Nefti bahalaşdırmaq cəhdləri iflasa uğradı

neftNeft ixrac edən ölkələrin karteli OPEC-in bu kartelə daxil olmayan hasilatçı ölkələrin iştirakı ilə qiyməti bahalaşdırmaq planını müzakirə etmək üçün Vyanada keçirdiyi texniki müşavirə tam fiasko ilə nəticələnib.

Müşavirədə neftin qiymətini 70-80 dollara qaldıra bilmək üçün hasilatı azaltmaq planına Venesueladan başqa dəstək verən olmayıb.

Xatırladaq ki, nefti bahalaşdırmaq üçün hasilatı mərhələlərlə azaltmaq təklifini OPEC-ə daxil olmayan Venesuela irəli sürmüşdü. OPEC bu təklifi kartelə daxil olmayan hasilatçı ölkələrin iştirakı ilə müzakirə etməyə razılaşıb.

Bu məqsədlə Azərbaycan da daxil olmaqla hasilatçı ölkələrin energetika nazirlərinə Vyana müşavirəsinə qatılmaq üçün dəvətlər göndərilib.

Ancaq Azərbaycanın energetika naziri Natiq Əliyev müşavirəyə qatılmaqdan imtina edib. Eləcə də OPEC-ə daxil olmayan ölkələrdən Norveç və Oman da bu müşavirəyə öz nümayəndə heyətlərini göndərməyiblər.

Rusiya, Qazaxıstan, Kolumbiya, Meksika və Venesuela nümayəndə heyətləri müşavirəyə getsə də Venesuela istisna olmaqla qalanlar hasilatı azaltmaq ideyasını dəstəkləmədiklərini əvvəlcədən elan etmişdilər.

Paradoks da olsa, müşavirədə OPEC-ə daxil olan ölkələr də hasilatı azaltmaq ideyasını boykot ediblər.

Venesuelanın təklifini təkcə İranın neft naziri Bijan Zəngane dəstəkləyib, ancaq dərhal da əlavə edib ki, beynəlxalq sanksiyaların ləğvindən dərhal sonra İran neft hasilatını artırmağa hazırlaşır.

Rusiya nümayəndəsi, Yanacaq və Energetika Nazirliyinin departament rəhbəri İ.Qalkin də ölkəsinin hasilatı azaltmaq ideyasına qarşı olduğunu bildirib. Deyib ki, Rusiya heç bir halda hasilatı süni şəkildə azaltmayacaq.

Hasilatı azaltmaq çağırışları OPEC-dən dəfələrlə səslənib. Lakin maraqlı məqam budur ki, kartelə daxil olan ölkələr özləri hasilatı azaltmaq əvəzinə artırıblar.

OPEC-in bazara gündə 30 milyon barrel neft çıxarmasına dair limit müəyyən olunsa da hazırda kartel ölkələri sutkada 31.6 milyon barrel neft satır.

Bu baxımdan Vyana müşavirəsinin nəticəsiz başa çatması neftin daha da ucuzlaşmasına səbəb olub. Müşavirənin ardınca Brent markalı neftin qiyməti 48 dollardan aşağı enib. (virtualaz.org)