinci məqsəd, Tiflis müqavimət göstərməyəcəyi halda, əvvəlki fəaliyyəti addım-addım davam etdirib onun ərazilərini, kommunikasiya vasitələrini tutmaq, bu bölgədə və onun yaxınlığında problemlər yaradaraq qonşu dövlətləri də təhdid etməkdir. Yəni Rusiyanın bu siyasəti açıq-aşkar sistemli fəaliyyətin tərkib hissəsi kimi görünür.

Politoloq Xatuna Laqazidze isə bildirir ki, Rusiya Gürcüstan ərazilərini ilhaq etməklə 2016-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır. Onun sözlərinə görə, Moskva bununla Gürcüstan əhalisini qorxutmağa çalışır: “Kreml qorxutmaq yolu ilə Gürcüstan əhalisini 2016-cı ildə rusiyayönlü siyasətçilərə səs verməyə məcbur etməyi hədəfləyir. Bu taktikanın nə dərəcədə uğurlu olması təkcə Rusiya yox, həm də Gürcüstan hakimiyyətinin hazırlığından asılıdır. Rusiya hazırda ideoloji savaşa başlayıb. Bütün bunlar bizim necə parlament alacağımızın göstəricisi olacaq. Hökumət artıq həddən artıq çətin vəziyyətdədir. Bir müddət öncə David Usupaşvili ilə NATO nümayəndələri arasındakı görüşü xatırlamaq lazımdır. O zaman parlamentin sədri demişdi ki, Gürcüstan Rusiya ilə müharibəyə başlasa, onun NATO-ya üzvlüyü bir az da uzanacaq. Daha doğrusu, bunu ona NATO nümayəndələri demişdilər. Yəni Gürcüstan Rusiya ilə savaşdan qaçmaq məcburiyyətindədir. Bu, hətta hər gün onun yeni ərazilərini tutmaq hesabına olsa belə, edilməlidir. Digər tərəfdən isə Gürcüstan NATO-dan və Qərbdən heç bir aktiv dəstək və zəmanət almır. Qərb artıq bilməlidir ki, Rusiya Ukraynada təkcə Ukrayna ilə yox, həm də Gürcüstanla savaşır”. Qərb, o sıradan NATO həqiqətən də Tiflisə lazımi dəstək vermir. NATO Baş katibi Yens Stoltenberq isə sadəcə bildirir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməlidir. Onun sözlərinə görə, əsas məsələ Gürcüstanın təhlükəsizliyini möhkəmləndirməkdir: “Gürcüstan öz sərhədləri olan suveren ölkədir. Onun öz gələcəyini müəyyən etmək haqqı var. Rusiya hələ də Gürcüstan sərhədlərini pozur. Biz Uels sammitində Gürcüstana yardım paketi haqqında verdiyimiz sözü yerinə yetiririk”.

“Cənubi Osetiyada baş verənlərin Qarabağa təsiri”

Cənubi Osetiya ətrafında baş verənlər ölkəmizi də maraqlandırır. Qeyd edək ki, hələ bu ilin iyulunda Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələri mövqelərini dəyişərək sərhəd nişanlarını gürcü kəndləri Tsitelubani və Orçosaniyə yaxın yerləşdiriblər. Nəticədə bu iki kənd Cənubi Osetiyanın nəzarətinə keçib, Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsi rusların nəzarətinə keçən ərazidə qalıb. Bundan əlavə, yeni sərhəd nişanları Azərbaycanı Gürcüstanın Poti limanı və Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli Tiflis-Poti tranzit avtomobil yolunun bir neçə yüz metrliyindədir. Bu isə həmin avtomobil yolunun da faktiki rusların nəzarətinə keçdiyini göstərir.

Cənubi Osetiya Rusiyanın dəstəyi ilə öz ərazilərini Gürcüstanın içərilərinə doğru son bir neçə ildir ki, genişləndirməkdədir. 2008-ci ilin avqust müharibəsindən sonra osetinlər bir neçə dəfə Gürcüstan ərazilərinin içərilərinə doğru irəliləyib və yeni ərazilər tutublar. Abxaziyadan fərqli olaraq, Cənubi Osetiyanın Rusiya ilə birbaşa geniş sərhədi yoxdur.

Bu bölgəni praktiki olaraq Gürcüstan əraziləri mühasirəyə alıb. Sxinvali şəhəri Gürcüstanın nəzarətində qalan ərazilərə xeyli yaxındır və rus qoşunlarını onun effektiv müdafiəsi üçün daha geniş əraziləri tutmağa sövq edir. Ona görə də ruslar cənuba doğru irəliləməklə müdafiə infrastrukturunu inkişaf etdirməklə yanaşı, münaqişə yenidən başlayacağı təqdirdə, onlara əlavə vaxt qazandıran yeni coğrafi dərinlik əldə edir.

Gürcüstanın Avropa Birliyinə inteqrasiya səyləri, Gürcüstan, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın güclənməsi Moskvanı narahat edir. Bu üçtərəfli əməkdaşlıq həm də Gürcüstandan keçən neft-qaz kəmərlərinin və iri infrastruktur layihələrinin birgə müdafiəsinə yönəlib. Indi Cənubi Osetiya Rusiyaya birləşsə, şübhəsiz ki, Bakı-Supsa ixrac neft kəməri üçün daha böyük problem yaranacaq (“Bakı-xəbər”).

Bəs Rusiyanın seçdiyi siyasi kurs Azərbaycana nə vəd edir? Azərbaycan baş verənlərdə hansı mövqeyi tutmalıdır?

Hikmət Hacızadə: “Rəsmi Bakı Gürcüstanın mövqeyini dəstəkləməlidir”

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiyanın Cənubi Osetiyada da Krım variantını həyata keçirmək istəyi ciddi beynəlxalq qalmaqala səbəb olub. Rusiya-Gürcüstan münasibətlərinin onsuz da pis olduğunu deyən H.Hacızadə vurğuladı ki, Rusiyanın addımları birbaşa işğalçılıq siyasətidir: “Başqa bir dövlətin ərazisini özünə birləşdirmək böyük bir qalmaqaldır. Nəyə görə Ermənistan Qarabağı özünə birləşdirmir? Çünki bu addım beynəlxalq hüququn kobud pozuntusu olacaqdır. Hazırda Rusiyanın belə təhlükəli siyasət yürüdəcəyi inandırıcı deyil. Amma Putin indiyə qədər ciddi təəccübə səbəb olan addımlar atıb. Ona görə Cənubi Osetiya ilə bağlı da separat təşəbbüslər edilə bilər”.

Azərbaycanın baş verə biləcək gərginlikdə mövqeyinə gəlincə, H.Hacızadə vurğuladı ki, rəsmi Bakı Gürcüstanın mövqeyini dəstəkləməlidir. Çünki ərazi bütövlüyünə olan qəsd Azərbaycanın maraqlarına uyğun deyil.

Xəyal