eldar-ezizov

Eldar Əzizovun “quduzluq” etirafı

eldar-ezizovIcra başçısı tabeliyində olanları bu xəstəliyə yoluxmamağa çağırıb

Bizim vəzifəli şəxslərin tayı-bərabəri yoxdur. Hamısı xüsusi istedada, bacarığa sahibdilər. Daha doğrusu ölkə başçısının təyinatları, kadr siyasəti “möhtəşəm”di. Dəfələrlə yazmışıq ki, bizim məmurlarda olan yumor hissi ən peşəkar komediya ustalarında da yoxdur. Biri musiqi sədaları altında villa sökdürür, biri deputatlıqdan “kayf” aldığını iddia edir, biri Həcc rekordu vurmağa hazırlaşır, biri havaların yaxşı keçməsi üçün çalışır, biri dünyanı Avropanı Nizami Gəncəvi ilə qorxudur və.s

Bu dəfə isə Sumqayıtdan Səbail rayonuna “transfer” edilmiş Eldar Əzizov maraqlı fikirlər səsləndirib. Sumqayıtın icra başçısı olanda prezidentə 45 metrlik tort bişirtdirən Eldar müəllim, Səbail rayonuna icra başçısı təyin olunandan sonra “quduzluğa” qarşı mübarizə aparmağa başlayıb: “Milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması, eləcə də onlardan bəzilərinin həbsi onu göstərib ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyət onu göstərmişdir ki, cənab prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır. Bu gün bizim əsas prinsiplərimiz cənab prezidentə sadiq olmaq və qudurmamaq olmalıdır. Bu bizə də aiddir, başqalarına da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”- deyə Eldar Əzizov bildirib.

Bildiyiniz kimi “quduzluq” heyvanlara xas olan xəstəlikdir. Hələ qədim dövrlərdə bu xəstəlik itlərdə mövcud olub. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. Indi Səbailin icra başçısı tabeliyində olanları məhz bu xəstəlikdən qorunmağa çalışır. Deməli, prezidentə qarşı çıxmaq quduzluğa yoluxmaq kimi qiymətlənidirilir. Eldar Əzizov demək istəyir ki, MTN-də quduzluq baş veribmiş. Kobud şəkildə ifadə etsək, ümumi kassadan “dişləmək” quduzluğa yoluxdurur. Beləliklə, Səbail rayonunun icra başçısı neqativ halların yolverilməz olduğunu diqqətə çatdırıb.

Amma bir ziddiyyətli məqamı da mütləq yazmaq lazımdı. Belə ki, Eldar Əzizovdan sonra Sumqayıt şəhərinin yeni icra başçısı Zakir Fərəcov təyin olundu. Zakir müəllim elə ilk gündən kəskin tənqidlərlə işə başladı. Müxtəlif qurumların rəhbərlərini bir yerə yığıb iclas keçirdi və məlum oldu ki, şəhərdə tikinti sektorundan tutmuş, nəqliyyat sisteminə qədər bütün sahələr iflic vəziyyətdədi. Bəli, yeni başçı etiraf etdi ki, şəhərdə heç bir iş görülməyib və bütün sahələrdə yeyinti olub. Zakir Fərəcov məlum iclasda hansısa məmura “sizi camaatın əlinə versəm, parçalayarlar” söyləmişdi.

Yəni, Eldar Əzizovun məntiqiylə yanaşsaq Sumqayıtda məlum xəstəlik kütləvi sürətdə yayılıbmış. Görəsən, Eldar müəllim Səbaildə verdiyi nəsihətlərə, Sumqayıtda niyə əməl etmirmiş?

Görünür, Eldar Mahmudovun başına gələnlər icra başçısını bərk silkələyib və bundan sonra ciddi işləməyin vacibliyini dərk edib.

Belə çıxır ki, Eldar Mahmudov vurulmasaydı, quduzluq xəstəliyi ilə mübarizə aparılmayacaqdı. Həm də etiraf olunur ki, məmurlar bu xəstəliyə yoluxa bilir.

Samir